Mandat alverindən tutmuş kürü diplomatiyasına qədər hər şey; Sənədə Ramiz Mehdiyevin də adı salınıb
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Hüquqi Məsələlər və İnsan Haqları üzrə Komissiyasının növbəti hesabatı yayılıb. “Korrupsiya: qanunun aliliyinə təhlükə” adlı hesabat, Avropa üçün liberalların və demokratların ittifaqının (ALDE) üzvü Mailis Repsin məruzəsi əsasında hazırlanıb (“Amerikanın səsi”).
Estoniyalı millət vəkili, məruzəçi Reps hazırladığı 63 maddəlik qətnamə layihəsində Avropa Şurasına üzv ölkələrdəki korrupsiyaya qarşı mübarizə və korrupsiyanın hazırkı vəziyyəti barədə ətraflı məlumat verib.
Hesabatın 34-cü maddəsi bütövlükdə Azərbaycanda məşhur mandat alveri faktına – “Gülərqeyt” qalmaqalına həsr olunub. Qeyd olunub ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bu rüşvət qalmaqalında iştirak edib. Keçmiş deputat Gülər Əhmədovanın Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevdən Ramiz Mehdiyevin adından millət vəkili kürsüsü üçün 1,3 milyon dollar tələb etdiyinə dair videoların yayılması da hesabatda öz əksini tapıb.
Hesabatın 30-cu maddəsində Azərbaycanla bağlı daha bir sıra korrupsiya faktlarına toxunulur. Burada ölkənin məhkəmə və hüquq mühafizə orqanlarındakı korrupsiyadan danışılır. AŞPA-nın Azərbaycan üzrə siyasi məhbuslarla bağlı məruzəçisi olmuş Kristofer Ştrasserin hesabatına istinadla jurnalist Fərəməz Novruzoğlunun hakimiyyət nümayəndələrinin müxtəlif korrupsiya faktlarıyla bağlı məqalələr dərc etdikdən sonra həbs edildiyi qeyd olunur.
Hesabatın 36-cı maddədə isə Azərbaycanın nümayəndə heyətinin Avropa Şurası və AŞPA daxilində apardığı “kürü diplomatiyasına” toxunulur və bu, ölkədəki insan haqları, siyasi məhbuslar üzrə hazırlanmış hesabatlara qarşı istifadə olunan növbəti korrupsiya əməli olaraq diqqətə çatdırılır.
Növbəti dəfə almaniyalı deputat Ştrasserə istinad edilən bu maddədə bildirilir ki, AŞPA-nın müxtəlif ölkələri təmsil edən deputatlarına hədiyyə şəklində ötürülən kürünün əsas məqsədi səsvermədə Azərbaycan hökumətinin istədiyi nəticəyə nail olmaqdır.
Hesabatın 46-cı maddəsində isə Azərbaycanın Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında Konvensiyanı imzalamayan 11 ölkədən biri olduğu bildirilir.
Hesabat Transparency İnternational təşkilatının 2012-ci ilə dair yeni yaydığı “Korrupsiya Qavrama İndeksi” ilə yekunlaşır. Həmin indeksdə 43 Avropa Şurasına üzv ölkə arasında Azərbaycan sadəcə Ukraynanı qabaqlayır və 42-ci sırada özünə yer tutub. Eyni reytinq cədvəlində Azərbaycanın dünya ölkələri sıralamasında 139-cu pillədədir.
Hesabatın yekun layihəsinin AŞPA-nın 30 sentyabr – 4 oktyabr tarixində keçiriləcək payız sessiyasında müzakirəyə çıxarılacağı gözlənilir.