Televiziya qanunsuz bəhanələr gətirərək ödənişli təşviqat vaxtını ləğv etdi
Gülağa Aslanlı: «İTV özü üçün yalan uydurub, indi də onun əsaslandırılmasına çalışır»
Milli Şuranın vahid namizədi Cəmil Həsənli seçki qanunvericiliyinin tələbinə uyğun olaraq Ictimai Televiziyadan ödənişli efir vaxtı almaq istəsə də buna imkan yaradılmır. Belə ki, Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Elman Fəttah və vəkili Məcid Mərcanlı sentyabrın 23-də ödənişli efir vaxtı ayrılması üçün müqavilə bağlamaq məqsədilə ITV-də olublar. Lakin iki saat onları qəbul edən olmayıb. Saat 16-dan 18-dək ITV-də gözləyiblər, ancaq müqavilə bağlayacaq kimsə tapılmayıb: “Bizə dedilər ki, kommersiya şöbəsinin müdiri yerində yoxdur. Bizi saat 18-dək gözlətdilər. Saat 18-də dedilər ki, iş vaxtı qurtardı, gedin sabah səhər gələrsiniz. Məcbur olub geri qayıtdıq”.
E.Fəttah “Yeni Müsavat” qəzetinə açıqlamasında deyib ki, sentyabrın 24-də saat 12-də yenidən ITV-yə gəlib. Bu dəfə isə ona deyilib ki, müqavilə bağlamaq üçün vaxt artıq sentyabrın 23-də bitib: “Məni 1 saat gözlətdilər. Sonra isə Əliabbas adlı direktor müavini bizi qəbul etdi və dedi ki, ödənişli efir vaxtı üçün müqavilə bağlaya bilməzlər. Bildirdi ki, ödənişli efir vaxtı üçün son müraciət vaxtı sentyabrın 23-ü saat 18-ə qədər idi. Mən onun nəzərinə sentyabrın 23-də müqavilə bağlamaq üçün müraciət etdiyimizi və bizi iki saat gözlədib sonra iş vaxtının bitməsi bəhanəsi ilə geri qaytardıqlarını çatdırdım. Xeyri olmadı, dedi ki, müqavilə bağlaya bilmərik”.
E.Fəttah prezidentliyə namizəd Cəmil Həsənlinin ödənişli efir vaxtından istifadə etmək hüququnun ITV tərəfindən açıq-aşkar pozulduğunu bəyan etdi: “Cəmil Həsənliyə ödənişli efir verməkdən açıq-aşkar imtina olunur. Bu, Seçki Məcəlləsinin pozulması, namizədin hüququnun tapdanmasıdır. Biz bu qanunsuzluqla bağlı Mərkəzi Seçki Komissiyasına təcili şikayət ərizəsi təqdim edəcəyik. MSK Cəmil Həsənlinin ödənişli efir vaxtından istifadə etmək hüququnu bərpa etməlidir. Biz Ictimai Televiziyadan bu məsələyə görə məhkəməyə də şikayət verəcəyik”.
Ictimai Televiziya və Radio Yayımları Şirkətinin mətbuat xidməti isə prezidentliyə namizədlər üçün ödənişli təşviqat vaxtı ilə bağlı açıqlama yayıb. Açıqlamada deyilir: “2013-cü il oktyabrın 9-da keçiriləcək prezident seçkilərində qeydə alınmış namizədlərin ödənişli əsaslarla təşviqatı üçün Ictimai Televiziya və Ictimai Radioda ayrılmış efir vaxtı və şərtlərlə bağlı qanunvericilikdə nəzərdə tutulan müddətdə Ictimai Televiziya və Radio Yayımları Şirkəti MSK-ya məktub göndərib ki, ictimaiyyətə məlumat verilsin. Seçki Məcələsinin 81.4-cü maddəsinə görə, seçkiqabağı təşviqatı ödənişli əsaslarla aparmaq üçün ehtiyatda saxlanan əlavə efir vaxtı ilə əlaqədar Məcəllənin 80.4-cü maddəsində göstərildiyi kimi, ödənişli təşviqatdan istifadə hüququ olan subyektlər şirkətə seçkiqabağı təşviqatın başlanmasından sonra bir həftə müddətində müraciət etməli və püşkatma keçirilməli idi. Sentyabr 23-də həmin müddət bitsə də, heç bir təşviqat subyekti tərəfindən Ictimai Televiziya və Radio Yayımları Şirkətinə rəsmi müraciət daxil olmayıb. Şirkət ödənişli təşviqat üçün ehtiyatda saxlanmış vaxtla bağlı hüququ olan subyektlərin müraciət etməməsini nəzərə alaraq, həmin vaxtın yeni tərəfdaşlara satılması barədə müqavilə öhdəliyi götürüb”.
Müsavat başqanının müavini Gülağa Aslanlı qəzetimizə açıqlamasında bildirdi ki, ITV-nin sərgilədiyi mövqe qanunauyğun deyil və təşkilatın əsas kimi göstərdiyi Seçki Məcəlləsinin maddəsinin bu məsələyə aidiyyəti yoxdur: “Artıq Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin Seçki Qərargahı adından rəsmi məktub ITV-yə ünvanlanıb. Məktubda qanunvericiliyin müvafiq müddəaları əksini tapıb. Qanunvericilikdə ödənişli efir vaxtını əldə etmək üçün müraciətlə bağlı hər hansı vaxt məhdudiyyəti qoyulmayıb. Qanunlarda ödənişli təşviqatdan istifadə hüququ olan subyektlərin şirkətə seçkiqabağı təşviqatın başlanmasından sonra bir həftə müddətində müraciət etməli olduqları barədə heç nə yoxdur. ITV özü üçün yalan uydurub, indi də onun əsaslandırılmasına çalışır”.
Xəyal