PA rəhbərinin doğum gününü təbrik etməyə ehtiyatlananlar İlham Əliyevi gözləyir
Bu gün Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin 75 yaşı tamam olur. Lakin hökumət daxilində onun təbrik edilməsi ilə bağlı bəzi tərəddüdlər var. Xüsusilə bəzi məmurlar, deputatlar Ramiz Mehdiyevi həm təbrik etmək istəyir, həm də bu addımı atmaqdan çəkinirlər.
Səbəb isə PA rəhbərinə hakimiyyət daxilində münasibətin birmənalı olmamasıdır. Biz hələ ötən saylarımızda məlumat vermişdik ki, Ramiz Mehdiyevə müavinlər təyin edildikdən sonra bəzi məmurlarda və deputatlarda PA rəhbərinin qısa müddət ərzində istefaya göndəriləcəyi, onun yerinə isə prezidentin iqtisadi məsələlər üzrə Əli Əsədovun təyin olunacağı rəyi yaranıb. YAP-ın Əli Əsədovun nəzarətinə verilməsi bu rəyi bir qədər də möhkəmləndirib. Beləliklə də onlar Ramiz Mehdiyevə münasibətdə ehtiyatlı mövqe tutmağa başlayıblar.
Bəllidir ki, adətən belə hallarda bəzi məmurlar və deputatlar bir neçə gün əvvəldən təbrik yarışına girirlər. Amma bu dəfə bunun əksi müşahidə edilir.
Məlumatlarda deyilir ki, Əli Əsədov və Ramiz Mehdiyev arasında seçim etməkdə çətinlik çəkənlər Ilham Əliyevin PA rəhbərini təbrik edib-etməyəcəyini gözləyirlər. Əgər ölkə başçısı təmtəraqlı şəkildə Ramiz Mehdiyevi təbrik edərsə, onunla bağlı hansısa təltiflərə imza atarsa o zaman həmin fürsətcilllər də PA rəhbərini təbrik üçün növbəyə düzüləcəklər.