Vəfa Quluzadə: «Ölkədə vətəndaş müharibəsi baş versə, ondan həmin üsyançılar zərər çəkəcək»
Misirdə “Müsəlman qardaşları”nın hakimiyyətə gəlməsinin bir ili tamam olan ərəfədə yenidən ölkə əhalisi küçələrə axışıb. Etiraz aksiyalarının miqyası günü-gündən genişlənməkdədir. Etirazçılar prezident Məhəmməd Mursini avtoritar idarəçiliyə qayıtmaqda, o cümlədən ölkəni “Müsəlman qardaşları”nın maraqlarına uyğun idarə etməkdə günahlandırır. Milyonlarla insan prezidentin istefasını tələb edir. Mursi isə ona verilən ultimatumu rədd edib.
Hadisələrin gedişi ölkədə gərginliyin hələ bir müddət davam edəcəyini göstərir.
Bir çox ekspertlər isə Misirdə baş verənləri təsadüfi hesab etmir və bunun arxasında müəyyən qüvvələrin dayandığını deyir. Əsas məqsəd isə “Müsəlman qardaşları”nın nüfuzdan salınaraq hakimiyyətdən getməsidir.
Misirdə “Müsəlman qardaşları”nın hakimiyyətə gəlməsinin ABŞ-ın planlarına uyğun olmadığını deyən politoloq Vəfa Quluzadə baş verənlərdə xarici müdaxilənin olduğunu bildirdi: “Qərb Misirdə Əl Baradeyini, yaxud keçmiş xarici işlər naziri, Ərəb Liqasının keçmiş rəhbəri Əmir Musanı hakimiyyətdə görmək istəyirdi. Ona görə baş verənlərdə xarici qüvvələrin təsirini görmək olar. Misirdə əhali olduqca kasıbdır. On minlərlə insan məqbərələrdə, mağaralarda yaşayır. Bu insanları xırda pula ayağa qaldırmaq problem deyil. Mübarəkdən sonra hakimiyyətə gələn ”Müsəlman qardaşları” bir ildə xalqın rifahı üçün heç nə edə bilməzdi”.
Ekspert Misirdə vətəndaş müharibəsinin baş verə biləcəyini də istisna etmir. Hətta Misiri Suriyanın taleyi gözləyə bilər: “Suriya artıq yoxdur. Vətəndaş müharibəsi ölkəni məhv edib. Suriyanın qaymağı olan əhali çoxdan ölkəni tərk edib. Başqaları səhrada çadırda qaçqın kimi yaşayır. Bəşər Əsəd devrilsə, Suriyanın özünə gəlməsinə 30 il lazımdır. Misiri də bu tale gözləyə bilər. Misirin ac camaatı var. Onlara balaca fitva bəsdir ki, Mursi bir ildə sizin üçün heç nə etməyib. Göz qabağında siyasi qüvvə yoxdur ki, desin Mursi filan məsələlərdə səhv edib, biz gəlib əhalinin problemlərini həll edəcəyik. Məqsəd ölkədə vətəndaş müharibəsi törətməkdir. ”Müsəlman qardaşları” hakimiyyətdən getmək istəmir. Onları xalq qanuni şəkildə seçib. Amma Misirin ordusu daxilə yox, xaricə xidmət edən ordudur. ABŞ-ın yardımı, silahı ilə fəaliyyət göstərir. Üstəlik, bütün generaliteti Amerikada təhsil almış adamlardır. “Müsəlman qardaşları” orduya müqavimət göstərər və ölkədə vətəndaş müharibəsi baş verə bilər”.
Ekspertin sözlərinə görə, Misir və Suriya regionda Israilə təhlükə tərədən dövlətlərdir. Bu amil də baş verən hadisələrdə rol oynayır: “Ola bilər əsas məqsəd Misiri məhv etməkdir. Ona görə vəziyyət çox qarışıqdır. Misir xalqı çox gözəl xalqdır. Ancaq indi onların əli ilə ölkələrini dağıdırlar. Əgər ölkədə vətəndaş müharibəsi baş versə, ondan həmin üsyançılar zərər çəkəcək. Varlılar zərər çəkməyəcək, gedəcəklər başqa ölkələrə. Meydana atılanlar isə fəlakətlə üzləşəcək”.
Fizzə