Azad xalqın iradəsinə əsaslanmayan hökumətlər daim inqilab xofu ilə yaşamağa məhkumdur
“Ərəb baharı”nın diqqət cəlb edən xüsusiyyətlərindən biri onun körfəz ərəb dövlətlərindən əsasən yan keçməsidir. Bəhreyni çıxmaq şərtilə monarxiya üsul-idarəsinə malik heç bir ölkədə ictimai narazılıq dalğası inqilab həddinə çatmayıb. Bəziləri bunu monarxiyaların daha varlı olması, digərləri isə kralların öz təbəələrinin səsini daha çox eşitməsilə izah edirlər.
Elizabet Dikinsonun yazdığına görə isə, körfəz dövlətlərində inqilabın baş verməməsinə əsas səbəb xalqın əhəmiyətli kəsiminin nəhəng dövlət müavinətlərilə ələ alınmasıdır. Bir sözlə, hakimiyyət dairələri xalqı sakitləşdirmək üçün müxtəlif növ dövlət proqramları şəklində ona rüşvət verərək, qazan üstdə qapağı saxlayır.
“Ərəb baharı” həm ilhamverici, həm də ağrılı olub. Amma o, nisbətən dinc körfəz ölkələrində həm də çox bahalı olub”, – deyə Elizabet Dikinson “The New Republic” məcmuəsində yazır. Müəllifin sözlərinə görə, 2010-cu ildə Tunisdə xalq üsyanı başlandıqdan bəri körfəz hökumətləri xərclərini azı 20 faiz artırıb. Varlı hökumətlər vətəndaşlara ev, kredit və başqa növ müavinətlər verməklə, onların könlünü almağa çalışır.
Kralların səxavəti təkcə öz xalqları ilə məhdudlaşmır, həmçinin xaricdə dəstəklədikləri yeni hökumətlərə də şamil olunur. Iyuldan bəri üç körfəz dövlətinin təkcə Misirə verdiyi maliyyə yardımı 12 milyard dollardır.
Səudiyyə Ərəbistanında Kral Abdullah bu il 130 milyard dollar həcmində yeni sosial xərcləmə planıyla çıxış edib. Yeni təkliflər paketinə minimum əməkhaqqının artırılması da daxildir. Kral həmçinin 500 min yeni ev tikilişinə və 60 min iş yerinin açılmasına göstəriş verib.
Küveytdə növbəti 13 ayda hər bir vətəndaşa ayda 3500 dollar və pulsuz ərzaq veriləcək.ÿBütün bunlar Küveyt əmirinə üst-üstə 5 milyard dollara başa gələcək.
Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının borclarını bağışlamaq qərarına gəlib və bu məqsədlə adambaşı 1.36 milyon dollar limit müəyyən edilib.
Əhalisinin rifahına ən çox qayğı göstərən dövlət isə Qətərdir. Burada hökumət səhiyyədən tutmuş, ev, təhsil və pensiyalaradək çox şeyi havayı və bol verir.
Hətta üsyanın qısa müddətə alışdığı və neft resurslarının azaldığı Bəhreyndə də hökumət maaşları 30 faiz qaldırıb. Bəzi müşahidəçilər burada üsyanın baş verməsini məhz neftin və onunla bərabər müavinətlərin azalmasıyla əlaqələndirirlər.
Hökumətlərin ictimai dəstəyi saxlamaq üçün müavinətləri artırması, xalqa imtiyazlar verməsi yenilik deyil. Hətta demokratik dövlətlərdə də siyasi xadimlər seçkilərdə xalqın dəstəyini qazanmaq üçün populyar təkliflərlə çıxış edir, bəzən xalqın ümumi rifahına, sağlam idraka zidd gedərək, elektoratın müəyyən kəsimləri üçün imtiyazlar vəd edirlər. Demokratik ölkələrin monarxiyalardan, ümumən qeyri-demokratik rejimlərdən fərqi odur ki, günün sonunda xalq həqiqi seçim edə bilir və bu seçim periodik xarakter daşıyır.ÿIqtisadi sektorda atılan addımlar müntəzəm siyasi debatın tərkib hissəsi olur.
Amma həqiqi səsvermənin olmadığı məkanlarda bu növ addımlar islahatları yubatmaq, siyasi debatın qarşısını almaq üçün atılır. Hökmdarlar razıdırlar ki, xalqdan soyduqları pulun bir miqdarını onlarla paylaşsınlar, təki, heç kim səsini çıxarmasın, təki var-dövlətin paylaşması qanunlara, toplumun real ehtiyaclarına yox, müstəbidin arbitrar iradəsinə uyğun qaydada həyata keçirilsin.
Bəs niyə körfəz dövlətlərinin atdığı addımları vaxtında Suriya, Misir, Liviya liderləri ata bilmədilər? Yunan filosofu Aristotel hələ eramızdan əvvəl IV əsrdə müşahidə etmişdi ki, oturuşmuş monarxiyalar tiraniyalardan daha üstün siyasi quruluş olurlar.ÿMonarxiyalarda hakimiyyətdə olan qüvvələr hakimiyyətə təkcə varlanmaq üçün fürsət kimi yox, xalq qarşısında ilahi bir missiya kimi baxırlar: “Tiraniya monarxiyanın təhrif olunmuş formasıdır. Hər ikisi tək adamın hakimiyyətidir, amma onlar xeyli dərəcədə fərqlidir. Tiran yalnız öz maraqlarını güdür, kral isə öz təəbələrinin”.
Hər halda, Suriyada Bəşər Əsədin öz xalqına münasibətilə Qətər əmirinin xalqına münasibətləri arasında təzadı anlamağa çalışanda Aristotelin dedikləri məna kəsb edir. Amma tarix göstərir ki, istər monarxiya olsun, istərsə də tiraniya, azad xalqın iradəsinə əsaslanmayan hökumətlər daim inqilab xofu ilə yaşamağa məhkumdur.
Əsgər Möhsümoğlu (“Amerikanın səsi”)