Orxan Zeynalov müdafiə olunduğunu deyir; Hadisə həmyerlilərimizi hədəfə gətirib; «Pokrov» bazarı bağlanıb
Xəbər verdiyimiz kimi, Rusiya paytaxtında oktyabrın 10-da 25 yaşlı gəncin qafqazlı şəxs tərəfindən qətlə yetirilməsi yerli sakinlərin etirazına səbəb olub. Qatilin tapılmasını tələb edən yüzlərlə rus milliyyətçisi və “skinhed”lər oktyabrın 13-də Biryulevo rayonunda yerləşən “Biryoza” ticarət mərkəzi və “Pokrov” meyvə-tərəvəz bazasına hücum edərək, ticarət mərkəzində və bazarda çalışan Qafqaz və Orta Asyadan olan miqrantlara hücum edərək onları ölümcül döyüb. Hadisə yerinə xüsusi təyinatlı polis dəstələri yeridilib. “Skinhed”lər polislərə də müqavimət göstərib. Onlar ticarət mərkəzində yerləşən mağazalara, ətrafdakı obyektlərə və avtomobillərə ciddi zərər vurub. Rus milliyyətçilərinin törətdiyi iğtişaşlar nəticəsində xeyli sayda miqrant və yerli sakin yaralanıb.
Orxan Zeynalov vertolyotla Moskvaya gətirilib
Artıq məlum olub ki, Moskva polisi Yeqor Şerbakovun qətlində 1982-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Orxan Zeynalovu şübhəli bilir. Orxan Zeynalov srağagün axşam saatlarında Moskva ətrafı vilayətdə, Kolomna şəhərində saxlanılaraq vertolyotla Moskvaya gətirilib. Son məlumata görə, Orxan Zeynalov artıq qeyri-rəsmi qətl törətdiyini etiraf edib. Rusiya DIN-i Orxan Zeynalovun saxlanılmasına kömək edənə vəd etdiyi 1 milyon rublu onun kirayədə yaşadığı evin sahibinə verəcək. Bu barədə Rusiya DIN-in Moskva üzrə Baş Idarəsinin nümayəndəsinin açıqlamasında deyilir. “DIN-in Moskva üzrə Baş Idarəsinin rəisi Anatoliy Yakunin mükafatın vətəndaşa verilməsi ilə bağlı bütün lazımi sənədləri Rusiyanın daxili işlər nazirinə təqdim edəcək”,- deyə mənbə bildirib.Orxan Zeynalov ötən gün axşam saatlarında Moskva ətrafı vilayətdə, Kolomna şəhərində saxlanılaraq vertolyotla Moskvaya gətirilib.
Rusiya xüsusi təyinatlıları Orxan Zeynalovu saxlayarkən və Moskvaya apararkən yolda ona işgəncə veriblər, ləyaqəti alçaldan hərəkətlər ediblər. Şübhəli Moskvaya çatdırılan kimi birbaşa Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsevin kabindetinə gətirilib. Bu zaman onun qolları arxadan burulmuş şəkildə olub. Son məlumata görə, Orxan Zeynalov artıq qətl törətdiyini qeyri-rəsmi etiraf edib.Rusiya Təhqiqat Komitəsi 1982-ci il təvəllüdlü Orxan Zeynalovun 10 ildən çox Rusiyada yaşadığını, taksi fəaliyyəti ilə məşğul olduğunu və alkoqollu içkiyə meylli olduğunu bəyan edib.
DIN məlumat yaydı
“Azərbaycan Daxili Işlər Nazirliyi və ölkəmizin Rusiyadakı səfirliyi 25 yaşlı Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinən Orxan Zeynalovun cinayət işinin istintaqı ilə yaxından maraqlanır”. Bunu Azərbaycan DIN-in Rusiya Federasiyasındakı nümayəndəsi, polis polkovniki Eldar Səmədov bildirib. Onun sözlərinə görə, cinayəti törətməkdə təqsirləndirilən 1982-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Orxan Zahid oğlu Zeynalov ilkin dindirmə zamanı törətdiyi cinayəti artıq etiraf edib: “Hazırda istintaq gedir. Orxan Zeynalov onu saxlayan hüquq-mühafizə orqanlarının əməkdaşlarına törətdiyi cinayəti etiraf edib. Onunla üzləşmə keçiriləcək. Cinayət baş verən zaman Yeqor Şerbakovun yanında rəfiqəsi olub. Həmin qızla Orxan Zeynalovu üzləşdirəcəklər. Onun qətli içkili vəziyyətdə törətdiyi və digər məlumatlar hazırda Rusiya istintaq orqanları tərəfindən araşdırılır”.
Eldar Səmədov Orxan Zeynalovun Azərbaycan vətəndaşı olduğunu, Şəmkir rayonunun Seyfəli kəndində qeydiyyatda olduğunu da söyləyib: “Qətldə təqsirləndirilən şəxs Azərbaycan vətəndaşı olduğundan, həm Rusiyadakı səfirimiz, həm də Azərbaycanın Daxili Işlər Nazirliyi cinayət işinin istintaqı ilə yaxından maraqlanır. Dünən Moskva Baş Polis Idarəsinin rəisi Anatoli Yakunin tərəfindən Orxan Zeynalovun Azərbaycanda da qətl maddəsi ilə axtarışda olması barədə fikirlər səslənib. Bildirmək istəyirəm ki, bu yanlış məlumatdır. Orxan Zeynalov Azərbaycanda heç bir maddə ilə axtarışda olmayıb”.
Azərbaycan DIN-in nümayəndəsi Orxan Zeynalovun Rusiya hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılması prosesini əks etdirən videogörüntüləri də şərh edib: “Orxan Zeynalov törətdiyi əməli etiraf edib. Onun əməlinə görə Moskvada minlərlə azərbaycanlı hazırda əziyyət çəkir. Biz istintaqın gedişi ilə maraqlanırıq. Əgər Orxan Zeynalovun bu cinayətdə əməli sübuta yetirilməzsə, onda çəkilən videogörüntülərin nümayişi ilə bağlı məsələyə müdaxilə etmək olar. Onun əməli bütün ölkədə rezonansa səbəb olub. Qətlin baş verdiyi rayonun sakinləri ayağa qalxıb. Ayağa qalxan sakinləri sakitləşdirmək lazımdır”.
Eldar Səmədov bildirib ki, Rusiya telekanallarının bu hadisədən şou düzəltməsi anlaşılmazdır: “Belə qətllər çox baş verir. Adi məişət zəminində olan qətldir. Bunu bu dərəcədə telekanallarda təqdim etmək, hər dəqiqədən bir ”Azərbaycan vətəndaşı Orxan Zeynalov tutulub” xəbərini vermək, əlbəttə, başa düşülən deyil. Nəyə lazımdır bunu etmək?! Qətldə şübhəli bilinən tutulub, istintaqı aparılmalıdır. Amma bunu nümayişkaranə şəkildə təkrar-təkrar göstərməyin mənasını başa düşmək olmur”.
Azərbaycanlı sahibkarlar köməksiz vəziyyətdə qalıb
Oktyabrın 13-də Qərbi Biryulevo rayonunda baş verən iğtişaşdan sonra minlərlə azərbaycanlının çalışdığı “Pokrov” bazası bağlı elan olunub. “Rospotrebnadzor” bazanın bağlanması iddiası ilə məhkəməyə müraciət edib. Bazanın bağlanması yüzlərlə azərbaycanlını bazara satmaq üçün gətirdikləri məhsulun xarab olması təhlükəsi ilə üz-üzə qoyub. Hazırda Qərbi Biryulevo rayonunda içi meyvə-tərəvəz məhsulları ilə dolu olan TIR-ların növbəsi yaranıb.
Adının açıqlanmasını istəməyən azərbaycanlı bildirib ki, “Pokrov”da Azərbaycandan olan mal sahibləri köməksiz vəziyyətdə qalıb. Azərbaycandan olan 300 nəfərdən çox ticarətçiyə heç kəs kömək etmir: “Rospotrebnadzor” “Pokrov” bazasını bağlayıb. Bazada bizim mallarımız qalıb. Meyvə-tərəvəz tez xarab olan məhsuldur. Mənim özümün 500 min ABŞ dolları dəyərində malım qalıb. Imkan vermirlər ki, onu bazadan çıxarım. “Rospotrebnadzor” gətirdiyimiz məhsula görə bizdən sənəd tələb edir. Həmin sənədlər barədə biz ilk dəfədir ki, eşidirik. Xaricdən gətirdiyimiz malın bütün sənədləri var. Indiyə kimi nə sənəd tələb olunurdu, hamısı var idi. Indi isə bizdən yeni sənədlər tələb edirlər. Qalmışıq pis vəziyyətdə. Heç kəs bizə kömək eləmir. Bazar rəhbərliyindən də heç kəs yoxdur. Bazarın qapısına kilid vurulub, bir yük maşını da buraxılmır. Deyilənlərə görə, “Pokrov”un rəhbərliyində olan bir nəfəri həbs ediblər, iki nəfər barəsində də axtarış elan olunub. Bilmirik nə edək, kimə müraciət edək”.
Moskva meri: “Meyvə-tərəvəz bazası çox güman ki, açılmayacaq”
Moskva meri Sergey Sobyanin paytaxt əhalisini əmin edib ki, qeyri-leqal miqrasiya və bu sahədə cinayətkarlıqla mübarizə davam edəcək. Sergey Sobyanin moskvalıların bazarlarda, ticarət bazalarında qayda-qanun yaratmaq, qanunsuz miqrasiyanın qarşısını almaq və hüquq-mühafizə orqanlarının fəaliyyətini yaxşılaşdırmaqla bağlı tələblərini anladıqlarını və dəstəklədiklərini, bu istiqamətdə müvafiq addımların atıldığını söyləyib: “Yeqor Şerbakovun qətli xüsusilə ağır cinayətdir, lakin bu fakt provokatorlar tərəfindən talanlar və kütləvi qarışıqlıq yaratmaq üçün istifadə oluna bilməz”.ÿMer Biryulevodakı meyvə-tərəvəz bazasının bağlandığını və çox güman ki, heç vaxt açılmayacağını vurğulayıb.
Bazanın sahibi: “Rusiyadan getmək niyyətimiz yoxdur”
“Pokrov” meyvə-tərəvəz bazasının sahiblərinin bizneslərini satmaq və Rusiyadan getmək niyyəti yoxdur”. Bu barədə “Pokrov” meyvə-tərvəz bazasının daxil olduğu “Noviye Çeryemuşki” QSC-nin fəxri prezidenti Maqomed Tolboev bildirib. M.Tolboevin sözlərinə görə, nə rəhbərlik, nə də QSC-nin sahibləri Rusiyanı tərk etmək niyyətində deyillər: “Heç kəs getməyə hazırlaşmır. Hesab edirəm ki, meyvə-tərəvəz bazası ilə bağlı vəziyyət həll olunacaq və obyekt bağlanmayacaq. Ümid edirik ki, hər şey normal olacaq. “Rospotrebnodzor”un bizə qarşı qaldırdığı iddia ədalətli deyil. Neçə illərdir ki, bura fəaliyyət göstərir, hər şey normal idi. Müntəzəm olaraq yoxlamalar aparılırdı. QSC rəhbərliyi “Rospotrebnodzor”un meyvə-tərəvəz bazasının bağlanması ilə bağlı qərarından məhkəməyə şikayət vermək niyyətindədir”.
Rusiya Təhqiqat Komitəsinin xüsusi nümayəndəsi Vladimir Markin isə “Noviye Çeryemuşki” QSC-nin fəaliyyətinin dayandırılması ilə bağlı qərar verildiyini bildirib. Bazanı icarə götürənlərə məhsulları çıxarmaq üçün iki gün vaxt verildiyini söyləyən V.Markin bazanın rəhbərliyinə qarşı cinayət işi açılması barədə məsələnin müzakirə olunduğunu bildirib. Onu da qeyd edək ki, “Pokrov” meyvə-tərəvəz bazasının icarədarı və bazada çalışanların əksəriyyəti azərbaycanlıdır.
“Orxan Zeynalov Azərbaycanda axtarışda deyil”
“Orxan Zeynalov Azərbaycanda qətl ittihamı ilə axtarışda deyil”. Bu barədə Azərbaycan DIN-in mətbuat xidmətinin rəis müavini, polis polkovniki Ehsan Zahidov APA-nın sorğusuna cavab olaraq bildirib. Onun sözlərinə görə, bəzi Rusiya KIV-də Moskvanın Qərbi Biryulevo rayonunda törədilən qətldə Rusiya hüquq-mühafizə orqanları tərəfindən şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalovun adı hallanır və iddia olunur ki, bu şəxs guya Azərbaycandaÿda qətl hadisəsi törədib: “Əslində isə Azərbaycan Daxili Işlər Nazirliyi tərəfindən belə bir şəxs axtarışa verilməyib və Orxan Zeynalovun Azərbaycanda məhkumluğu da olmayıb. Rusiya hüquq mühafizə orqanları onun barəsində Azərbaycanın Daxili Işlər Nazirliyinəÿbu günə qədər heç bir sorğu göndərməyib. Belə bir müraciət daxil olacağı təqdirdə, sözsüz ki, müvafiq qaydada həmin müraciətə baxılacaq”.
“Amnesty International” bəyanat verdi
“Amnesty International” beynəlxalq hüquq-müdafiə təşkilatı Moskvanın Biryulyovo rayonundakı tərəvəz bazasında 1200-dən çox miqrantların saxlanılmasını pisləyərək, bu tədbirləri nümayiş xarakterli və diskriminasiyanın təzahürü adlandırıb.ÿ”Bir nəfər ehtimal edilən qatilin tapılması üçün mindən çox aidiyyatı olmayan miqrantın saxlanılması kəskin diskriminasiya xarakteri daşıyır, və açıq-aydın qanunsuzdur”. ÿAPA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, bunu “Amnesty International” təşkilatının Rusiya üzrə təmsilçisi Denis Krivoşeyev bəyan edib. “Bu, açıq-aydın nümayiş məqsədilə və bəraət qazandıracaq hər hansı bir səbəb olmadan edilib. Polis bu cür reaksiya verməklə, sadəcə, mövcud olan ksenofobiya meylərini daha da şiddətləndirir”, deyə o əlavə edib. Denis Krivoşeyevin sözlərinə görə, Rusiya hakimiyyəti ölkədə “dərinləşən irqçilik probleminin həlli ilə məşğul olmalıdır” və “cəmiyyətə yanlış siqnal verən” ritorikaya son qoymalıdır. “Amnesty International” Moskvada miqrantlara qarşı nifrət zəminində törədilən cinayətlərin artığını xatırladaraq qeyd edir ki, polis belə halların əksəriyyətinə göz yumur. Hüquq müdafiəçiləri həmçinin miqrantların bir çoxunun onlardan sənədlərini qanunsuz tələb edənÿ”fəallar”ın hücumlarına məruz qaldığını da vurğulayırlar.
“Mən müdafiə olunmuşam”
Oktyabrın 16-da “Rossiya 24″ telekanalının yaydığı süjetdə isə Orxan Zeynalov: ”Mən öldürmək istəmirdim. Biz 3 nəfər idik. Onlar ikisi məni meyit eləmək fikrində idilər”.
Süjetdə qeyd edilir ki, Zeynalovun keçmiş həmkəndlisi, Şimali Biryülevdəki Pokrovski meyvə-tərəvəz bazasının işçisi Əli Məmmədov jurnalistlərlə söhbətində Şerbakovu konflikti qızışdırmaqda ittiham edib. Onun sözlərinə görə, Zeynalov əvvəllər Şerbakovla tanışlığı olmuş qızı evinə ötürürmüş və binanın alaqapısında təsadüfən onunla rastlaşıb. Nəticədə mübahisə yaranıb və o öldürülüb.
Orxan Zeynalovun valideynləri danışdı
“Insan hüquqlarını tapdamaq olmaz, cinayət edibsə, onun cəzasını vermək olar. Ona fiziki təsir göstərmək olmaz. Onu araşdırmaq lazımdır. Ilham Əliyev ilə Vladimir Putinin də əlaqələri, ticarət əlaqələri yaxşıdır. Yəqin, bizim DIN də buna baxır. Cənab prezident də baxır. Qanun çərçivəsində baxsınlar ki, necə baş verib. Haqq tapdalanmasın”.
Bunu isə Orxan Zeynalovun atası Zahid Zeynalov deyib.
AzadlıqRadiosunun məlumatına görə, Zeynalovlar ailəsi oğulları ilə oktyabrın 15-də günorta saatlarında danışıblar. Orxan onunla bağlı söhbətlərin yalan olduğunu deyib.
Anası Yasəmən Zeynalova deyib ki, məhkəmə olmamış, istintaq aparılmamış oğlunun cinayətkar kimi təqsirləndirilməsini izləyə bilmir: “Mənim oğlum tərbiyəli ailədə böyüyüb. Müəllim ailəsiyik. Bu, böhtandır. O orda, mən burda. Mən də xəstə düşmüşəm ki, niyə balamın başına belə iş gəlib? Xəstəyəm. Onu niyə elə vururlar, günahsız yerə döyürlər? Onu oxşadıblar, günahı yoxdur balamın”.