Ölkə başçısı hakimiyyətinin taleyindən ciddi narahatdır
Ölkə başçısı Ilham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin müşavirəsi keçirilib. Toplantı bazar gününə təsadüf edib. “Azadlıq”a daxil olan məlumata görə, bu qəfil toplantı olub və heç də müşavirədə yalnız ilin sosial-iqtisadi yekunları müzakirə edilməyib. Ümumiyyətlə Ilham Əliyevin nazirləri qəfil toplaması qarşıdan gələn seçkilə bağlı olub.
Məlumatda bildirilir ki, ölkə başçısı daxildə ciddi narazılığın olmasından, Qərbin demokratik islahatlar tələbindən, yaxın qonşularla münasibətlərin gərginliyindən bərk narahatdır. “Ilham Əliyev indiyə qədər hakimiyyətinə bu qədər real təhlükə hiss etməyib. Ona görə də ciddi narahatçılığı var. Nazirləri toplamaq məhz hakimiyyətin taleyi ilə bağlı müzakirələr aparmaqla bağlı olub”, – deyə mənbə bildirib.
Məlumatda həmçinin qeyd edilir ki, qəfil toplantı əvvəlcə bəzi məmurların təşvişinə səbəb olub. Onlar yenə də hadisənin baş verdiyini və toplantıda gözlənilməz olayların yaşanacağını düşünüblər. Lakin müşavirə zamanı bəlli olub ki, söhbət bütövlükdə hakimiyyətin taleyindən gedir.
Rəsmi KIV-lərin müşavirə barədə xəsisliklə xəbər yaymaları bu məlumatın səhihliyinə şübhə yeri qoymur. Adətən rəsmi qəzetlər və dövlət televiziyası Ilham Əliyevin sədrliyi ilə keçirilən müşavirədən elə tədbirin keçirildiyi gün geniş reportajlar yayımlayır. Lakin bu dəfə əksi baş verdi. AzərTAC yalnız belə bir tədbirin keçirilməsi barədə bir-iki cümləlik xəbərlə kifayətləndi. Digər tərəfdən indiyədək bu tip müşavirələrin bazar günü keçirilməsinə rast gəlinməyib. Görünür, vəziyyət o qədər ciddidir ki, Ilham Əliyev hətta seytnota düşə biləcəyindən ehtiyat edir. Ona görə də təcili komandasını toplayaraq hakimiyyətin xilas yollarını arayır.