İlham Əliyev niyə PA rəhbəri barədə yaranmış rəylərin üstündən xətt çəkdi?
İlham Əliyevin Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevi doğum günündə “Şərəf” ordeni ilə təltif etməsi “boz kardinal”ın rəqiblərini məyus edib. Hakimiyyət daxili mənbələrdən sızan məlumatlara görə, xüsusilə hakimiyyətdəki Paşayevlər qruplaşması ölkə başçısının bu təltifindən pəjmürdə olublar.
Məlumat üçün deyək ki, Paşayevlərlə Ramiz Mehdiyev arasında uzun müddətdir intriqa mövcuddur. Bunun kökündə hakimiyyətə bütövlükdə nəzarət iddiası dayanır. Paşayevlər son vaxtlar Ramiz Mehdiyevə xeyli sarsıdıcı zərbələr vura bilmişdilər. Xüsusilə Elşad Abdullayevin video bombaları Ramiz Mehdiyevi “vurmaq” üçün göydəndüşmə fürsət idi. Elşad Abdullayevin videoları və açıqlamalarından sonra hətta PA rəhbərinin istefa verməsi gündəmə gəlmişdi.
Elə bu səbəbdən idi ki, hakimiyyətdə Ramiz Mehdiyevin dəstəyilə vəzifə tutan, deputat olan şəxslər belə “boz kardinal”ı təbrik etməyə tələsmirdilər. Paşayevlərin hədəfinə gələ biləcəklərini düşünən bu şəxslər Ilham Əliyevin PA rəhbərinin doğum gününə hansı münasibət sərgiləyəcəyini gözləyirdilər. Yeri gəlmişkən, “Azadlıq” ötən saylarında bu barədə yazıb. Ölkə başçısının Ramiz Mehdiyevi təltif etməsindən sonra isə Ramiz Mehdiyevə arda-arda təbriklər gəldi.
Məlumatlara görə, Ramiz Mehdiyevin yaxın ətrafı bunu PA rəhbərinin rəqibləri üzərində qələbə kimi dəyərləndirirlər.
Gələn xəbərlərdə o da bildirilir ki, Ilham Əliyevin Ramiz Mehdiyevə xoş münasibəti heç də səbəbsiz deyil. Hələ bir müddət əvvəl bildirilirdi ki, hakimiyyət qarşıdan gələn prezident seçkisilə bağlı Qərblə razılığa gələcəksə, Ramiz Mehdiyev istefaya göndəriləcək. Ardınca görüntü üçün müəyyən islahat xarakterli addımlar atılacaq. Əks-təqdirdə seçkini ənənəvi qaydada keçirmək üçün Ramiz Mehdiyevə ehtiyac duyulacaq. Proseslər göstərir ki, Ilham Əliyev Qərblə anlaşa bilmir. Əksinə münasibətlər getdikcə gərginləşir. Ilham Əliyevin son müsahibəsində Rusiyaya jest etməsi, ABŞ dövlət katibinin müavini Tomas Meliyanın Bakı səfəri ilə bağlı açıqlamaları dediklərimizə nümunə sayıla bilər. Görünür, Ramiz Mehdiyev yenə də Ilham Əliyevə lazımdır. Ona görə də ölkə başçısı PA rəhbərini təltif etməklə onun artıq hakimiyyətdə nüfuz sahibi olmadığı və tezliklə istefaya göndəriləcəyi barədə rəylərin üstündən xətt çəkib.
Azad