Sabiq rektorun yaxın adamı ittihamlara sərt cavab verdi
Azad Mürsəliyev: «Bu ittihamlar əsassız və zərərçəkmişi susdurmaq üçün düşünülmüş şantajdır»
Abdullayevin qohumlarının bank hesablarına həbs qoyulub; Gülər Əhmədova Avropa Məhkəməsinə üz tutur
“Bəzi qəzetlər və saytlar var ki, onlar bütün fəaliyyətlərini Elşad Abdullayevin əleyhinə təbliğat aparmağa sərf edirlər”. Bu sözləri “Azadlıq”a Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsinin sədri Azad Mürsəliyev deyib. Onun sözlərinə görə, Elşad Abdullayevin ifşa etdiyi şəxslər bərk narahat olub. Ona görə də əllərində olan media resurslarından sabiq rektora qarşı istifadə etməyə başlayıblar. Azad Mürsəliyev bildirib ki, bütün bunlar Elşad Abdullayevi susdurmağa cəhddir. Lakin bu cəhdlər heç bir səmərə verməyəcək.
Azad Mürsəliyev Elşad Abdullayevin işi ilə bağlı həbs edilən Arzu Kazımovun vəkili Ramiz Zeynalovun ittihamlarını da cavablandırıb. Məlumat üçün deyək ki, vəkil “Təzadlar” qəzetinə müsahibəsində Elşad Abdullayevi hansısa məmurun danışdırdığını iddia edib. Lakin Ramiz Zeynalov hələlik həmin məmurun adını çəkməyib. “Buna heç kimin və sənə illər boyu havadarlıq edən, hələ də adını açıq demədiyim bir fərd də bilməlidir və bilir ki, onu da hansı aqibət gözləyir. Məhz hökumətdə yaxşıca vəzifə tutan həmin o adam səni Ramiz Mehdiyevə, Zakir Qaralova… qarşı yalan və şantaj məlumatları yaymağa sövq edir və bu, hamıya məlumdur” – deyə vəkil bildirib.
Azad Mürsəliyev isə ittihamların əsassız olduğunu söyləyib. “Bu ittihamlar da əsassız və zərərçəkmişi susdurmaq üçün düşünülmüş şantajdır. Elşad Abdullayev qardaşı Mahir Abdullayevlə bağlı məsələyə aydınlıq gətirilməsini tələb edir, bu işdə əli olanlar isə təbii ki, hər yolla məsələni ört-basdır edilməsinə çalışırlar”, – deyə müdafiə komitəsinin rəhbəri vurğulayıb.
Gülər Əhmədova videoların tam yayılmasını tələb edir
Sabiq YAP-çı deputat Gülər Əhmədovanın vəkili Raqif Mustafayev müdafiə etdiyi şəxslə saxlandığı 1 saylı Istintaq Təcridxanasında görüşüb. Bu barədə “Yeni Müsavat” vəkilə istinadən məlumat yayıb. Raqif Mustafayev bildirib ki, deputatın səhhəti əvvəlki qaydadadır. Raqif Mustafayev Gülər Əhmədovanın hərbi xidmətdə olan və bir neçə gün əvvəl hospitala yerləşdirilən oğluna görə aclıq etməsi barədə məlumatı təkzib edib. Vəkilin sözlərinə görə, sabiq deputat aclıq etməsi barədə yanlış məlumatlara görə hiddətlənib.
Gülər Əhmədovanın Elşad Abdullayevin məsələsi ilə bağlı ifadə verib-verməməsinə gəlincə, vəkil deyib: “Abdullayev istintaqa çağırılmayana qədər sabiq deputatın ifadə verməsi gözlənilmir. Bunlar həbs edib, sonra sübut toplayır”.
Raqif Mustafayev əlavə edib ki, Gülər Əhmədova videoların tam versiyasının yayılmasını tələb edir. Sabiq deputat iddia edir ki, Elşad Abdullayev orada söyüş söyüb və başqa mətləblərdən danışıb: “Elşadın nə xeyrinədirsə, onu yayıb. Bizsə tələb edirik ki, o videolar tam yayılsın. Gülər xanım deyir ki, mən Elşadın yanına tamam başqa məqsədlə getmişdim. Mərhum Sevinc Babayeva ona deyib ki, Elşad mənim pullarımı vermir. Çünki Babayeva ABU-ya tələbə gətiribmiş. Testdən keçə bilməyənlər ora gedirmiş. Abdullayev o tələbələri aldadıb, onlar da Sevincin üstünə düşüb. Sevinc Gülər xanımdan xahiş edib ki, deputat kimi nüfuzundan istifadə edib Elşadla danışsın. Gülər xanımın orda olmasının və bu danışıqların səbəbi bu olub”.
Sabiq deputat niyə ifadə verməkdən imtina edib?
Raqif Mustafayevin sözlərinə görə, Elşad Abdullayev istintaqdan yayındığına, Sevinc Babayeva isə vəfat etdiyinə görə onlar işin halları barədə prosessual qaydada dindirilməyib, Gülər Əhmədova isə qanunsuz videoyazılar barədə ifadə verməkdən imtina edib: “Bu halda istintaqın prosessual qaydada hər hansı ilkin sübut əldə etmək imkanı olmayıb. Amma istintaq orqanı Əhmədovanın konstitusiyanın 32-ci maddəsində təsbit edilmiş konstitusion hüquqlarını və CPM-in 16 və 125-ci maddələrində müəyyən edilmiş prosessual qaydaları kobud surətdə pozaraq, hüquqi müstəvidən kənara çıxaraq Abdullayevin siyasi təxribat məqsədilə yaydığı videogörüntülər ətrafında yaranmış siyasi qalmaqalın təsiri altına düşərək Əhmədovanın cinayət məsuliyyətinə cəlb edilməsi haqda heç bir sübut və əsas olmadan tələsik qərar verib, barəsində həbs tədbiri seçilib”.
Gülər Əhmədovanın həbsi qanunsuzdur
Gülər Əhmədovanın həbsini qanunsuz sayan Raqif Mustafayev deyib ki, qanuna görə, həbs-qətimkan tədbirinin seçilməsi haqda təqdimatla məhkəməyə müraciət edən istintaq orqanı şəxsin həbsinə əsas olan ilkin sübutları məhkəməyə təqdim etməlidir: “Amma heç bir sübut təqdim edilməyib. Buna baxmayaraq, Səbayel Rayon Məhkəməsi yalnız ümumi şablon ifadələrdən (ittihamın ağırlığı, şəxsən qaçıb gizlənə, istintaqa mane ola bilməsi və s.) istifadə edərək Əhmədova barədə qanunsuz olaraq həbs tədbiri seçib. Bakı Apelyasiya Məhkəməsi də bu qanunsuz qərarı dəyişdirilmədən saxlayıb. Bu da CPM-in 156-cı maddəsinin imperativ tələbinə ziddir. Apelyasiya Məhkəməsinin qərarı qəti və son qərar olduğu üçün ondan ölkə daxilində şikayət vermək imkanları tükənib. Ona görə tərəfimizdən Əhmədovanın qanunsuz həbsi ilə bağlı Avropa Məhkəməsinə şikayət hazırlanır. Əhmədovanın əsassız həbsinə görə məsuliyyət bu qərarı qəbul etmiş məhkəmələrin üzərinə düşür”.
İstintaqın qurduğu hibrid model
Elşad Abdullayevin vəkili Adil Ismayılov isə “Yeni Müsavat”a açıqlamasında öncə prokurorluğun sabiq rektora qarşı rüşvət verməyə cəhd maddəsi ilə cinayət işi başlamasına münasibət bildirdi. Dedi sabiq rektor öncə bu işlə bağlı Baş Prokurorluğa müraciət edəndə hüquqşünaslarla məsləhətləşib və bir hüquqşünas kimi özünün də məlumatı olub: “Fikrimiz belə idi ki, Abdullayevin müraciətindən onun özünə qarşı istənilən halda istifadə oluna bilməz. Burda bir neçə məqam vardı. Ən əsası o idi ki, rüşvət verməsi barədə könüllü məlumat verən şəxs məsuliyyətə cəlb olunmur. Abdullayevdən təhdidlə rüşvət tələb olunmuşdu. Bu da rüşvət verən şəxsi müəyyən məsuliyyətdən azad edir. Əgər söhbət rüşvətdən yox, onun əmlakının dələduzluqla ələ keçirilməsindən gedirdisə, bu halda da ümumiyyətlə cinayət məsuliyyətindən söhbət gedə bilməz. Yəqin əks tərəf də bunu başa düşür”.
Adil Ismayılov istintaqın hibrid bir model qurduğunu deyib: “Maraqlı vəziyyət yaranıb. Bir tərəfdən deyirlər ki, kimlərsə – söhbət bu işlə bağlı həbsdə olan 4 nəfərdən gedir – Abdullayevi aldadıb, pulunu ələ keçirib. Digər tərəfdən isə deyirlər ki, Abdullayev özü rüşvət verməyə cəhd edib. Məntiqlə Abdullayev rüşvət verməyə cəhd edirsə, o biri tərəf də rüşvət alan olmalıdır. Amma rüşvət alan tərəf yoxdur. Hamıya dələduzluq maddəsi verirlər, ortada rüşvət söhbəti yoxdur. Deyə bilərlər ki, bu adamların vəzifəsi yoxdur, ona görə də onların əməli rüşvət tərkibi yaratmır. Əgər Abdullayev onlara rüşvət verirsə, onların da hərəkəti rüşvətə təhrik etmədir. Bu da ayrı maddələrlə tövsif olunur”.
Vəkilin fikrincə, bu qanunsuzluqlar Elşad Abdullayevi zərərçəkən kimi tanımamaq üçündür. Məqsəd onun prosessual fiqur olmasının qarşısını almaqdır: “Bunu onun zərərçəkmiş kimi tanınmasından imtina edən müstəntiqin hərəkətindən etdiyimiz şikayətlərə olan münasibət bir daha təsdiq etdi. Prokurorluğun rəhbərliyinə müraciət etsək də indiyədək cavab almamışıq. Məhkəməyə də müraciət etmişik. Əgər prokurorluq əks tərəfə dələduzluq, özgənin əmlakını ələ keçirməyə görə ittiham verirsə, deməli, zərərçəkən var. Məhkəmə onu zərərçəkən kimi tanımalı idi. Səbayel məhkəməsi dedi ki, bu iş bizə yox, Inzibati Iqtisad Məhkəməsinə aiddir. Səbayel məhkəməsinin qərarından apelyasiya şikayəti verdik. Apelyasiya Məhkəməsi açıq-aşkar qanunsuz qərarı qüvvədə saxlamaqla bizim şikayəti təmin etmədi”.
Adil Ismayılov dedi ki, indi onların bir yolu qalır – şikayəti davam etdirmək. Vəkil hazırda Apelyasiya Məhkəməsinin qərarından şikayət verməyin qanunda nəzərdə tutulmadığını yada saldı. Bu səbəbdən də Avropa Məhkəməsinə müraciət üçün sənədlər toplanır: “Ölkədaxili hüquqi vasitələr tükəndi. Elşad Abdullayevin işi ilə əlaqədar təzyiq vasitələrindən biri də onun qohum-əqrəbası ilə bağlı məsələdir. Onun bacısı oğlu Azad Mürsəliyevin xaricə buraxılmaması ilə əlaqədar Inzibati Iqtisad Məhkəməsinə müraciət etdik. Məhkəmə 3 ay süründürəndən sonra qərar verdi ki, bu işin bizə aidiyyəti yoxdur, gedin rayon məhkəməsinə. Şikayətimiz üzrə qərar vermək əvəzinə şikayətlərimizi faktiki olaraq futbol topu kimi ora-bura vururlar. Indi o qərardan apelyasiya şikayəti vermişik”.
“Mandat alveri”ndə Gülər Əhmədova sıravi şəxsdir
Adil Ismayılov Elşad Abdullayevə təzyiqlərlə bağlı daha bir məqamı da bildirdi. Dedi sabiq rektorun qaynatasının, həyat yoldaşının, uşaqlarının, qaynlarının bank hesablarına həbs qoyulub: “Bank deyib ki, prokurorluğun qərarı ilə Yasamal məhkəməsi tərəfindən həbs qoyulub. Bu qərardan şikayət etmək istəsək də bir aydır onu ala bilmirik”.
Vəkil vurğulayıb ki, bu iş üzrə həbs olunan Vaqif Hüseynlə Elşad Abdullayev arasındakı pul məsələsi həll olunub. Bu səbəbdən də o işdə Abdullayevin zərərçəkən kimi tanınıb-tanınmaması problem deyil: “Gülər Əhmədova ilə bağlı məsələdə isə Abdullayev hesab edir ki, sabiq deputata verilən maddə düzgün deyil. Orda dələduzluqdan söhbət gedə bilməz. Elşad müəllimin fikrincə, Əhmədova orda sıravi fiqurdur, vasitəçilik edib, pulu alan şəxs tamam başqadır”.
Adil Ismayılov Gülər Əhmədovanın özü ilə bağlı yayılan videosüjetlərin montaj olması iddiasına cavabında deyib ki, Abdullayev də öncə internetdə yayılan videoların sadəcə görüntülərdən fraqment olduğunu açıqlayıb: “Abdullayev deyib ki, montaj vardı söhbətinə son qoymaq üçün görüntünün tam versiyasını mətbuata və prokurorluğa göndərəcəyik. Baxmayaraq ki, prokurorluqda bu görüntülər daha öncədən olub”.