Avropa Birliyinin media orqanı Əliyevə tərif deyən xaricilərin hərəkətini “utancverici” adlandırdı
«Euobserver»: «Avropa Parlamenti və AŞ PA düşünməlidir ki, bu təşkilatları nüfuzdan salan müşahidə missiyalarını göndərməyin mənası varmı?»
Azərbaycandakı seçkidən artıq bir həftə keçib, amma beynəlxalq aləmdə bu mövzu ilə bağlı qaynar müzakirələr hələ də davam edir. Baş vermiş seçki saxtakarlığı bütün dünyada qəzəb doğurduğundan, bu seçkiyə müsbət rəy vermiş adamlar sərt tənqid hədəfinə çevrilib.
Bu mövzuda Avropa Parlamentindəki müzakirələrlə yanaşı, Avropa Birliyinin fəaliyyətini işıqlandıran “euobserver” da Azərbaycandakı seçkiyə loyal yanaşmış avropalı müşahidəçiləri “topa tutan” geniş məqalə dərc olunub. “Avropa Parlamenti deputatlarının Azərbaycandakı seçkiyə biabırçı dəstəyi” başlıqlı məqalədə müəllif Holly Ruthrauff yazır:
***
Avropalı müşahidəçilərin oktyabrın 9-da Azərbaycanda keçirilmiş prezident seçkisilə bağlı qiymətləndirməsi əslində, bu ölkədəki real durumdan kəskin fərqlənir.
ATƏT Parlament Assambleyası, eləcə də ATƏT-in Demokratik Təsisatlar və Insan Hüquqları Bürosu Azərbaycandakı seçkini pislədi. Bu nəticəyə gəlmələrinə əsas səbəblər kimi, namizədlərə bərabər imkanların yaradılmaması, əsas azadlıqların məhdudlaşdırılması, seçicilərin və namizədlərin hədələnməsi, media üzərində nəzarət, eləcə də səsvermə günü prosesin bütün mərhələlərində müşahidə olunan ciddi qanun pozuntularını göstərdilər.
Amma Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasının müşahidəçiləri seçkini təriflədilər. Bildirdilər ki, onlar “azad, ədalətli və şəffaf” seçki müşahidə ediblər.
Adətən birgə missiyaların tərkibində müşahidə aparan beynəlxalq təşkilatların mövqeləri arasında belə kəskin fərq nədən irəli gəlir?
Regionda və ondan kənarda olan başqa diktatorlar kimi Azərbaycan prezidenti Ilham Əliyev də beynəlxalq təşkilatların onun saxta seçkisini tanımasına çalışır. Bu məqsədlə yalançı müşahidəçilər dəvət olunur və onlar da vəziyyətdən asılı olmayaraq, müsbət qiymət verirlər.
Bu cür müşahidəçilərin müxtəlif maraqları ola bilər: siyasi və iqtisadi, hətta Azərbaycanın məşhur kürü hədiyyəsi…
Təəssüf ki, bu cür hallar artıq qlobal xarakter daşımağa başlayır. Açıq-aşkar qeyri-demokratik seçkidə hazırkı qalibə legitimlik qazandırmaq üçün neftlə zəngin Azərbaycan kimi ölkədə bu, tendensiya xarakteri alıb.
Baxmayaraq ki, Avropa Parlamenti və AŞ PA-dan olan müşahidəçilər qrupu saxta deyildi, onlar da qeyri-demokratik seçkini təmizə çıxarmağa çalışdılar.
Halbuki, hər iki təşkilat bu cür xoşagəlməz vəziyyətin yaranmaması üçün BMT-nin beynəlxalq seçki müşahidəçiləri üçün nəzərdə tutulmuş prinsiplər Bəyannaməsini imzalayıb. Bəyannamə müşahidəçilər qrupundan tam həcmli müşahidəçilik fəaliyyəti (bütövlükdə seçki prosesini, o cümlədən səsvermə gününü izləmək) həyata keçirməyi tələb edir.
Mövcud praktikaya zidd olaraq, Azərbaycandakı seçkidə Avropa Parlamenti və AŞ PA müşahidəçiləri ATƏT-in Demokratik Təsisatlar və Insan Hüquqları Bürosundan ayrı bəyanat verdilər.
Avropalı müşahidəçilərin rəyləri arasında bu cür fikir ayrılıqları Əliyevə manevr imkanı yaratdı. Hakimiyyətin nəzarətində olan mətbuat orqanlarında müsbət rəy vermiş müşahidəçilərin fikirləri qabardıldı. Amma daha etibarlı müşahidəçilərin rəylərinə yer verilmədi.
Avropa Parlamenti və AŞ PA-nın bəyanatı açıq-aşkar saxta prosesə legitimlik donu geyindirir və yerli hüquq müdafiəçilərinə, jurnalistlərə və yerli müşahidəçilər üçün risk yaradacaq amilə çevrildi.
Bu cür hallar eyni zamanda, beynəlxalq seçki müşahidəçiliyinin nüfuzunu zərbə altında qoyur.
ATƏT-in Demokratik Təsisatlar və Insan Hüquqları Bürosunun rəyləri daha əhatəli olur. Onların rəyləri mötəbər sübutlara əsaslanır.
Avropa Parlamenti və AŞ PA-nın açıq-aşkar qeyri-demokratik seçkiyə dəstək verməsi utancvericidir və bu təşkilatların dəyərlərinin təhqir edilməsidir.
Seçiciləri narahat etməyə etməyə bilməz ki, onların seçdikləri adamlar başqa ölkələrdəki saxta seçkiyə legitimlik donu geyindirirlər.
Avropa Parlamenti və AŞ PA düşünməlidir ki, bu təşkilatları nüfuzdan salan müşahidə missiyalarını göndərməyin mənası varmı?
Siyasət şöbəsi