Amerikanın xəbər portalı Azərbaycanı Şimali Koreya ilə müqayisə etdi
İlham Əliyevin xanımı Mehriban Əliyevanın prezidentliyə namizədliyinin irəli sürülməsi hələ də müzakirə mövzusudur. Artıq beynəlxalq media da bu mövzuya diqqət ayırmağa başlayıb. Türkiyənin haberler.com və başqa saytları Mehriban Əliyevanın prezidentliyə namizədliyinin irəli sürülməsi barədə materiallar dərc edir.
Həmin materiallarda birinci ledinin namizədliyi ilə bağlı müxtəlif mülahizələr irəli sürülür. Bundan başqa ABŞ-ın euroasianet.org saytı da bu məsələyə toxunub. Sayt Mehriban Əliyevanın da prezidentliyə namizədliyinin irəli sürüldüyünə diqqət çəkərək Azərbaycanı Şimali Koreya ilə müqayisə edib.
Yada salaq ki, Mehriban Əliyevanın namizədliyi Demokratik Azərbaycan Dünyası Partiyası (DADP) adından irəli sürülüb.Bu məsələ gündəmə gələndən sonra bəlli olub ki, DADP iki qanada ayrılıb. Qanadlardan birinə Fatma Əliyeva, digərinə Əlisahib Hüseynov rəhbərlik edir. Mehriban Əliyevanın namizədliyini Əlisahib Hüseynovun rəhbərlik etdiyi qanad irəli sürüb. DADP-nin “Fatma Əliyeva qanadı” isə Ilham Əliyevin namizədliyini dəstəkləyir və əks tərəfi təxribatda ittiham edir.
Mehriban Əliyevanın namizədliyinin irəli sürülməsi ilə bağlı ekspertlərin yekdil rəyin ondan ibarətdir ki, bu, özfəaliyyət yox, hakimiyyətin ən yüksək səviyyəsində verilmiş razılıq əsasında atılmış addımdır. Bəs Mehriban Əliyevanın namizədliyinin irəli sürülməsi hansı zərurətdən yaranıb? Bununla bağlı isə müxtəlif mülahizələr mövcuddur. Bəzi mülahizələrə görə bu, Qərbin Ilham Əliyevin 3-cü namizədliyinə qarşı olmasından irəli gəlir. Ölkə başçısı “Medvedev variantı”nı həyata keçirmək istəyir.
Başqa bir ehtimala görə isə Mehriban Əliyevanın namizədliyi sadəcə Bakı-Şirvan elektoratını parçalamaq üçün düşünülüb.