Samir Şərifovla Abid Şərifov da Qorxmaz Hüseynovla bağlı PA-ya dosye təqdim edib
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovdan Prezident Administrasiyasına dosye göndərildiyini məlumat vermişdik. Həmin məlumatda deyilirdi ki, dosyedə Qorxmaz Hüseynovun korrupsiya əməliyyatları əks olunub. Həmin faktların PA-ya ötürülməsi isə Qorxmaz Hüseynovda ciddi narahatlıq yaradıb. Çünki bu faktların araşdırılması son nəticədə “Azərsu” rəhbəri üçün ciddi problemlər yarada bilər.
Dünən əldə etdiyimiz məlumatlara görə, Qorxmaz Hüseynovla bağlı iki məmur da Prezident Administrasiyasına dosye göndərib. Iddia edilir ki, həmin məmurlar maliyyə naziri Samir Şərifovla, baş nazirin müavini Abid Şərifovdur. Bildirilir ki, “Azərsu”da müdhiş korrupsiya faktlarının olması Samir Şərifovu narahat edib. O, dərhal baş verənləri “yuxarılar”ın diqqətinə çatdırmağı lazım bilib. Samir Şərifovun Qorxmaz Hüseynovu “vurmasının” başqa səbəbləri də var. Lakin bu barədə növbəti saylarımızda məlumat verəcəyik. Abid Şərifova gəlincə, baş nazirin müavini kimi onda Qorxmaz Hüseynovun korrupsiya əməliyyatları barədə xeyli məlumat olub.
Məlumatda iddia edilir ki, artıq Prezident Administrasiyasında Qorxmaz Hüseynovla bağlı tədbirlər görülməsi müzakirə mövzusudur. Söhbət əlbəttə ki, “Azərsu” rəhbərinin “yuxarılarla” razılaşdırılmamış korrupsiya əməliyyatlarına görə hədəfə gəlməsindən gedir. Bu halda adətən məmurlar ümumi “kotyol”dan oğurluq etməkdə ittiham edilir. Prezident Administrasiyasına göndərilən dosyelərdən sonra “yuxarılar”da ciddi şübhələr yaranıb ki, Qorxmaz Hüseynov “kotyol”a “əl gəzdirib”. Əgər bu məsələ təsdqini tapsa “Azərsu” rəhbəri ciddi şəkildə cəzalandırıla bilər.
Bu məsələdə ona himayədarı olan Rövnəq Abdullayev belə yardım edə bilməyəcək. Çünki bundan əvvəl də ARDNŞ prezidentinin başqa bir yaxın adamı eyni ittihamla cəzalandırılmışdı. Söhbət Nizami rayonunun sabiq icra başçısı Mehbalı Əliyevdən gedir. O, vəzifəsindən çıxarılmış və əmlakının bir hissəsini itirməli olmuşdu.
Hikmət