Nazir xaricdə təhsil proqramında ABŞ ali məktəblərinin 3-ə endirilməsini “texniki səhv” adlandırdı
«Dövlət hesabına Azərbaycan gənclərinin xaricdə təhsil almaları məqsədi ilə seçilmiş ali təhsil müəssisələrinin siyahısında dəyişiklik texniki səhvdən baş verib». Bunu mayın 25-də Şirvanda bölgə sakinlərini qəbul edən təhsil naziri Mikayıl Cabbarov jurnalistlər üçün keçirdiyi brifinqdə deyib:
«Texniki səhvə görə, Amerika Birləşmiş Ştatlarının dövlət unversitetlərinin sayı bu il azaldılmış kimi görünüb. Amma bu, qeyd etdiyim kimi, sadəcə texniki səhvdir və 2013-2014-cü tədris illəri üçün keçən il tətbiq olunan siyahı tam şəkildə qüvvədə qalır. Səhv eləmirəmsə, keçən il 72 ali təhsil müəssisəsi və unversitet qeyd olunmuşdu və həmin siyahı dəyişilməz olaraq bu il də tətbiq olunacaq. Təbii ki, biz istənilən tək bir dövlətin ali təhsil ocaqları ilə məhdudlaşmırıq. Bu, həm Qərbi Avropa, həm MDB, həm Asiya ölkələri və bir sıra digər regionların unversitetləri ola bilər».
Qeyd edək ki, «Azərbaycan gənclərinin xaricdə təhsil almaları məqsədi ilə seçilmiş ali təhsil müəssisələrinin siyahısı» Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın 48 saylı, 15.05.2013-cü il tarixli sərəncamı ilə təsdiq olunmuş və www.xaricdetehsil.edu.gov.az saytında yerləşdirilmişdi. Siyahı ictimai narazılığa səbəb olmuş və məsələ ilə bağlı ABŞ-ın Azərbaycandakı səfiri Richard Morningstar “Azadlıq” radiosuna verdiyi müsahibədə heç nə anlamadığını və bununla bağlı tezliklə təhsil naziri ilə görüşəcəyini demişdi. Siyahı artıq saytdan götürülüb.