Elşad Abdullayevə görə daha bir şəxs tutuldu
Sabiq deputat Gülər Əhmədovanın intihara cəhd etməsi barədə məlumat yayılıb. “Aznews.az”ın yaydığı məlumatda deyilir ki, Gülər Əhmədova aprelin 17-i gecə intihara cəhd edib…
Sabiq deputat vəkili Raqif Mustafayev vasitəsilə ona bu barədə ünvanlanan suala cavab verib. “Islama görə, intihar edənin məkanı cəhənnəmdir. Hər namazımda Allahdan məni əməl dəftəri sağ əlinə verilənlərdən olmağımı təvəqqe edirəm. Mən heç vaxt intihar etməyəcəyəm. Bunu gözləyənlərin arzusu ürəyində qalacaq. Ölüm Allahın əmridir. Zamanı çatanda hamı Allahın dərgahına yollanacaq. Amma həyatı çox sevirəm. Hələ oğullarımın toyunu görmək, nəvələrimi böyütmək arzusundayam. Inşallah, hər şey aydınlaşacaq. Kimin kim olduğunu Allah öz qeybindən bildirəcək”, – deyə Gülər Əhmədova bildirib.
Dünən səhər saatlarında isə Binəqədi rayon polis idarəsinin əməkdaşları Nəsimi rayon ərazisində ABU-nun keçmiş müəllimi Şakir Xəlil oğlu Həşimovu həbs ediblər. Bu barədə vesti.az Binəqədi polisinə istinadla xəbər verib. Xəbərə görə, Həşimov ABU-nun keçmiş rektoru Elşad Abdullayevin işi üzrə təqsirləndirilən şəxsdir. Onun barəsində CM-in 178.3.2 maddəsi ilə (külli miqdarda dələduzluq) 3 ay bundan qabaq axtarış elan olunubmuş. Ilkin məlumatlara görə, tələbələrdən aldatma yolu ilə 80 min manata qədər vəsait toplamaqda itttiham olunur.
Moderator.az isə məlumat yayıb ki, Şakir Həşimov Bakı Dövlət Universitetinin müəllimidir. Bəlli olub ki, o, ABU-da da müəllimlik edib.
Şakir Həşimovu yaxından tanıyan şəxslər onun kasıb həyat tərzi keçirdiyini, evinin və avtomobilinin belə olmadığını da deyib. Yaxınları bu həbsin qurama olduğunu bildirib.
“Azadlıq”a daxil olan məlumatlara görə, istintaq diqqəti Mahir Abdullayev məsələsindən yayındırmaq üçün Elşad Abdullayevin şikayətləri üzrə əhəmiyyət kəsb etməyən şəxsləri həbs edir. Bu həbslər həmin şəxsləri Elşad Abdullayevin əleyhinə yönəltmək məqsədi daşıyır.