Vaşinqtonu yola gətirə bilməyən hakimiyyət şantaja əl atdı
Müdafi Nazirliyi ilə Ramiz Mehdiyevin yalan çıxan açıqlamaları arasında hansı əlaqə var?
Ötən gün Azərbaycan və ABŞ arasında diplomatik skandalla tarixə düşdü. Ilham Əliyevin lehinə saxtalaşdırılmış seçkilərin beynəlxalq aləm tərəfindən kəskin tənqidi hakimiyyətdə başqa addımlar atmaq zərurəti yaradıb.
ABŞ-la bir çox istiqamətlərdə hərbi əməkdaşlığa görə münasibətləri yaxşı hesab edilən Müdafiə naziri Səfər Əbiyev fəallaşıb. Ilk addımı Vaşinqtonun Bakıdakı səfiri Riçard Morninqstarla görüşmək olub. O, səfiri dəvət edib və yaydığı açıqlamadan da məlum olur ki, ondan ABŞ-ın bu seçkilərə müsbət rəy verməsini istəyib. Müdafiə Nazirliyinin yaydığı açıqlamada deyilir: “Görüşdə Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı da söhbət olub. Səfər Əbiyev seçkinin ədalətli, demokratik və azad şəraitdə yekunlaşdığını əsas gətirərək, prosesi müşahidə edən beynəlxalq təşkilatların və xarici ölkə nümayəndələrinin bütövlükdə müsbət rəy verdiyini qeyd edib. O, ATƏT-in Demokratik Təsisatlar və Insan Hüquqları Bürosunun, eləcə də ABŞ Dövlət Departamentinin prezident seçkilərilə bağlı qeyri-obyektiv və həqiqətə uyğun olmayan bəyanatlarla çıxış etmələrindən narahatlığını da dilə gətirib…
Səfir deyib ki, seçkilər artıq arxada qalıb, edilən tənqidlər prezident seçkilərinin nəticələrinə təsir göstərmir. Ilham Əliyev qalibdir”.
Bu bəyanatda açıq tekstlə səfirin Ilham Əliyevi qalib elan etdiyi fikri öz əksini tapıb.
Səfirlik təkzib edir
Bu barədə məlumatın yayılması təbii ki, cəmiyyətdə birmənalı qarşılanmayıb. Dünən yayılan bu məlumat elə dünən də təkzib edilib. ABŞ səfirliyi Morninqstarın nazirlikdəki görüşü barədə məlumatlara aydınlıq gətirib. Səfirliyin mətbuat xidmətindən “Azadlıq” qəzetinin sorğusuna cavab olaraq bildirilib ki, bu görüş özəl, diplomatik görüş olub: “Görüş konstruktiv xarakter daşıyıb. Lakin səfir Morninqstara aid edilən fikirlər dəqiq deyil”.
Bu isə o deməkdir ki, ABŞ səfirliyi “seçkilər arxada qaldı” və “Ilham Əliyev qalibdir” bəyanatlarını təkzib edir. Bu həm dünyanın aparıcı dövlətinin Azərbaycanda seçkidən sonra başlanmış prosesə marağının, həm də bu seçkilərin nəticələrinə dair beynəlxalq mandata sahib ATƏT-in müşahidə missiyasının mövqeyini təkrar dəstəkləməsinin ifadəsidir. Həmin mövqedə isə bildirilirdi ki, məntəqələrin 58 faizində seçkilər saxtalaşdırılıb.
Ramiz Mehdiyev şantaj edir?
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev isə günün skandal olaylarına daha tünd bir rəng qatıb. O, səfiri bir tərəfə qoyub, ABŞ dövlətinə birbaşa hücuma keçib. Buna daha çox ittiham da demək olar. Açıq şəkildə deyib ki, ABŞ Azərbaycan hakimiyyətinə saxtakarlıq təklif edib: “ABŞ rəsmiləri bizə təklif etmişdilər ki, Milli Şuranın namizədinə 25 faiz verək, özümüzə 74-75 faiz götürək. Guya, belə səs faizləri qarşılığında ABŞ Dövlət Departamentinin mövqeyi balanslaşdırılmış olacaq, nəticələr fərqli olanda ABŞ-ın qiyməti mənfi olmalıydı. Nəticə bəllidir. Göründüyü kimi, bu, dost məsləhəti deyil, ciddi xəbərdarlıqdır. Belə çıxır ki, biz şəffaf və ədalətli yox, saxta seçki keçirməliydik”.
ABŞ səfirliyi Ramiz Mehdiyevi də təkzib edib. Səfirlikdən “Azadlıq” radiosuna deyiblər ki, belə bir söhbət olmayıb və Mehdiyevin dedikləri sadəcə, yalandır.
Yalanı doğru kimi Azərbaycan ictimaiyyətinə sırımağa çalışan Ramiz Mehdiyevin keçirdiyi seçki də ortadadır. O qədər “şəffaf” bir proses olub ki, günlərdir saxtakarlığı açıb tökən video və foto materiallara baxıb qurtarmaq mümkün deyil. Bunu təbii ki, dünya da görüb. Amma bütün bu yaşananların izahı var. Nə baş verir? Və bu günün sualına hansı cavabı vermək olar?
Alver alınmadı
Səfər Əbiyevin ABŞ səfirini görüşə dəvət etməsində maraqlı məqamlardan biri odur ki, səfirlik bunu “özəl diplomatik görüş” kimi xarakterizə edib. Amma nazirlik özünə rəva bilib ki, bu görüşdə əldə edilməyən nəticəni elan etsin.
Deməli, Azərbaycan hakimiyyətinin bu dəqiqə ən böyük ehtiyacı Qərb dövlətlərindən həlledici mövqeyə malik olanının xeyir-duasını almaqdır. Hətta bu ehtiyac o qədər böyükdür ki, bunu yalandan da olsa, cəmiyyətə ötürmək zərurəti yaranıb.
ABŞ səfirliyinin mövqeyi məntiqlidir. Bu boyda ifşadan sonra heç bir özünə hörmət edən dövlət və diplomatik missiya bu cür saxtakarlığı seçki qələbəsi kimi tanımaz və birbaşa elan etməz. Ona görə də məlum olan budur ki, ABŞ dövləti saxtakarlıq məsələsində alverə getmədi.
Ramiz Mehdiyevin hücumu isə açıq şantajdır və 2003-cü ildə baş verənlərin tamamilə eynisidir. Yenidən ABŞ-ı şantajla neytrallaşdırmaq və saxtakarlığı rəsmiləşdirib hakimiyyəti saxlamaq cəhdidir. Amma səfirliyin hazırkı mövqeyi onu deməyə əsas verir ki, artıq şantaj texnikası işə yaramır. Ramiz Mehdiyev sadəcə, onsuz da pis olan münasibətləri gərginləşdirib.
Seymur Həzi