ABŞ-ın nüfuzlu mətbu orqanı Azərbaycan hakimiyyəti üçün lobbiçilik edən amerikalıları da “topa tutdu”
Bugünlərdə ölkəmizdə keçirilən ABŞ-Azərbaycan Forumunda Birləşmiş Ştatlardan gəlmiş xeyli adam iştirak edirdi. Azərbaycanın avtoritar rəhbərinin dəvətilə ABŞ-da müxtəlif vaxtlarda kifayət qədər yüksək vəzifələr tutmuş şəxslərin bu tədbirdə iştirakı geniş rezonansa səbəb oldu.
Bunun başlıca səbəbi Ilham Əliyev hökumətinin beynəlxalq dəstək əldə etmək üçün son dövrlərdə bu tipli siyasi şoular təşkil etməsidir. Azərbaycanda insan hüquq və azadlıqlarıyla bağlı vəziyyətin günü-gündən pisləşdiyi bir şəraitdə ABŞ kimi demokratik ölkədən keçmişdə və ya hazırda vəzifə tutan şəxslərin tədbirdə iştirakı nəinki Azərbaycanda, hətta Vaşinqtonda da kəskin mənfi reaksiyalara səbəb olub. Təsadüfi deyil ki, ölkənin ən nüfuzlu mətbu orqanlarından “The Washington Post” bu məsələyə geniş yer ayırıb.
Müəlliflər Cülyetta Eylperin və Tom Hamburq “Obamanın köməkçiləri üçün təcrübədən istifadə ilə pul qazanmaq imkanı” başlıqlı materialda yada salır ki, prezident Barak Obama hakimiyyətə gələndə lobbiçilərin Ağ evə təsirini kəskin şəkildə azaldacağına söz vermişdi. Vədinə uyğun olaraq, o, keçmişdə vəzifə tutmuş şəxslərin Ağ evdəki qərarların qəbuluna təsir imkanlarını xeyli azaltdı. Bununla belə, müəlliflər onu da qeyd edir ki, cəhdlərə baxmayaraq, lobbi təsirini tamamilə aradan qaldırmaq mümkün deyil.
Məqaləni hazırlayarkən müəlliflər vaxtilə müxtəlif yüksək vəzifələrdə çalışmış, hazırda isə lobbiçilik fəaliyyətilə məşğul olan bir sıra şəxslərin fikirlərinə də yer vermək istəyiblər. Lakin onlar danışmaqdan imtina ediblər.
Konkret Azərbaycanla bağlı məsələyə gəlincə, Obamanın üç keçmiş köməkçisinin Bakıda keçirilən tədbirdə iştirak etdiyi bildirilir. Qeyd olunur ki, Azərbaycanda keçirilən bu tədbirdə keçmiş senator Luqar, müdafiə nazirinin keçmiş köməkçisi Pol Vulfovidts, Demokrat partiyasından Hunoyosa, Cekson Li, Yivet Klark, eləcə də hər iki partiyadan olan indiki və keçmiş vəzifəli şəxslər iştirak edib.
Məqalədə daha sonra yazılıb:
“Tədbirin məhz indi keçirilməsi səbəbsiz deyil. Bu il Azərbaycanda prezident seçkisi keçirilir. Ilham Əliyev hökuməti korrupsiyada və müxalifətçiləri əzməkdə günahlandırılır. Azərbaycan hakimiyyətinin məqsədi Qərb dövlətlərinin ona dəstək verdiyi görüntüsünü yaratmaqdır. Bu arada, Azərbaycanda fəaliyyət göstərən Reportyorların Azadlığı və Təhlükəsizliyi Institutu bəyanatla çıxış edib. Bəyanatda deyilir ki, tədbirin keçirildiyi dövr Azərbaycanda avtoritar rejimin etirazçılara qarşı daha sərt addımların atıldığı dövr kimi xarakterizə olunur. Bəyanatda o da qeyd olunur ki, ABŞ-dan gələn nümayəndə heyəti Azərbaycanın vətəndaş cəmiyyətilə həmrəy olmaq mesajını verə bilərdi, onlar isə bunu etmədi”.
“The Washington Post” eyni zamanda, Amnesty International” beynəlxalq hüquq-müdafiə təşkilatının nümayəndəsinə istinadən yazır ki, Azərbaycanda vəziyyət çox pisdir və hər keçən gün daha da ağırlaşır.
Müəlliflər onu da qeyd edir ki, Obamanın keçmiş köməkçiləri olmuş Gibbs, Messina və Plaf öz aralarındakı yazışmalarda Ağ evin keçmiş rəsmilərindən olan Bauyerlə məsləhətləşərək, konfrans vaxtı çıxışlarında Azərbaycanda insan haqları sahəsindəki problemlərə toxunacaqlarını razılaşdırıblar. Amma sonradan Plaf bildirib ki, o, çıxışı zamanı Azərbaycanda demokratiyanın gənc olduğunu qeyd etməklə, daha çox iş görülməsinin vacibliyini vurğulayıb.
Müəlliflər onu da əlavə edir ki, onların hər üçü Bakıdakı tədbirdə iştirak üçün nə qədər pul aldıqları haqda sualı cavablandırmaqdan imtina ediblər.
“2008-ci ildə Obamanın seçki kampaniyasına rəhbərlik etmiş Plaf 2009-cu ildə Bakıda çıxışına görə 50 min dollar qonorar almışdı. ABŞ mətbuatındakı kəskin tənqidlərdən sonra o, bu vəsaiti demokratiyaya dəstək fondlarından birinə keçirmişdi”, – deyə “The Washington Post” xatırladır.
Siyasət şöbəsi