İctimai yerlərdə siqaretin qadağan olunması haqda qanun layihəsi niyə müzakirəyə çıxarılmadı?
Milli Məclis yaz sessiyasını başa vursa da, “Tütün və tütün məmulatları haqqında” qanuna əlavə və dəyişikliklər bu dəfə də qəbul olunmadı. Qanun layihəsinin müəllifi olan millət vəkili Musa Quliyev mətbuata açıqlamasında bildirib ki, hər il dünyada siqaretdən minlərlə insan məhv olur. Bu səbəbdən siqaretlə mübarizə vacibdir. Bu məsələ ictimai yerlərdə siqaretə qadağanı aktuallaşdırdığından qanun layihəsinə əlavə və dəyişikliklər etmək zərurəti yaranıb.
Amma deyəsən, bu dəfə də siqaret mafiyası parlamentə qalib gəldi və sözügedən qanun Milli Məclisin heç plenar müzakirəsinə də çıxarılmadı. Bu isə siqaretlə bağlı Azərbaycanda monopolist fəaliyyətin olduğunu deməyə əsas verir. Təsadüfi deyil ki, ölkədə bu sahədə yeganə istehsalçı şirkət “Caspian-Tabakko”dur ki, onun da fövqəladə hallar naziri Kəmaləddin Heydərovun nəzarətində olduğu bildirilir.
Qanun layihəsinin detalları və onun nədən Milli Məclisdə müzakirəyə çıxarılmadığını aydınlaşdırmaq üçün deputat Musa Quliyevlə əlaqə saxladıq. Lakin deputat sözügedən məsələ ilə əlaqədar “Azadlıq”ın suallarını cavablandırmaqdan imtina etdi.
Azad Istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə monopolistlərin bazarda at oynatması nəticəsində mövcud durumun yarandığını deyir. Onun sözlərinə görə, reklam haqqında qanunun qəbulundan 10 il keçməsinə baxmayaraq, hava limanında, paketlər üzərində və s. siqaretin reklamı davam edir: “Hökumətin qəbul etiyi bəzi qanunlar, eləcə də reklam haqqında olan qanun işləmir. Istehlakçıların xeyrinə yönəlmiş bir çox qərarlar işlənməmiş, ölü vəziyyətdədir. Yəni, dövlətin bu sahədə apardığı iş zəruri olsa da, kafi deyil”.
Sosial şöbə