“Xalqımızın onu saymayan hökuməti ciddi cəzalandırmaq imkanı yaranıb”
“Avtoritar rejimlər yalnız qorxanda, güclü müxalifətlə üz-üzə gələnda xalqı xatırlayırlar”
AXCP sədri Əli Kərimli rəsmi Facebook səhifəsində xalqı Milli Şuranın 18 avqust mitinqinə çağırıb. Çağırışı təqdim edirik:
İlham Əliyevin 2011-ci ildə 400 000-dən artıq sənədsiz evin təcili qaydada mülkiyyət sənədi ilə təmin olunması haqda göstəriş verdiyini xatırlayırsınız? Bəli, o vaxt hökumət Ərəb inqilablarından və müxalifətin elan etdiyi mitinqlərdən narahat olmuşdu. Qorxurdu ki, narazı xalq hamılıqla mitinqlərə qoşular. Ona görə də xalqa çoxlu vədlər verilirdi. Mitinqlər çox da kütləvi alınmayınca hakimiyyət özünə gəldi. Müvəqqəti dayandırdıqları rüşvəti yenidən bərpa etdilər. Sənədləşdirmək vəd etdikləri evləri də başladılar yetərli kompensasiya da vermədən sökməyə. 60 000-dən artıq ailənin evini söküblər. Söküntü işləri seçki kampaniyası günlərində də davam edir. Bütün digər məsələlərdə də xalq unudulub. Indi xalqımızın yenidən onu saymayan hökuməti ciddi cəzalandırmaq imkanı yaranıb.ÿ
Demokratik Qüvvələrin Milli Şurası 18 avqust 2013-cü il tarixində saat 17:00-da Səbayeldə, 20-ci sahədə, sürücülük məktəbinin həyətində “Azad və ədalətli seçkilər!”, “Siyasi məhbuslara azadlıq!” tələbləri ilə mitinq keçirəcək. Mitinq icra hakimiyyəti ilə razılaşdırılıb. Mitinqlərə qoşulmağınız bir tərəfdən ölkəmizi azad ədalətli seçkilərə yaxınlaşdıracaq, digər tərəfdən də müxalifətin güclənməsindən narahat olan hökumət sizi axtaracaq, istəməsə də ayağınıza gələcək, yeni vədlər verəcək. Unutmayın ki, avtoritar rejimlər yalnız qorxanda, güclü müxalifətlə üz-üzə gələnda xalqı xatırlayırlar. Mitinqdə görüşənədək!