Əyyub Kərimov: «Gülər Əhmədova məhkəmədən keçəcək. O nə deyəcək, nə edəcək… hamısı boş söhbətdi»
“Ən azı avqustun 8-nə qədər Gülər Əhmədova barəsində mətbuata məlumat verilməyəcək. Bu barədə onun özü bizə bildirib ki, haqqında jurnalistlərə heç bir məlumat verməyək. Biz də müvəkkilimizin istədiyi kimi hərəkət etməyə borcluyuq. Ona görə də media əhli bizdən inciməsin” – bu sözləri keçmiş deputat Gülər Əhmədovanın vəkili Raqif Mustafayev deyib.
Gülər Əhmədovanın vəkillərinə avqust ayına qədər mediaya danışmağı qadağan etməsi təsadüfi deyil. Birincisi, avqust ayının 8-də Gülər Əhmədova barəsində seçilən həbs-qətimkan tədbir başa çatır. Sabiq deputat buna kimi unudulmasını istəyir. Çox güman ki, onunla bağlı məsələnin gündəmdən düşməsi həbsdən çıxmasına yardımçı ola bilər. Ikincisi, avqust ayında seçki kampaniyası başlayır. Gülər Əhmədova bununla həm də hakimiyyətə mesaj verir. Yəni avqustun 8-də onun barəsində həbs-qətimkan tədbiri dəyişməsə, Gülər Əhmədova danışa bilər. Seçki kampaniyası dövründə sabiq deputatın şok açıqlamalar verməsi isə hakimiyyət üçün şok effekti yarada bilər.
9
Hüquqşünas Əyyub Kərim deyir ki, Gülər Əhmədovaya ittihamlar verilib, bu ittihamlarla məhkəmə qarşısına çıxarılacaq: “Gülər Əhmədova məhkəmədə nə danışacaq, nə deyəcək… bunu özü bilər. Artıq Elşad Abdullayevin videoları ilə əlaqədar məhkəmə hökmü var. Baş nazirin müavininin köməkçisi Vaqif Hüseynin məhkəməsi oldu və cəza elan olundu. Yəni Gülər Əhmədova da məhkəmədən keçəcək. O nə deyəcək, nə edəcək hamısı boş söhbətdi. Istintaq Gülər Əhmədovadan heç qorxmur. O, sadəcə blef edir. ”Mənim ağzımı açdırmasınlar”, “əlimdə heç bir kompromat yoxdur”, “prezidentə sadiqəm” kimi çıxışlar etməsi, xəstəliklə bağlı xəbərlərin yayılması buna hesablanıb. Hesab edirəm ki, məhkəməsi də olacaq. Keçmiş deputat kimi qorxudur? Gülər Əhmədova keçmiş səhiyyə naziri Əli Insanovdan açıq danışmayacaq ki?”.
Ramin DEKO