Əliyevlərin gizli biznesi haqda araşdırma yazıları beynəlxalq mükafata layiq görüldü
“Azadlıq” radiosu əməkdaşlarının “Azərbaycanda korrupsiya” adlı silsiləsi 65 araşdırma arasında birinci yeri tutdu
Braziliyada keçirilən Qlobal Araşdırmaçı Jurnalistika Konfransında “Global Shining Light Award”ın qalibləri açıqlanıb. Bu mükafat təhlükə altında aparılan jurnalist araşdırmalarına verilir. Bu il baş mükafata iki araşdırma layiq görülüb. Mükafatçılar dünya üzrə 65 araşdırma içərisindən seçilib. Mükafata layiq görülən araşdırmalardan biri Azərbaycan prezidenti İlham Əliyev və ailəsinin gizli biznesi haqdadır. “Azərbaycanda korrupsiya” adlanan araşdırmanın əsas müəllifi “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılovadır.
Xədicə İsmayılova
Mükafat barədə “azadliq.info”ya açıqlama verən Xədicə İsmayılova bildirib ki, qalib seçilən onun və daha 3 müəllifin əməyi olan seriya araşdırmalardlr. Seriyaya 4 araşdırma yazısı daxildir. Xədicə İsmayılova onlardan ikisinin müəllifi, ikisinin isə həmmüəllifidir. Prezident ailəsinə məxsus “Çovdar” qızıl yatağı ilə bağlı araşdırma “Azadlıq” radiosunun başqa bir əməkdaşı Nüşabə Fətullayeva, ailənin Çexiyadakı biznesinə dair araşdırma isə əcnəbi jurnalistlər Pavla Holtsova və Yaromir Hason ilə birlikdə hazırlanıb.
Mükafat seriya araşdırmaların müəlliflərinin hamısına verilib.
Nüşabə Fətullayeva
Mükafatla bağlı yayılan məlumatda deyilir ki, araşdırmadan sonra X.İsmayılova naməlum şəxslərdən şantaj məktubu almış və ona “özünü yığışdırmayacağı halda rüsvay ediləcəyi” barədə xəbərdarlıq edilmişdi. Amma X.İsmayılova şantaja boyun əyməmiş və prezident ailəsinin gizli biznes əməliyyatları barədə araşdırmalarını davam etdirmişdi. “X.İsmayılova nadir rast gəlinən cəsarət göstərib. O, diktatura şəraitində çalışır və onun korrupsiyanı aşkarlamaq missiyası həyatı üçün təhlükəli ola bilər” – deyə münsiflər qeyd ediblər:
“The Global Shining Light Award”ı Qlobal Araşdırmaçı Jurnalistika Şəbəkəsi maliyyələşdirir. Mükafat 2003-cü ildən verilir.