Daha bir əsgərin intihar edilməsi ilə bağlı xəbər yayıldı. Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, dünən səhər saat 8 radələrində Tərtər rayonunda yerləşən N saylı hərbi hissənin əsgəri Imanov Elman Yaqub oğlu postda olarkən tabeliyində olan avtomat silahdan açılan atəş nəticəsində həlak olub.
Imişlidə yaşayan jurnalist Azər Əlinin “Azadlıq”a verdiyi açıqlamaya görə, əsgər Xəlfəli kəndinin sakinidir. O deyir ki, məlumat yayılan kimi hüquq-mühafizə orqanlarının əməkdaşlarıyla yanaşı rayon icra hakimiyyətinin işçiləri də mərhumun yaşadığı ata evinə gəliblər.
“Yalnız ANS-in çəkilişinə icazə verildi. Mənə isə dedilər ki, ”10 dəqiqəyə getməsən başqa cür söhbət edəcəyik”.
Azər Əli deyir ki, əsgərin ailəsi Elman Imanovun intihar etməsi xəbərinə inanmır: “Ailəsinin dediyinə görə, Elman sağlam olub. Hərbi xidməti dövründə bir dənə də olsun şikayəti olmayıb. Sağlamlığıyla və yaxud hər hansı bir problemiylə bağlı indiyə qədər ailəsinə heç nə deməyib. Bu səbəbdən ailəsi onun intihar xəbərini qəbul edə bilmir”.
Bir ilə yaxın hərbi xidmətdə olan əsgərin cənazəsi dünən axşam saatlarına qədər ailəsinə təhvil verilməyib.