Bakı-Tbilisi-Qars layihəsinin dayandırılması siyasi məsələdir, yoxsa…
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun inşasının mayda bərpa olunacağı vəd edilsə də, bu baş tutmadı. Hələlik daxil olan ziddiyyətli məlumatlar işlərin davam etdirilməsində problemin olduğundan xəbər verir. Plana görə, işlər 2014-cü ilin sonlarında başa çatmalıdır. Layihə 2012-ci ilin sonundan, Gürcüstanda Bidzina Ivanişvili koalisiyasının hakimiyyətə gəlişindən sonra ləngiməyə başlayıb.
Yeni hökumət layihənin 220 milyon dollardan 775 milyon dollaradək bahalaşmasını şübhə altına alıb. Bu məsələ ötən ilin sonlarında baş nazir Ivanişvilinin prezident Ilham Əliyevlə görüşündə də qaldırılıb. Azərbaycan Gürcüstan hissəsinin tikintisi üçün 2007-ci ilin fevralında Dövlət Neft Fondundan 775 milyon dollar məbləğində kredit nəzərdə tutub.
Türkiyənin Cümhuriyyət Xalq Partiyasından deputat Ensar Öğüt bildirib ki, 2013-cü ildə dəmir yolunun bərpası proqramı baş tutmayıb və bunun hətta 2014-2015-ci illərdə mümkün ola biləcəyi də şübhəli görünür.
Bəs, Bakı-Tbilsi-Qars dəmir yolunun inşası niyə dayanıb?
Bəzi ekspertlər bunu siyasi qərar kimi qiymətləndirir.
«Gürcüstan kredit şərtlərinin daha da yüngülləşməsinə nail olmaq istəyir»
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə hesab edir ki, bu, Gürcüstan hökumətinin Azərbaycandan aldığı kredit faizlərində yumşaltma yaratmaq məqsədi ilə atdığı addımdır. “Ivanaşvili hökuməti bunu belə şərh edir ki, əvvəlki hökumət yüksək şərtlərlə razılaşıb, bu isə ölkə iqtisadiyyatına ziyan vura bilər. Eyni zamanda hesab edirlər ki, dəmir yolunun keçdiyi ərazidə relyef çox mürəkkəb olduğundan əlavə xərclər yaranacaq və s. Düşünürəm ki, hər iki ölkənin iqtisadiyyat nazirinin Qəbələdə keçirdiyi görüşdə məsələnin bütün detalları müzakirə olunub. Çünki bu layihə Azərbaycan və Gürcüstan üçün çox önəmli layihədir”.
Məsələnin siyasi tərəfinə gəlincə, ekspert bildirdi ki, inanmıram Ivanaşvili belə bir təhlükəli oyuna girsin: “Hansısa daxili maraqlara görə Ivanaşvilinin Azərbaycanla münasibəti pozacağına inanmıram. Ivanaşvili gözəl bilir ki, Gürcüstana əsas maliyyə axını Azərbaycandan gəlir”.
«Bu, ölkə daxilindəki siyasi qruplaşmaların mübarizəsinin təzahürüdür»
“Borçalı” cəmiyyətinin sədri Zəlimxan Məmmədli bildirdi ki, bu daha çox ölkədaxili siyasi qruplaşmaların mübarizəsinin təzahürüdür: ”Siyasi qruplaşmalar iqtisadi layihələr üzərində nəzarəti ələ keçirmək istəyir. Həm Saakaşvili, həm də Ivanaşvili seçkilərə hazırlaşır. Hər iki cinah bu layihələri siyasi kapital hesab edir və onun uğrunda mübarizə aparır. Ölkədə siyasi orientasiyada dəyişiklik olmasa da, siyasi kaprizlər var. Bu layihənin dayandırılması nə Azərbaycana, nə də Gürcüstana sərfəlidir. Hər üç ölkə bu layihədə maraqlıdır və gec də olsa layihənin inşası başa çatdırılmalıdır”.
Ilham Hüseyn