Çağırılmamış qonaqlar Əli Kərimlinin evinə niyə gəlib?
AXCP sədri Əli Kərimliyə qarşı yeni təxribat baş verib. Kənar şəxs və ya şəxslər onun mənzilinə daxil olub. Hadisə avqustun 9-da baş verib. Kərimli ailəsilə birlikdə müəyyən müddətə evdən kənarda olub. Bu zaman kimsə və ya kimlərsə mənzilin qapısını xüsusi üsullarla açaraq içəri girib. Mənzildən heç nə oğurlanmayıb. Bu isə çağırılmamış qonaqların nəsə başqa məqsədinin olduğunu göstərir.
Əli Kərimli “azadliq.info”ya bildirib ki, bir neçə gün qabaq da eyni hal baş verib. Yenə AXCP sədri ailəsilə birlikdə evdə olmadığı vaxt kimsə və ya kimlərsə mənzilə daxil olub.
“Bir neçə gün bundan əvvəl də ailəliklə evdə olmadığımız vaxt qapılarımızın kənar şəxs tərəfindən açılmasının əlamətlərini gördük. Hadisə qısa müddətdə iki dəfə təkrarlandığından qərara gəldim ki, bu barədə ictimaiyyəti məlumatlandırım. Çağırılmamış qonaqların evdə olmadığımız zaman mənzilimdə nə etdiklərini bilmirəm. Amma əminəm ki, bu adamlar xüsusi xidmət orqanları ilə bağlı olub və baş verənlər mənim siyasi fəaliyyətimlə bağlıdır”, – deyə Əli Kərimli bildirib
Hadisənin əlamətlərinə görə demək olar ki, Əli Kərimlinin mənzilinə gizlicə daxil olan(lar) ya ora nəsə qoyublar, ya da dinləyici qurğu yerləşdirib və ya artıq yerləşdirdikləri qurğunu təmir edib, yaxud yerini dəyişiblər.
Baş verənlərlə bağlı hüquq-mühafizə orqanlarının nəsə ağlabatan izahat verəcəyi inandırıcı deyil. Lakin təhlükəsizlik üzrə ekspertlərin rəylərini almağa çalışacağıq.
Xatırladaq ki, AXCP sədrinə qarşı buna bənzər təxribatın üstü bir dəfə də açılmışdı. Belə ki, 2005-ci ilin əvvəllərində onun o zaman Xaqani-33 ünvanda yerləşən iş otağında dinləyici qurğu tapılmışdı. O zaman AXCP sədri xaricdə səfərdə idi və partiyanın təsərrüfat işlərinə baxanlar fürsətdən yararlanıb otağı təmir etmişdilər. Təmir vaxtı isə künclərdən birində, döşəmənin arasında dinləyici qurğu aşkarlanmışdı. Həmin vaxt bu barədə mətbuata, dinləyici qurğu nümayiş etdirilərək, məlumat verilmişdi.
İnformasiya şöbəsi