İstintaq Elşad Abdullayevin qardaşının Müsavat üzvü olub-olmadığını niyə araşdırır?
Hakimiyyət fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin oğurlunması faktının ört-basdır edilməsi üçün cəhdləri davam etdirir. Elşad Abdullayev iddia edir ki, qardaşı hakimiyyət tərəfindən himayə edilən və adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar dəstə tərəfindən oğurlanıb.
Sabiq rektor qardaşının oğurlanmasını müstəqil şəkildə araşdırarkən əldə etdiyi faktlara əsasən belə deyir. Hadisənin üstünün hələ indiyə qədər açılmaması şübhələri hakimiyyətin üzərinə yönəldir. Lakin hökumət məsuliyyəti üzərindən atmaq üçün ən ağlagəlməz üsullardan yararlanmağa cəhd göstərir. Təsadüfi deyil ki, Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsinin Ilham Əliyevə müraciətində bu işlə bağlı yaradılan Müstəqil Istintaq Komissiyasının Mahir Abdullayevin Müsavat Partiyasının üzvü olub-olmadığını araşdırdırdığı bildirilir.
Ehtimal olunur ki, hökumət Mahir Abdullayevin oğurlanmasını seçki ilə bağlamaq istəyir. Məlumat üçün deyək ki, Mahir Abdullayev 2003-cü ilin oktyarbrında yoxa çıxıb. Bu isə Azərbaycanın yaxın tarixinin ən gərgin siyasi dövrü olan, həmin ildəki prezident seçkisi vaxtına təsadüf edir. Mülahizələrə görə, Mahir Abdullayevin Müsavat üzvü olduğu “sübuta yetiriləndən” sonra onun xarici qüvvələr tərəfindən seçki ilində ölkədə sabitliyin pozulması üçün oğurlandığı iddia edilə bilər.
Informasiya şöbəsi