Bakı ilə Kreml arasında Nazarbəyovun vasitəçilik etdiyi deyilir
Rusiya prezidenti Vladimir Putinin Bakıya gələn həftənin əvvəlində gələcəyi gözlənir. Səfər gələn həftənin çərşənbə günü – avqustun 14-dək baş tutacaq. Azadlıq Radiosunun məlumatına görə, Rusiya Prezidentinin mətbuat katibi Dmitriy Peskov “Vestnik Kafkaza” saytının müxbiri Fuad Səfərova belə deyib.
Bu, Putinin Azərbaycana prezident kimi 4-cü səfəri olacaq. Sonuncu dəfə o, Bakıda 2007-ci ildə olub, Azərbaycanda Rusiya ilinin açılışına qatılıb.
Səfər zamanı Putinin Azərbaycana Avrasiya Ittifaqına daxil olmaq təklifi edəcəyi gözlənir. Bundan başqa Rusiyadan 1 milyard 600 milyon dollarlıq silah alınması məsələsi də müzakirə olunacaq.
“Azadlıq”a daxil olan məlumatlara görə, Ilham Əliyev hakimiyyəti Rusiya qarşısında böyük öhdəliklər götürüb. Bu öhdəliklərin təfərrüatı bizə bəlli deyil. Lakin bildirilir ki, Ilham Əliyevlə Vladimir Putin arasında vasitəçilik edən Qazaxstan prezidenti Nursultan Nazarbayov münasibətlərin nisbətən istiləşməsinə nail olub. Məhz Nursultan Nazarbayovun vasitəçiliyindən və Azərbaycan hakimiyyətinin Kreml qarşısında öhdəliklər götürməsindən sonra Vladimir Putinin Bakıya səfəri gündəmə gəlib.
Bəs Putinin Bakı səfəri nə ilə nəticələnəcək? Kreml istədiyini Azərbaycandan ala biləcəkmi? Ilham Əliyev Rusiya qarşısında götürdüyü öhdəlikləri yerinə yetirərsə və ya bunun əksi olarsa, nə baş verəcək?
Ekspertlər bu suallara cavabında deyir: “Azərbaycanın Gömrük Ittifaqına və Avrasiya Ittifaqına daxil olması Rusiya üçün müstəsna əhəmiyyət kəsb edir. Putin də məsələni konkret qoyur: Ya Azərbaycan bu qurumlara daxil olmalı, ya da Kreml münasibətlərə yenidən baxacaq. Vladimir Putin Bakıya səfəri ərəfəsində bu məsələləri fundamental səviyyədə həll etməyə çalışacaq. Bakının mövqeyinə gəlincə, Azərbaycan hakimiyyətinin manevr imkanları məhduddur. Hakimiyyətin Qərblə münasibətləri ürəkaçan deyil. Rusiyaya ciddi meyl etmək münasibətləri daha da pisləşdirə bilər ki, bu, hakimiyyət üçün çox pis nəticələr doğurar. Rusiyanın şərtlərini yerinə yetirməmək isə şübhəsiz ki, Bakını Kremlin təzyiqləri ilə üz-üzə qoyacaq. Azərbaycan hakimiyyəti bu cür çıxılmaz vəziyyətə düşüb. Böyük ehtimalla Putinin Bakı səfərində Azərbaycan Rusiya ilə tam razılıq əldə etməyəcək. Müəyyən razılaşmalar ola bilər. Lakin bu münasibətlərin tam olaraq qaydasına düşməsi üçün yetərli olmayacaq”.
Azad