Zaur Qurbanlı: «Biz həm də azadlığın başqaları üçün qazanılmasına da çalışırıq»
“NIDA” Vətəndaş Hərəkatının koordinatoru”. Zaur Qurbanlının ən kiçik və eləcə ən böyük vəzifəsi elə budur. Hərəkatın həbsdə olan 7 üzvündən, ölkədə saysız-hesabsız vicdan məhbuslarından biridir. Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə yüksək balla daxil olan hüquqşünas (zatən bu fakültəyə ya yüksək balla daxil olmalısan, ya da pul verməlisən, üçüncü variant yoxdur – R.D.).
Əsgərlərə göndərdiyi kitablar…
Zaur Qurbanlıyla ilk dəfə yolçuluğumuz Bəxtiyar Hacıyevin ailəsinə baş çəkəndə olub. Onda Harvardın tələbəsi məhbəs həyatı yaşayırdı və biz onun ailəsinə mənəvi dəstək olmaq üçün baş çəkmişdik. Yol boyu dedik, güldük, stressi atmaq üçün Zaur Şəki ləhcəsi ilə lətəfələr danışırdı… bir sözlə, maraqlı insan təsiri bağışladı. Bakıya qayıdanda isə gecə 2-ni ötdüyü üçün bizə gəldi. Səhər isə şəhərə gedəndə paltar dolabının üstünə qoyduğum üç bədii kitabı götürdü.
– Bəy, tez bir zamanda oxuyub qaytaracam.
– Söz verirsən?
– Narahat olma. Uzağı 10 günə kitablar səndə olacaq.
Təxminən belə bir dialoq oldu aramızda. Ona inanırdım və əmin idim ki, kitabları qaytaracaq. Ona görə də yarıyuxulu halda razılıq verdim və kitabları yerinə qoymaq üçün mübahisə etmədim. Və o 10 gün getdi gedər gəlməzə. Kitabları götürəndən sonra bir-iki dəfə şəhərdə görüşdük. “Bir dəfə vaxt edib görüşüb, söhbət edək” dedi. Əlavə etdi ki, o zaman kitabları da gətirəcək. Sonrakı “salam, sağ ol” da isə məlum oldu ki, başqalarından da aldığı kitablarla birlikdə hamısını hərbi xidmətə gedən dostlara göndərib. “Bəy, biz oxuya bilirik, kitab dükanlarına rahat gedirik, ordakılar üçün bu şərait yoxdur. Vaxtları da getmir, imkan ver oxusunlar” deyərək son nöqtəni qoymağa çalışdı. Mənsə nə vaxtsa o kitabları ondan alacağıma elə uşaqların yanında söz verdim.
“Su balıq üçün nədirsə, azadlıq insan üçün odur”
Zaur Qurbanlı çox diqqətcil uşaqdır. Haqqında çoxlu pafoslu, yağlı sözlər yazmaq fikrindən uzağam. Sadəcə bir sözlə bunu demək olar ki, dəyərli bəydir. Təkcə onun həbsdən öncə mitinqlərin birində tutularaq aparıldığı polis bölməsində yazdığı izahat nəyə desən dəyər. Izahatın mətni sosial şəbəkələrdə paylaşılıb. Onu oxuyandan sonra adam yalnız bunu deyir, yeni bir gənclik dalğası gəlir, həm də böyük bir dalğa.
Zaur Qurbanlı məhbəs həyatı yaşayır. Indi o başqa vicdan məhbuslarından daha çox əziyyət çəkir. Talassemiya xəstəsidir, ayağında bir neçə yerdə sınıq var. Hərəkətsizlik onun qənimidir. Ancaq eni və uzunluğu iki-üç metr otaqda qalmasına, ailəsindən, sevdiklərindən, dostlarından ayrılmasına baxmayaraq ruhdan düşmür. Nə üçün mübarizə apardığını, nə istədiyini, niyə zindana getdiyini dərk edir. Hər halda onun içəridən yazdığı məktublar belə deməyə əsas verir.
O, mitinqlərdə olduğu kimi məhbəs həyatında da öndə gedir. Oradan da yazır, oxuyur, mütaliə edir, sözünü deyir.
Zaur Qurbanlı Kürdəxanıdan ilk məktubunda bunları yazır: “Ayaqda qalmaq çətindir burada. Çünki bəzən hər dəqiqəsi keçmək bilməyən müddətin illər olma ehtimalını nəzərə aldıqda bu çətinlik anlaşılar. Bu situasiya bizim üçün ona görə xüsusilə ağırdır ki, biz nəinki insanın təbii vəziyyəti olan azadlıqdan istifadə etmişik, həm də azadlığın başqaları üçün qazanılmasına da çalışmışıq. Su balıq üçün nədirsə, azadlıq insan üçün odur. Sadəcə insan balıqdan daha dözümlüdür. Biz suyun nə olmasını anlayan (və ya anlamaq üçün başqalarından daha çox səy göstərmiş) balıqlarıq. Məhz bu anlayış həqiqətə daha çox yaxınlaşmaqda vəziyyətimizi, ayaqda qalmamızı çətinləşdirir. Amma dözmək olur”.
Dərsə getməkdən imtina edən Zaur
Bir neçə gün öncə Zaurun anası Səkinə xalayla görüşdük. Ordan-burdan söhbət etdik. Söz sözü çəkər deyirlər. Söhbət gəldi Zaurun uşaqlığına çatdı. Səkinə xala sanki övladı yanındaymış kimi onu əzizləyərək maraqlı bir-iki əhvalat danışdı.
Deyir ki, Zaur 4-cü sinifdə oxuyanda bir gün evdə daha məktəbə getməyəcəyini söylədi: “Səbəbini soruşdum. Cavab verdi ki, müəllimi savadsızdır. ”Könlümün sevgili məhbubu mənim, Vətənimdir, Vətənimdir, Vətənim” misrasını müəllim lövhədə yazıb, şeirin müəllifi kimi də Sabiri qeyd edib. Zaur da əsəbiləşib müəllimə deyib ki, onu Sabir yox, Abbas Səhhət yazıb. Güc-bəla ilə onu yola gətirdik. Yalandan dedik ki, müəllim yorğun olub, onu səhvən yazıb. Bu şeir o vaxt 6-cı sinif dərsliyində şagirdlərə keçirilirdi. Ancaq Zaur uşaq vaxtı öyrənmişdi”.
“Hicran” tamaşasında deyildiyi kimi: “Söygü gərək dəxildən gələ…”
Zaurun uşaq vaxtı şeir yazdığını deyən Səkinə xala bildirir ki, kimsə ondan özü haqqında bir misra da yazmağı xahiş edirdi: “Zaurun həmin adamdan xoşu gəlmirdisə, deyirdi ki, yaza bilmirəm. Sonra sakitcə mənə söyləyirdi ki, o yaxşı adam deyil, yaza bilmərəm. Bir dəfə qonşumuz ondan nə qədər xahiş etsə də, xeyri olmadı. Nə ona şeir həsr etdi, nə də bir bənd şeir dedi”.
“Bir dəfə də marşurutla qohumlarımızgilə gedirdik. Avtobusa yaşlı adam minirdisə, Zaur o dəqiqə ayağa qalxırdı. Bir xanım gəldi, bu dəfə ayağa qalxmadı. Ona görə ki, xanım azərbaycanlı olsa da, rus dilində danışırdı. Mən nə qədər qulağına pıçıldadımsa da, xeyri olmadı. Dedi ki, oturduğu yerin pulunu verəcək. Hələ qadına bir neçə dəfə də irad tutdu ki, öz dilində danışsın” – Səkinə xala oğlunun macəralarından söz açır.
Bayraqlar təmiz olmalı, himn ayaq üstə oxunmalıdır!
Səkinə xala onu da deyir ki, Zaur evdə Azərbaycanın və Türkiyənin bayrağını asıb: “Bu bayraqlar üçün ayrıca çamaşır yuyucusu alırdı. Deyirdi ki, o biri paltarı yuyan yuyucu ilə yuma. Ayrı yu və ütülə. Təmiz saxlayırdı. Uşaq vaxtı da televizorda himni eşidən kimi ayağa qalxırdı. Hamımız da ona görə ayağa qalxıb oxumalı idik. Sonra özü təkbaşına əl çalıb oturudu. Evə qonaq gələndə də bizi dümsükləyirdi ki, onu da qaldırın”.
“Zaur ailənin iki uşağından kiçiyidir. Qardaşı da, özü də universitetə yüksək balla daxil olub. Çox ağıllı uşaq idi, hər kəsə hörmət edirdi, qayğısına qalırdı”- Səkinə xala doluxsunmuş şəkildə sözlərini bitirir.
***
Zaur, görüşəcəyik, özü də tezliklə. Hamının yanında söz verdiyim kimi o kitabları səndən alacam. Xüsusən də Markesin “Patriarxın payızı”nı. Bir diktator haqda kitabı…
Ramin DEKO