Dövlət Departamenti: “Biz azad, ədalətli və şəffaf prosesin təmin olunmasına çağırıq”
ABŞ Dövlət Departamentinin sözçüsü Marie Harf Azərbaycanda 9 oktyabr prezident seçkilərilə bağlı rəsmi mövqe açıqlayıb. O, “Amerikanın səsi” radiosunun müxbiri Scott Stearns-ın sualına cavab olaraq deyib:
“Biz seçki gününə qədər azad, ədalətli və şəffaf prosesin təmin olunmasına çağırmağa davam edirik. Birləşmiş Ştatlar seçki prosesində Azərbaycanda bütün insanların dinc iştirakını təşviq edir, seçki günü və bundan sonra zorakılıq və təhrikə yol verilməməsi, bunun qarşısının alınmasına çağırır. Biz həmçinin rəsmiləri ifadə və sərbəst toplaşmaq azadlıqları kimi fundamental hüquqların təmin edilməsinə çağırırıq. Azərbaycanın beynəlxalq aləmdəki başqa dostları kimi, bir qrup jurnalistə oktyabrın 4-də olan hücuma görə dərin narahatlıq keçiririk (Söhbət Milli Şuranın namizədi Cəmil Həsənlinin Sabirabad seçiciləri ilə görüşü zamanı təxribatçıların etdiyi hücumdan gedir – red.). Seçkidən sonra Birləşmiş Ştatlar seçki prosesinin qiymətləndirilməsi ilə bağlı açıqlama verəcək. Bu həftənin sonu bunun açıqlanacağını gözləyirik”.
Jurnalistin “Azərbaycan hökuməti seçki prosesində azadlıqları təmin edirmi?” sualına isə Dövlət Departamentinin sözçüsü belə cavab verib: “Bununla bağlı bir neçə hesabatın şahidi olmuşuq. Bunlardan biri ATƏT-in bu yaxınlarda seçki prosesində insan hüquqlarının pozulması hallarının qeyd edildiyi hesabatıdır. Fikrimcə, bu hesabatda seçki kampaniyası dövrü həm müsbət, həm də mənfi cəhətləri ilə obyektiv şəkildə əks olunub. Biz rəsmiləri irəliyə doğru addım ataraq, ifadə və sərbəst toplaşmaq azadlıqlarını müdafiə etməyə çağırmağa davam edirik”.