Sumqayıtda və hava limanında isə metro tikintisi nəzərdə tutulmayıb
Bakıda 2016-cı ilədək “Xətai” – “Həzi Aslanov” – “Köhnə Günəşli” – “Təzə Günəşli” xətti istifadəyə veriləcək. “Trend”in məlumatına görə, bunu jurnalistlərə Bakı Metropoliteninin rəisi Tağı Əhmədov bildirib.
Əhmədovun sözlərinə görə, köçürmələr tez aparılacağı, işlər sürətli gedəcəyi təqdirdə, bu stansiyaların tikintisi 2016-cı ilədək yekunlaşacaq.
“Əsas işlərdən biri ”Həzi Aslanov” stansiyasından Köhnə Günəşli və Yeni Günəşliyə xətlərin salınmasıdır”, – deyə o qeyd edib.
Tağı Əhmədov onu da bildirib ki, “Papanin” adlanan ərazidə stansiya tikiləcək, artıq yer verilib: “Heydər Əliyev adına Idman Konsert Kompleksinin yanında da artıq yer verilib, orada da stansiya tikiləcək. Heydər Əliyev Sarayının arxasında stansiya tikilməsi üçün yer ayrılıb – o stansiyadan birbaşa Qış bulvarına keçid olacaq. Yeraltı keçid yerüstü parka paralellik təşkil edəcək”.
Tağı Əhmədovun sözlərinə görə, sonra Beynəlxalq Dəniz Limanına, oradan Keşləyə, oradan isə Suraxanı dairəsinədək metro xətti çəkiləcək: “Artıq yeni stansiyalarımız 140 metrlik, yəni 7 vaqonluq olacaq, tunellərimiz 5,5 metr deyil, 6 metrlik olacaq. Ən önəmli işlərdən biri də bunların hamısını – 19 kilometr yol və 73 stansiyanın inşasını 2030-cu ilədək başa çatdırmaqdır. Bu, qarşıya qoyulan öhdəlikdir və yerinə yetiriləcək”.
Əhmədov deyir ki, Mıtişi zavodundan gətirilən qatarların mayın 26-na kimi istismarı davam etdiriləcək: “Maşinistlər öyrənir. Biz öz kadrlarımızı göndərmirik. Maşinistlər öyrəniblər. ”Avtovağzal” – “Memar Əcəmi 2″ stansiyası təhvil veriləndə həmin vaqonlardan istifadə olunacaq. Yeni vaqonlar kondisionerlə təchiz olunub, daha genişdir, paslanmayan materiallardan hazırlanıb və müasir 4-cü nəsil vaqonlardır. Gələn il ən azı 15 vaqon işləyəcək. Stansiyalar təhvil verildikcə vaqonların sayı da artacaq. Təzə vaqonlar elektrik enerjisinə qənaət edir.
Prezidentin tapşırığı ilə Bakı şəhəri daxilində tıxacların qarşısını almaq üçün tez bir zamanda metrostansiyaların sayı artırılmalıdır. Stansiyaların layihələndirilməsində hər 900 metrdən metrostansiyanın olması nəzərdə tutulub. Bakı şəhərində olanlar hər bir yerdə metro ilə qarşılaşacaqlar. Ikimərtəbəli metro da olacaq, bir-birinin altından keçən tunellər də olacaq. Bu işlərin hamısı 2030-cu ilədək başa çatdırılacaq”.
Tağı Əhmədov əlavə edib ki, Sumqayıtda və Heydər Əliyev Beynəlxalq Hava Limanına metronun tikintisi nəzərdə tutulmur.