200 ailə ev və ədalətli kompensasiya tələbi ilə FHN-i məhkəməyə verib
Iyunun 5-də Şirvan Inzibati-Iqtisadi Məhkəməsində 2010-cu ildə Kür daşqınından ziyan çəkmiş 30 vətəndaşın Fövqəladə Hallar Nazirliyinə qarşı iddiası dinlənilib. Praktiki olaraq məhkəmə heç bir iddianı təmin etməyib. Bu barədə “Kür” qərargahının əlaqələndiricisi Oqtay Güləliyev bildirib.
Hüquq müdafiəçisinin sözlərinə görə, məhkəmə FHN-in maraqlarına xidmət edib. Sabirabad rayonunun Uracalı kəndindən Möhbət Ağayevin işi buna nümunə ola bilər.
FHN onun evinin qəzalı olduğunu etiraf edib, öz saytında Ağayevə ev tikdiyini bildirib. Amma hakim Elxan Əmirəliyev ev tikintisindən imtina barədə qərar verib.
Hakim Rəfael Eyvazov daşqından ziyan çəkənlərin evlərinin ekspertizası barədə vəsatəti rədd edib. Guya xeyli vaxt keçib və FHN-in ekspertizası var. “Bu, dövlət ekspertizası haqqında qanuna ziddir, orda ekspertizanın vaxt müddəti göstərilmir”, – O.Gülalıyev vurğulayıb.
Hüquq müdafiəçisinin sözlərinə görə, məhkəmələr əsassız olaraq iddialara baxılmasını uzadır:”Əvvəllər məhkəmə prosesləri Bakıda uzadılırdı, indi Şirvan məhkəməsində uzadılır. 9 aydır bu işə baxılır”.
“Kür” qərargahının əlaqələndiricisi bu nəticəyə gəlir ki, məhkəmələr zərərçəkənlərin iddiasını təmin etmək istəmir. Növbəti dəfə iddialara 14 iyunda baxılacaq.
Çoxu YAP üzvü olan iddiaçılar partiyanın 7 iyun qurultayının nümayəndələrinə məhkəmədən şikayət teleqramı vurublar.
2010-cu ildə Kür və Arazda daşqın zamanı 30 rayonda ev və təsərrüfatlar ziyan çəkib. Daşqının nəticələrini aradan qaldırmaq üçün dövlət büdcəsindən 460 mln manat ayrılıb. Amma yüzlərlə insan ev və ədalətli kompensasiya ilə təmin edilməyib. 200 ailə FHN, “Meliorasiya və su təsərrüfatı” ASC və rayon hakimiyyətlərini məhkəməyə verib.
Hazırda 114 şikayətə baxılır. Iki iş Avropa Insan Haqları Məhkəməsinə göndərilib. Iddiaçıların hüquqlarını “Kür” qərargahı müdafiə edir.