“ATƏT-in rəyini qətiyyətlə dəstəkləyirik. Seçkilər beynəlxalq standartlardan çox uzaq olub”
ABŞ oktyabrın 17-də Azərbaycandakı prezident seçkilərilə bağlı mövqeyini təkrarlayaraq, Əliyev hakimiyyətini baş vermiş bütün qanun pozuntularını şəffaf və etibarlı şəkildə araşdırmağa, ATƏT-in Demokratik Təsisatlar və Insan Hüquqları Bürosunun tövsiyələrini yerinə yetirməyə çağırıb.
“Turan”ın məlumatına görə, ABŞ-ın ATƏT-dəki səfiri Daniel Baerin qurumun Vyanada yerləşən Daimi Şurasına göndərdiyi bəyanatda deyilir:
“Biz Azərbaycan hökumətini ATƏT qarşısında götürdüyü sərbəst toplaşma, birləşmə və ifadə azadlığı kimi öhdəliklərinə hörmət etməyə çağırırıq.
Seçkidən sonrakı dövrdə təmkin göstərmək və zorakılıqdan çəkinməyin vacibliyini xüsusi vurğulayırıq.
Biz Azərbaycan xalqını dəstəkləməyə və Azərbaycan hökumətilə ölkəni beynəlxalq aləmin stabil, çiçəklənən və demokratik üzvünə çevirmək üçün işləməyə hazırıq.
Biz ATƏT-in Demokratik Təsisatlar və Insan Hüquqları Bürosunun missiyasına 2 uzunmüddətli və 25 qısamüddətli müşahidəçi göndərmişik və müşahidə missiyasının seçkinin nəticələrilə bağlı 10 oktyabr tarixli bəyanatını qətiyyətlə dəstəkləyirik.
ABŞ təəssüflə bildirir ki, seçkilər beynəlxalq standartlardan və Azərbaycanın ATƏT qarşısındakı öhdəliklərindən çox uzaq olub.
ABŞ-ın ATƏT-dəki missiyası ATƏT üzvü olan bəzi ölkələrin seçkilərdə ATƏT-in rolunu şübhə altına alan fikirlərindən dərin narahatlıq hissi keçirdiyini bildirir. Narahatlıq doğuran budur ki, Azərbaycan hakimiyyəti ATƏT qarşısında öz öhdəliklərinə və demokratik stnadartlara cavab verə bilmək üçün üzə çıxan problemləri həll etmək əvəzinə, Demokratik Təsisatlar və Insan Hüquqları Bürosunun seçkilərlə bağlı rəyini rədd edir”.