Qalmaqalda Taleh Heydərovun rəhbərlik etdiyi təşkilatın da adı hallanır
Böyük Britaniyada Lordlar Palatasının üç üzvü korrupsiyada – parlamentdəki müəyyən fəaliyyətlərinə görə qanunsuz pul almaqda günahlandırılır. Deputatlar özləri isə bu ittihamları rədd edir.
Hadisə belə olub: “Sunday Times”in jurnalistləri üç deputata müraciət edərək, özlərini lobbi şirkətinin əməkdaşları kimi təqdim ediblər. Onlar deputatlardan Koreya şirkətinə yardım etmələrini xahiş ediblər. Deputatlarla danışıqları isə gizli şəkildə lentə alıblar.
“Sunday Times”in məlumatına görə, söhbət lordlardan Con Lerd, Brayn Makkenzi və Con Kanningemdən gedir. Qəzetin yazdığına görə, lord Kanningem baş nazir Devid Kemeron qarşısında yazılı şəkildə bu şirkət barədə məsələ qaldırmağı təklif edib.
“Siz mənə ayda 10 min funt təklif edirsiz? Gəlin 12 minə razılaşaq”, – deyə məsləhətinə görə “lobbiçilərlə” qiymət danışıqları aparan Kanningem bildirib.
Amma məsələnin üstü açılandan sonra Kanningem deyib ki, guya, məqsədli şəkildə “12 min” rəqəmini səsləndirib. Çünki bunun məhz jurnalistlərin işi olduğunu ehtimal edirmiş.
Adları çəkilən deputatların hər üç onların tərəfindən hər hansı qanun pozuntusuna yol verilmədiyini iddia edir.
Lord Lerd ittihamlara görə istefa vermək məcburiyyətində qalıb. Digər iki nəfərin partiya üzvlüyü isə araşdırmalar başa çatana qədər dayandırılıb.
Başqa bir jurnalist araşdırması çərçivəsində isə BBC-nin “Panorama” verilişinin jurnalistlərilə “Daily Telegraph”ın əməkdaşları gizli kamera ilə lord Lerdin parlamentdə gördüyü işə görə kiminləsə qanorar müzakirəsi apardığını lentə alıb.
Ötən həftə parlamentin Nümayəndələr Palatasının üzvü, Mühafizəkarlar partiyasından deputat olan Patrik Merser analoji ittihamlarla əlaqədar istefa vermək məcburiyyətində qalıb.
Britaniyada qanuna görə, deputatlar parlamentdə gördükləri işə görə gəlir əldə edə bilməzlər.
“Daily Telegraph” qəzeti Britaniya parlamentarilərini müxtəlif lobbi təşkilatlarının təsiri altında olması haqqında material dərc edib. Məqalədə bildirilir ki, parlamentarilər səfər xərclərinin ödənilməsini nəzərə alaraq, hətta ən geridə qalmış ölkələrə belə getməyə hazırdılar.
“Daily Telegraph” Britaniya parlamentarilərlə lobbi işi aparan təşkilatlar arasında “Avropa-Azərbaycan Cəmiyyəti”nin də adını çəkir. Qeyd edək ki, bu təşkilatın rəhbəri fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Taleh Heydərovdur. Qəzet bu təşkilatın Britaniya rəsmilərinin səfərlərinə çəkdiyi xərcləri də göstərib.
Siyasət şöbəsi