“Xalqımızın səslərinin qorunması üçün bütün qanuni vasitələrdən istifadə edəcəyik”
Milli Şuranın namizədi Cəmil Həsənli 9 oktyabr prezident seçkisilə bağlı bəyanat verib. Bəyanatda deyilir:
Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı ölkənin bütün istiqamətlərindən kütləvi və aşkar saxtakarlıq faktları haqda məlumatlar alıram. Hakimiyyət bu seçkinin taleyini “həll etdiyini” düşünür və hesab edirəm ki, çox ciddi şəkildə yanılır.
Seçkilərin total şəkildə saxtalaşdırılması xalqın seçim hüququnun kobud şəkildə tapdanması və açıq-aşkar ona hörmətsizlikdir. Bütün saxtakarlıqlar Seçki Qərərgahımız tərəfindən qeydə alınır, yerli və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır. Hazırda karusel əməliyyatlarını sübut edən video və foto faktlar sosial şəbəkələrdə yayılmaqdadır. Düşünürəm ki, artıq seçkinin legitimliyini indidən şübhə altına almaq mümkündür.
Təəssüf ki, bir çox hakimiyyət nümayəndələri saxtalaşdırmada birbaşa iştirak edərək, ən ağır dövləti cinayətin – hakimiyyətin qəsbində iştirak edirlər . Eyni zamanda bəyan edirəm ki, şəffaf və müsbət imicə malik olmayan exit-poll keçirən qurumlara etibar etmək mümkün deyil.
Bəyan edirəm ki, xalqımızın səslərinin qorunması üçün bütün qanuni vasitələrdən istifadə edəcəyik.