Boşluq. Boşluq. Boşluq. Hara baxırsan boşluq. Hara gedirsən boşluq. Ölkə başdan-başa boşluqdur. Astaradan Ağstafaya, Bakıdan Balakənədək boşluq. Özümlü kosmik havasızlıqdan boğulmamaq üçün bizə – duyan, düşünən kimsələrə skafandr gərəkdir. Bizlər bu ölkədə – bu boşluq, havasızlıq ölkəsində – yaşamını riskə atan kosmonavtlarıq!
Qarşıdan seçki gəlir – olduqca önəmli bir seçki. Bu seçki əliyevçi rejimin əlli-altmış il geriyə atdığı Azərbaycanı əlli-altmış il qabağa ata bilər – əliyevçi rejimi siyasi arenadan süpürüb atmaqla. Bunu ölkədə çoxları qanır. Ancaq bu qanmağın özündə DƏHŞƏTLI bir qanmazlıq var. Bu qanmaz qanmağın necəliyini eldən gələn bir deyimlə bütünlüklə anlatmaq olar: “Necəsən, qanmayım, atan yansın!” Bu ölkədə indiki ANTIMILLI, ANTIDEMOKRATIK rejimlə bağlı adamın atasını qanmazca yandıran saysız kimsə var. Çoban-çoluq öz yerində, onlarla işimiz yoxdur. Adamı yandıran bizim adına aydın dediyimiz, özlərini “ziyalı” adlandıran, tez-tez də “ziyalı” olduğunu gözə soxan kimsələrdir. Başqaları bir yana, belələri səni haralardasa yaxalayıb özlərinin sevimli, görünür, çağa görə olduqca populyar sorularını işə salırlar: “Axırımız necə olacaq?” Sözsüz, susub dura, üz döndərib gedə bilərsən, ancaq hardasa etik normalar üzündən, hardasa sənə günlər, aylar, illər uzunu od qoyan istəkdən danışmağa girişir, sözü hərləyib-fırlayıb tunelin sonundakı işıq üzərinə gətirib çıxarırsan. Sözünü bitirər-bitirməz eşidirsən: “Bunlar hamısı boş şeylərdir”. Vur məni öldür! Sənin gerçəkçi aydınlatmandan sonra bu adamın (belələrinə adam demək olarsa!) dediyi nədir: “Necəsən, qanmayım, atan yansın!”
Sözü gedən qanan qanmazlar üzündən Sabirin bəlli sözü aktuallığını bu gün də saxlamaqdadır: “Əcnəbi göydə balonlarla üzür, Biz hələ avtomobil minməyiriz!” Biz indi avtomobil minirik. Üstəlik, Azərbaycan avtomobil minənlərin sayına görə çağdaş dünyanın ən qabaqcıl ölkələrindəndir. Ancaq… avtomobil minmək baxımından. Intellekt-uyqarlıq baxımından bizdə boşluqdur – dibi görünməyən bir boşluq. Bakıya sürüylə ən yeni, ən bahalı avtomobillər gətirilir. Kimlər üçün? Böyüklü-balacalı korrupsiya-oğurluq-boşluq yolçuları üçün. Danışdır, kimliklərini bil. Maşınlarından gələn musiqi səslərinə bax, dəyərlərini… dinlə. O musiqi səsləri də bir dəyər diktəsidir.
Bizdə, demək olar, hamı birlikdə, əlbir, dilbir olmaqla boşluq yaradır. Böyük, ölkə boyu, ölkə boyda boşluq. Ölkənin harasına gedirsən, demək olar, hamı, ən azı böyük çoxluq, “Bıçaq sümüyə dirənib, daha belə yaşamaq olmaz, bizə dəyişiklik gərəkdir”, deyir. Demək, bizə nə gərəkdiyini hamı bilir, anlayır, qanır. Ancaq hamı da o gərəkən, ölkəyə hava-su kimi gərəkən dəyişikliklə bağlı atılacaq addımı yalnız birinci addımı deyil, yüzüncü, ən sonuncu addımı da özündən yox, başqasından gözləyir. Hamının özündən deyil, özgələrindən qurtuluş gözlədiyi belə bir ortamda istər-istəməz böyük, dərin, dibigörünməz, sonugəlməz boşluq yaranır. Azərbaycan böyük bir boşuq içində batıb gedən ölkədir. Kitab evləri bomboş, yemək yerləri adamla dopdolu ölkədir Azərbaycan. Ən başlıcası, başçıları kitaba yağı, pula düşkün bir ölkədir Azərbaycan. Bir ölkənin başında pul düşkünləri olursa, o ölkə indiki Azərbaycan kimi olur! Bu bizim itirdiyimiz, yaxın-uzaq düşmənlərimizin tapdığı Azərbaycandır. Putin buna görə rejim üçün belə çətin çağlarda Bakıya gəlmişdi. Qanımıza yerikləyən erməni -ermənilik buna görə “Indiki Azərbaycan hakimiyətinin dəyişməsini istəmirik”, deyir. Bunu Iran deyir, Avropa, Amerika imperializmi deyir. Bunu bütün düşmənlərimiz deyir.
Biz nə deyirik, biz nə istəyirik? Biz dinməz-tərpənməz qalırıq. Bununla da iç-dış düşmənlərimiz üçün olduqca əlverişli boşluq yaradırıq: yeraltı-yerüstü var-yatırla dolu, dopdolu böyük bir Azərbaycan boşluğu!