Siyasi müzakirələrin getdiyi dörd qrup eyni gündə heç bir izah olmadan bağlandı
Dünən səhər saatlarında Azərbaycan internet məkanı üçün şok sayılacaq hadisə baş verib. “Facebook” sosial şəbəkəsində üzvlərinin sayı 200 mini aşan – “XILAS”, “ISTEFA”, “Prezidentə dəstək-2013″, ”Azərbaycana baxış”, “Azərbaycan 2013: Qələbə!” kimi qruplar bir-birinin ardınca bağlanıb. Adıçəkilən qruplar siyasi məzmunu ilə fərqlənirlər. Onlardan “XILAS” və “ISTEFA” müxalifətin, yerdə qalanları isə hakimiyyətin mövqeyini müdafiə edirdi.
“ISTEFA”nın admini Turan Türk mətbuata açıqlamasında qrupun bağlanmasının səbəblərini bilmədiyini deyib. Eyni zamanda, qeyd edib ki, onlar “facebook” rəhbərliyini məhkəməyə vermək məsələsini nəzərdən keçirir.
Azərbaycan Internet Forumunun rəhbəri Osman Gündüz ehtimal edir ki, qrupların bağlanmasına səbəb qaydaların pozulması ola bilər. O, “anspress”ə açıqlamasında bildirib ki, “Facebook”un öz qaydaları var: “Və bu qaydalarda yazılıb ki, ”Facebook” da bir cəmiyyətdir və burada birgə yaşayış qaydalarını pozmamalısan. Yəni, başqasını aşağılamaq, irqi, dini, siyasi ayrı-seçkilik etmək, zorakılığa, ekstremizmə çağırış, qeyri-qanuni hərəkətlər, pornoqrafiya yaymaq bu qaydalara ziddir. Müzakirələr də bu qaydalar çərçivəsində aparılmalıdır. Əks halda, “Facebook”un ixtiyarı çatır ki, müəyyən tədbir görsün. Bu tədbirlərdən biri də həmin qrupların bağlanmasıdır”.
“XILAS” qrupunun adminlərindən biri olan Natiq Ədilov “Azadlıq”a bildirib ki, baş verənlər onlar üçün də hələ müəmmalıdır. O, hələ ümid edir ki, bu “Facebook”un hansısa texniki yenilənməsilə bağlı ola bilər: “Biz ”Facebook” rəhbərliyinə məktub hazırlamışıq. Yəqin ki, yaxın vaxtlarda hər şey bəlli olacaq. Şəxsən mən qrupumuzun bağlanması üçün heç bir əsas görmürəm. Qrupda qaydalar güclü formada həmişə qorunub, təhqir, irqi, milli ayrı-seçkilik, zorakılıq doğuran qeydlərə bağlı olmuşuq”.
Natiq Ədilov deyir ki, qrupların bağlanmasında qaranlıq məqamlardan biri də budur ki, indiyədək onlara heç bir xəbərdarlıqedici bildiriş, məktub gəlməyib.
Mətbuat Şurası internet mediası üzrə komissiyasının üzvü Elnur Baimov isə düşünür ki, belə bir hadisənin baş verməsi təsadüfi haldır və qruplar bərpa olunacaq. “Hər iki istiqamətdə fəaliyyət göstərən qruplar bağlanıb. Yəni, artıq müxalifət-iqtidar söhbəti getmir. Bərpa olunmadığı təqdirdə, Azərbaycanda həm müxalif, həm də iqtidar qruplarını bağlamağın kimə maraqlı olduğu narahatlıq doğuracaq”, – deyə Baimov “anspress”ə açıqlamasında bildirib.
Hikmət