Qanunsuz tikililərlə bağlı qarşıdurma şiddətlənir
Bir müddət əvvəl məlumat yayılmışdı ki, Bakı meri Hacıbala Abutalıbov qanunsuz tikililərlə bağlı problemin həlli yollarını müzakirə etmək üçün paytaxt rayonlarının icra başçılarını toplayıb. Icra başçılarının qanunsuz tikililərlə bağlı mövqeyi birmənalı olmayıb. Bəziləri tikililərə sənəd verilməsini təklif edib, bəziləri isə bu təklifin əleyhinə çıxıb. Nəticədə toplantıda mübahisə yaranıb.
“Azadlıq” yazmışdı ki, Hacıbala Abutalıbovun qanunsuz tikililərlə bağlı narahatlığının səbəbi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin(ARDNŞ) məhkəmə iddialarıdır. ARDNŞ balansında olan ərazilərdə tikilən qanunsuz evlərin sökülməsi ilə bağlı yüzlərlə iddia qaldırıb. Həmin iddiaların araşdırılması isə bir sıra dəhşətli faktlar üzə çıxıb. Vətəndaşlar bu məsələdə əsasən paytaxt rayonlarının icra başçısını ittiham ediblər.
Hacıbala Abutalıbov da toplantı çağıraraq vəziyyət barədə icra başçılarını xəbərdar edib və bunun nəticəsinin ürəkaçan olmayacağını bildirib. Yeri gəlmişkən, ARDNŞ bu məsələ ilə bağlı bəzi icra başçılarını da məhkəməyə verib. Elə bu səbəbdən də icra başçıları ciddi düşünməyə məcbur olublar.
Məlumatlara görə, artıq onlar da Rövnəq Abdullayevə qarşı birləşib. Və ARDNŞ prezidentinin məhkəmə iddialarına qarşı birgə mübarizə aparmağa başlayıblar.
Icra başçıları artıq çəkinmədən birinci məhkəmə instansiyalarının ARDNŞ-in xeyrinə çıxardığı qərarlardan apelyasiya şikayəti verir və bəzi hallarda prosesi udurlar.
Məlumatlarda bildirilir ki, bu cür davam edəcəyi təqdirdə ARDNŞ prezidentilə icra başçıları arasındakı qarşıdurma daha da dərinləşəcək. Çünki Rövnəq Abdullayev istənilən halda ARDNŞ-in balansında olan qanunsuz tikililərin sökülməsində israrlıdır.
Azad