İctimaiyyətdən Zeynəb Xanlarovaya dəstək gəldi
Xalq artisti, millət vəkili Zeynəb Xanlarova ilahiyyatçı Tale Bağırzadənin həbsində adının hallandırılmasına etiraz etməsilə hədəfə gəlib. Hakimiyyətin nəzarətində olan KIV-lər xalq artistini ittiham etməklə yanaşı, onu aşağılamaqdan da çəkinmirlər.
Görünür, həmişə olduğu kimi, hadisələrə obyektiv yanaşması ilə seçilən Zeynəb Xanlarovanın növbəti dəfə ədalətli mövqe sərgiləməsi “yuxarılar”ın xoşuna gəlməyib. Lakin Zeynəb Xanlarovanı ittiham edənlər unutmamalıdır ki, ona qarşı aşağılayıcı münasibət ciddi ictimai qınağa səbəb ola bilər və artıq olub da. Siyasilər, ziyalılar və ictimaiyyətin digər nümayəndələri xalq artistinə dəstək nümayiş etdirməyə başlayıblar.
Zeynəb xanıma bu cür münasibət yolverilməzdir
AXCP sədr müavini Gözəl Bayramlı “Azadlıq”a bildirib ki, Zeynəb Xanlarovanın hakimiyyətyönlü KIV-lərdə ittiham olunması və aşağılanmasını mənfi qarşılayır: “Zeynəb xanım Azərbaycanın tanınmış sənətçisidir. Vaxtilə Azərbaycanı dünyada tanıdan bir sənətçidir. Zeynəb xanım bu gün xalqın tərəfində durub deyirsə ki, insanları öz azad fikrinə görə həbs etməyin, təhqirmi olunmalıdır? Bu, Azərbaycan hakimiyyətinin xislətindən, mahiyyətindən qaynaqlanan bir məsələdir. Təəssüflər olsun ki, başqa ölkələrdə sözün əsl mənasında həqiqi sənətçilərə, millətini çox sevən, ölkəsini tanıdan sənətçilərə yaxşı hörmət olduğu halda bizim ölkədə həm ziyalılara, həm də ölkəmizi tanıdan xalq sənətçisinə bu cür münasibət bəslənilir. Zeynəb xanıma hörmətimiz böyükdür, bundan sonra da belə olacaq. Zeynəb xanıma bu cür münasibət yolverilməzdir”.
“Mən bunu qınayıram və ayıb hesab edirəm”
Yazıçı publisist Mehriban Vəzir də Zeynəb Xanlarovanın aşağılanmasına təəssüf etdiyini deyib: “Ümumiyyətlə mən onun tərəfindəyəm ki, hər kəsi tənqid etmək olar. Hər kəsin fəaliyyətini, hətta həyatını da təftiş etmək olar. Yaradıcılığını da təftiş etmək olar. Amma hörmətsizlik etmək olmaz. Həddi gözləmək lazımdır. Xüsusilə də uzun illər iqtidarı dəstəkləyən insanlar bu gün ciddi mövqe ortaya qoyanda və yaxud da hansısa həqiqətlərə mövqeyini bildirəndə o saat ona hücuma keçib təhqir etməyə başlayırlar. Mən bunu qınayıram və ayıb hesab edirəm. Ümumiyyətlə belə tendensiyalar cəmiyyətin tərbiyəsini aşağı salır. Cəmiyyətin dəyərlərini puça çıxardır. Ona görə də bu təbii ki, qınanılan bir şeydir. Zeynəb Xanlarovanın bu məsələdəki mövqeyi çox haqlı idi və mən onu dəstəkləyirəm”.
“Zeynəb Xanlarovanın heç bir hökmdara yarınmaq ehtiyacı olmayıb”
Tanınmış vəkil Aslan Ismayılov isə bildirib ki, Zeynəb Xanlarovanın adı keçən yerdə hər kəs mədəniyyət nümayiş etdirməlidir: “Çünki Zeynəb Xanlarova hələ SSRI dönəmində ”türk” sözü deməkdən qorxmayıb. Bu gün hakimiyyətdə olanların bir çoxları o cümlədən Ramiz Mehdiyev, Əli Həsənov türkü, müstəqil dövlətçiliyi söyəndə, təhqir edəndə Zeynəb xanım türkçülüyü müdafiə edib.
Mən SSRI dönəmində uzun müddət Rusiyada yaşamışam. Bir şeyi bilirdim ki, hamı üçün Zeynəb xanım vətəni tərənnüm edən bir şəxs idi. Onun haqqında əli həsənovların, ramiz mehdiyevlərin danışmağa heç bir haqqı yoxdu. Onun hansı vara, dövlətə sahib olduğunu deyənlər isə bilməlidirlər ki, Zeynəb Xanlarovanın son 20 ildə heç işləməyinə də ehtiyacı yox idi. Ona görə ki, Zeynəb xanımın SSRI dönəmində bir qastrol səfəri o dövrün imkanları ilə ona özü üçün istənilən şəraiti yaratmağa imkan verirdi. Bu gün bu ölkədə həqiqətən ən varlı insan Zeynəb xanəm olmalıdır, ən möhtəşəm bağlar onda olmalıdır. Milli Məclisdə bir iki adamı çıxmaq şərtilə, müstəqil fikri olan, istədiyi fikri ifadə edə biləcək cəsarətə malik adam yoxdur. Mənə desələr ki, belə olmayan deputatlardan birinin adını çək, mən Zeynəb xanımın adını çəkərəm. Söhbət heç də Zeynəb xanımın o qurama işlərdə adının hallanmasına etiraz etməsindən getmir. Onun mövqeyinin kimlərinsə mövqeyi ilə üst-üstə düşüb düşməməyindən getmir. Zeynəb xanım Heydər Əliyev dönəmində də, Ayaz Mütəllibov dönəmində də, Əbülfəz Elçibəy dönəmində də öz fikrində olub. Zeynəb Xanlarovanın heç bir hökmdara yarınmaq ehtiyacı olmayıb. Amma Azərbaycana son 50 ildə rəhbərlik etmiş bütün birinci şəxslərin Zeynəb xanımın dəstəyinə ehtiyacı olub. Ona görə mən hesab edirəm ki, sadəcə bu gün bu hakimiyyətdə istənilən bir şəxsin Zeynəb xanıma daş atması əbəsdir. Zeynəb Xanlarova o qədər yüksəkdə dayanır ki, bunların atdığı daşın heç biri gedib ona çata bilməz. Əksinə o daşlar düşüb onların öz başını yarar”.
Bəyim Həsənli