«Şimali Koreya, Kuba və Suriyada olduğu kimi, Azərbaycanda da…»
Azərbaycanda prezident seçkiləri yaxınlaşdıqca bu ölkədəki ağır duruma işıq salan xarici mətbuat orqanlarının sayı da artır. Nə qədər qəribə görünsə də, Ispaniya mətbuatı da Azərbaycandakı vəziyyətə diqqət yetirib. Ispaniyanın “Fronterad” qəzetində Azərbaycan reallıqlarından bəhs edən geniş məqalə yayımlanıb. Məqalədə Əliyevlərin korrupsiyasından tutmuş, mətbuatın problemlərinə qədər bir çox sahələrə toxunulub.
Müəlliflər Marta Arias və Barbara Ayusonun hazırladığı məqalədə bildirilir ki, Azərbaycan Qafqazın Dubayı olmaq iddiasındadır. Üzdə Ilham Əliyev neft-qaz gəlirləri, iqtisadi inkişaf, Olimpiya oyunlarına ev sahibliyi, “Atletiko Madrid”ə sponsorluqla öyünsə də, Xəzər sahilində yerləşən bu Qafqaz ölkəsində durumun sabit olduğu təəssüratı yaransa da, əslində, heç də belə deyil.
Müəlliflər Azərbaycanı Şimali Koreya, Kuba və Suriyaya bənzədir. Qeyd edir ki, adları çəkilən ölkələrdə olduğu kimi, Azərbaycanda da hakimiyyət varislik prinsipilə atadan oğula ötürülüb. Bu ölkədə hakimiyyəti tənqid edən həbsxanaya atılır, seçkidə səslər oğurlanır, insanların mülkiyyəti zorla dağıdılır, əvəzində, zərurət oldu-olmadı ölkə rəhbərinin xoşuna gələn tikililər ucaldılır. “Facebook”da hökumət əleyhinə tənqidi fikir yaymaq həbsxanaya göngərilmək anlamına gəlir. Bu ölkədə hakim sülalənin qaranlıq əməllərini araşdıranların mənzilinə gizli kamera yerləşdirilir, onların evində lentə alınan görüntülər yayılır.
Məqalədə gənc yazar Emin Millinin də fikirlərinə yer verilib, onun da 2009-cu ildə hökuməti tənqid edən satirik videoya görə həbs olunduğu yada salınıb. Qeyd olunub ki, bu həbsin səs-küyü Barak Obama səviyyəsinə qalxıb.
Ispan jurnalistlər yazır ki, Ilham Əliyev Ərəb ölkələrindəki inqilablardan qorxuya düşmüşdü. Həmin dövrdə 19 yaşlı fəal Cabbar Savalanlının “facebook”da hökumət əleyhinə tənqidi yazılarına görə narkotiklə şərlənərək həbs olunmasına da toxunulub. Həmçinin bu işdə Cabbarın hüquqlarını müdafiə etmiş vəkil Anar Qasımlının fikirlərinə də yer verib. Vəkil bildirib ki, Azərbaycanda məhkəmələr müstəqil deyil və hakimiyyətin göstərişilə qərarlar qəbul edir.
Bundan başqa, Azərbaycanda Əliyevlər ailəsinin korrupsiya əməllərini, gizli biznesini ifşa edən jurnalist Xədicə Ismayılovaya qarşı qarayaxma kampaniyası haqda da ətraflı bəhs olunub.
“Əgər Azərbaycanda hakimiyyətdə olanların korrupsiya əməllərindən yazırsınızsa, deməli, cəzalandırılacaqsınız” – bunu isə ötən il zorakılığa məruz qalmış Idrak Abbasov ispan jurnalistlərlə söhbətində deyib.
Azərbaycan hakimiyyətinin “kürü diplomatiyası” da diqqətdən kənarda qalmayıb. Qeyd olunub ki, xaricdəki bəzi deputat və təşkilat rəhbərləri Azərbaycan hakimiyyətinin bu diplomatiyasının təsiri altına düşərək, bu ölkədə baş verənlərə göz yumurlar. Azərbaycan hökuməti neft-qaz və kürü ilə bir çoxlarını susdurmağa nail olur.
“Bununla belə, azərbaycanlılar demokratiya uğrunda mübarizədən geri çəkilmirlər”, – deyə müəllif vurğulayıb.
Məqalədə Azərbaycanda seçkiöncəsi güclənən repressiyalardan da bəhs olunur. Bildirilir ki, Azərbaycanda bu ilin yanvarında proseslər qızışdı, Ismayıllıda insanlar məmur özbaşınalığa etiraz etmək üçün ayağa qalxdı, həmçinin paytaxt Bakıda minlərlə insan meydana axışdı.
Müəllif “Azadlıq” qəzeti ətrafında baş verənlər haqda da ətraflı yazıb. Qeyd edib ki, “Azadlıq”ın ofisi hakimiyyət tərəfindən əlindən alınıb, hazırda qəzet çox ağır şəraitdə fəaliyyət göstərmək məcburiyyətində qalıb. “Azadlıq”ın baş redaktorunun birinci müavini Rahim Hacıyev ispan jurnalistlərlə söhbətində “Azadlıq”a qarşı təzyiqlərdən danışıb.
Sonda qeyd olunur ki, bu ölkədə oktyabrda prezident seçkiləri keçiriləcək.
Siyasət şöbəsi