Avropa İttifaqından Azərbaycan demokratlarına cavab; Əliyevlə nələrin danışıldığı açıqlandı
Avropa İttifaqı rəhbərləri Azərbaycanın vətəndaş cəmiyyəti fəallarının prezident İlham Əliyevin Brüsselə səfəri ərəfəsində onlara ünvanlanmış müraciətini cavablandırıblar. “Turan”ın məlumatına görə, Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu və Avropa İttifaqı Şurasının prezidenti Herman van Rompeyin adından gələn cavab məktubunda deyilir: “Avropa İttifaqı Azərbaycanda insan haqları, qanunun aliliyi və məhkəmə sisteminin müstəqilliyi məsələlərinə çox ciddi yanaşır. 20 mart 2013-cü ildə dərc olunmuş, 2011-ci ilə aid hesabatda gördüyünüz kimi, Azərbaycan Avropa Qonşuluq Siyasətinin həmin ilə aid olan hesabatında qeyd olunmuş əsas tövsiyələrin yalnız kiçik bir qisminə diqqət yetirib. Bu məsələ Avropa İttifaqında narahatlıq doğurur və Azərbaycanı bir çox konkret tövsiyələrin, o cümlədən Avropa Şurasının “Azərbaycanda siyasi məhbuslar məsələsi” haqqında hesabatının yerinə yetirilməsinə dəvət etmişik.
Həmçinin 2011-ci ilin dekabrında qəbul olunmuş İnsan Hüquqları üzrə Fəaliyyət Planının həyata keçirilməsini davam etdirməyə, sərbəst toplaşma, birləşmə və media azadlığı ilə bağlı qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılmasını davam etdirməyə, jurnalistlərin və fəalların təzyiqə məruz qalması hallarının araşdırılması üçün səyləri artırmağa, məhkəmə sisteminin müstəqilliyini təmin etmək üçün səyləri artırmağa çağırmışıq. İfadə və media azadlıqlarının olmaması ciddi narahatlıq olaraq qalır. Bir neçə jurnalist müxtəlif ittihamlarla həbs olunub. Müstəqil və müxalifətyönlü jurnalistlərin təqibi, təhdidi və onlara qarşı zorakılıqlar 2012-ci ildə də davam edib.
Avropa İttifaqı “Ədalət, Azadlıq və Təhlükəsizlik, İnsan Hüquqları və Demokratiya Alt Komitəsi”nin 2012-ci ilin noyabrında Bakıda keçirilmiş iclası zamanı bu mövqeyi bildirib və Azərbaycan tərəfinə konkret işlər təqdim edib. Biz bütün səviyyələrdə keçirilən görüşlər zamanı öz narahatlığımızı bildirməyə davam edəcəyik.
Daha bir mühüm məsələ olan payızda azad, ədalətli və şəffaf prezident seçkilərinin təşkil olunması da Azərbaycanda Avropa İttifaqı nümayəndəliyi və Brüsseldə Avropa Xarici Siyasət Xidməti tərəfindən yaxından müşahidə olunacaq. Bu baxımdan siz də daxil olmaqla vətəndaş cəmiyyətindən aldığımız informasiya bizim üçün çox faydalıdır və bu, bizi Azərbaycandakı vəziyyətlə bağlı həftəlik əsasda məlumatlandıran Azərbaycan nümayəndəliyi tərəfindən həyata keçirilən işi tamamlamağa kömək edir.
Əmin olun ki, insan haqları, qanunun aliliyi, ifadə və sərbəst toplaşma azadlıqları məsələləri komissar Füle, prezident Barrozu, prezident Van Pompey və ali nümayəndə Eşton tərəfindən əvvəlki aylarda edilmiş səfərlər zamanı həmişə qaldırılıb və bu məsələlər prezident Əliyevin Avropa İttifaqı təsisatlarına son səfəri ərzində keçirilmiş danışıqlar zamanı da müzakirə mövzusu olub”.