“Hakimiyyət istəyir ki, daxildə istədiyini etsin, amma indiki dünyada bu, mümkün deyil”
Vəfa Quluzadə: «Lazımi addımlar atılmasa, situasiya qəlizləşəcək»
Bu günlərdə Con Hopkins Institutunda Azərbaycanla bağlı keçirilən müzakirələrdə maraqlı fikirlər səsləndirilib. Azərbaycan nümayəndə heyəti lobbiçilər və ekspertlər qarşısında çıxış edərək ölkəmiz qarşısında duran məsələlərdən danışıblar. Xarici siyasətdən danışan S.Seyidov Azərbaycana Rusiya və Irandan ciddi təhdidlərin olduğunu bildirib. S.Seyidov hətta “Azərbaycanı ABŞ ilə yaxın olmaq cəhdlərinə görə ”sendviç kimi” əzirlər” ifadəsini də işlədib. Mövzu ilə bağlı suallarımızı politoloq Vəfa Quluzadəyə ünvanladıq. V.Quluzadəyə ilk sualımız hazırda Azərbaycanın Şimal və Cənub qonşusu ilə yaşadığı münasibətlərlə bağlı oldu.
– Con Hopkins Institutunda Azərbaycanın rəsmi mövqeyi ifadə olunub. Bu onların heç birinin şəxsi mövqeyi deyil. Bu, Azərbaycan iqtidarının rəyidir ki, ona Rusiya və Iran tərəfdən basqılar var. Amma əslinə qalsa nə Irandan, nə də Rusiyadan Azərbaycana qarşı münasibətlərdə nəsə dəyişiklik baş verməyib. Rusiyanın mövqeyi bəllidir. Rusiya Ermənistanın adı ilə Azərbaycan torpaqlarını işğal edib. Rusiyanı Qarabağ problemi ilə bağlı “nə hərb, nə sülh” vəziyyəti təmin edir. Bu üzdən də cəbhə xəttindəki gərginliyin qalması Rusiyaya sərf edir. Rusiyada vəziyyəti bu cür saxlayaraq özünü sülhpərvər dövlət, Minsk qrupunun həmsədri kimi aparır. Rusiyanın münaqişə tərəfləri ilə şirin söhbətlər aparmasına baxmayaraq, real vəziyyətə bunun heç bir təsiri olmayıb. Ona görə düşünmürəm ki, Rusiyanın Azərbaycana təzyiqləri artıb. Bu təzyiqlər həmişə vardı. Atəşkəs xəttində vəziyyət göz önündədir, Rusiyadakı diaspora münasibət bəlli səviyədədir. Azərbaycan miqrantlarını Rusiyadan çıxaracaqları ilə bağlı hədələr həmişə olub. Irandan təzyiqlərə gəlincə, bir müddət əvvəl bu dövlətin təzyiqləri daha sərt idi. Indi bu təzyiqlərdəki sərtlik bir o qədər də gözə çarpmır. Hər iki dövlətin məqsədi Azərbaycanı məhv etmək yox, özünə meyilli etməkdir. Əgər regionda böyük geosiyasi dəyişikliklər olmasa, münasibətlərdəki bu yanaşma tərzi min il də qalacaqdır. Ona görə də hər iki tərəfdən Azərbaycana basqılar var. Amma bu yenilik deyil.
Azərbaycan öhdəliklərin yerinə yetirməlidir
– Bu təzyiqlərdən qurtulmaq üçün Azərbaycan hansı addımları atmalı və hansı yola üstünlük verməlidir?
– Azərbaycan bütün bu illəri hüquqi dövlət, qanunun aliliyi, demokratik cəmiyyət qurmaqla özünü Avropanın və Amerikanın müttəfiqi elan edə bilər. Bunu Azərbaycan edirsə, deməli, Qərbdən dəstək görəcəkdir. Əgər Azərbaycan bunu etmirsə, həm Rusiyadan, həm də Irandan Azərbaycana qarşı təzyiqlər olacaq. Bu zaman Azərbaycan Rusiya və Iranın təsiri ilə ikitərəfli yox, dördtərəfli sendviç olacaq. Çünki Qərbin tələbi budur ki, Azərbaycan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin. Avropa Birliyi, Avropa Şurası, nüfuzlu beynəlxalq institutlar sadəcə olaraq Azərbaycandan üzərinə götürdüyü öhdəliklərin icrasını tələb edir. Ona görə Rusiya və Irana güc gəlmək üçün Qərblə əməkdaşlığı gücləndirmək lazımdır.
– Hazırda təzadlı bir məqam yaranıb. Bir tərəfdən bəyan olunur ki, Azərbaycana Rusiya və Irandan ciddi təzyiqlər var. Amma başqa tərəfdən Azərbaycanın rəsmi təbliğatı ABŞ-ın Milli Demokratiya Institutunun ölkəmizdə “facebook inqilabı” etməyə hazırlaşıdığının kampaniyasını aparır. Bu təzadı nəylə izah edərdiniz?
– Belə bir xof var. Azərbaycanda daxili situasiya gərgindir. 2013-cü ilin bütün hadisələri buna işarədir. Ölkədəki gərginlik aradan qaldırılmalıdır. Lazımi addımlar atılmasa situasiya qəlizləşəcək. Mən demirəm ki, ABŞ Ukraynada gəlib “narıncı inqilab” edib. Bu inqilabı Ukrayna xalqı edib. ABŞ isə onlara dəstk verib. Çünki ABŞ bunda maraqlı idi. Gürcüstanda da həmçinin. Şevardnadze hakimiyyəti tamamilə iflas etmişdi. Ona görə gürcü xalqı Saakaşvilini dəstəklədi və onu çiyinlərində gətirərək kürsüyə otuzdurdu.
Çıxış yolu məmurları cəzalandırmaqdadır
– Hakimiyyət daxilində bu təzadlı mövqeyin nümayişi nəylə bağlıdır? Baş verənlər nəyi göstərir? Bir tərəfdən Rusiya və Irannın onlara təzyiq etdiyi bildirilir, digər tərəfdən isə ABŞ-a qarşı təbliğat aparılır.
– Hakimiyyət çox arzu edərdi ki, ölkədə baş verənlərə xaricdən heç kim müdaxilə etməsin. Hakimiyyət ölkə daxilində istədiyini etmək istəyir. Bu da indiki dünyada, bütün dünyanın bir-birilə əlaqəli olduğu bir dönəmdə qeyri-mümkündür. Azərbaycana Rusiya, Iran, Avropa da qarışmağa cəhd edəcək. Sadəcə olaraq Azərbaycan seçimini etməli və ona uyğun olaraq siyasətini davam etdirməlidir.
– Hakimiyyət mətbuatda xarici QHT-lərə qarşı müxtəlif ittihamlar irəli sürür. Iqtidar xarici QHT-ləri büdcələrində olan vəsaitləri təyinatından kənar xərclədiyini iddia edir. Hətta MDI və digər nüfuzlu beynəlxalq təşkilatların ölkəmizdəki fəaliyyətinin tamamilə dondurulması barədə təkliflər səslənir. Rusiya ilə münasibətlərin gərgin olduğu bir zamanda Qərblə bu cür qarşıdurmaya getmək nə dərəcədə düzgündür?
– Əgər mən qərar verməli olsaydım, xalqın bütün narazılıqlarını nəzərə alaraq, bu narazılıqlara səbəb olan şəxsləri hakimiyyətdən uzaqlaşdırardım. Onları cəzalandırardım ki, vətəndaşlar bilsinlər ki, mənim hakimiyyətim məni qoruyur. Budur çıxış yolu. Ən güclü gediş xalqa arxalanmaqdır. Mən Çaves diktaturasının tərəfdarı deyiləm. Amma Çaves xalqının ən kasıb təbəqələrinə arxalanmışdı və hakimiyyətə gələndən sonra onların maddi vəziyyətini düzəltmişdi. Kuba və Venesuelanı misal gətirdim. Mən demokratik ölkələri misal gətirmirəm. Çünki Azərbaycanla onlar arasında məsafə böyükdür. Fransa, Almaniya, Norveç kimi dövlətlərdə Konstitusiya xalqların bütün haqlarını təmin edir.
Normal seçki tələbi ciddiyə alınmalıdır
– Bu günlərdə hakimiyyət təmsilçilərindən Əli Həsənov bildirib ki, Azərbaycan nə NATO-ya, nə də Kollektiv Təhlükəsizlik Müqaviləsinə üzv olmaq fikrindədir. Böyük maraqların toqquşdu coğrafiyada yerləşən kiçik dövlət üçün Şimal və Cənubdan gələn təzyiqlərin qarşısında NATO ilə inteqrasiya kursundan imtina ölkəyə nə vəd edir?
– Hesab edirəm ki, bizim NATO ilə əməkdaşlığımız var və bu əməkdaşlıq inkişaf edir. Rusiya da gözəl bilir ki, Azərbaycan yenidən keçmiş sovet respublikası olmayacaq. Azərbaycan nə Kollektiv Təhlükəsizlik Müqaviləsinə daxil olacaq, nə də Avrasiya Ittifaqına. Fikir verin, Yanukoviç Putinin dəstəklədiyi bir şəxs idi. O hakimiyyətə gəldi, amma Ukraynanın müstəqilliyini qoruyur. Putin çox arzu edərdi ki, Ukrayna Gömrük Ittifaqına daxil olsun. Amma Yanukoviç Avropa inteqrasiya kursunu seçdi. Rusiya buna çox qəzəbləndi. Lakin buna baxmayaraq Kiyev siyasi kursunu dəyişmədi.
– ABŞ səfiri və Böyük Britaniyanın xarici işlər nazirinin müavini bu günlərdə bəyan ediblər ki, Azərbaycanda demokratik seçkinin alternativi yoxdur. Və Azərbaycanla Qərb arasında münasibətlər demokratik və azad seçkiyə münasibətdən çox asılıdır?
– Münasibətlərin bu formada gərgin olması, Azərbaycana yaxşı heç nə vəd etmir. Hazırda müxtəlif rəylər söylənilir. Bildirilir ki, Azərbaycanda seçkiöncəsi müxtəlif islahatlar, rəylər olacaqdır. Gözləyək. Əgər bu kadr dəyişikliyi ətraf mühiti təmin edəcəksə, çox gözəl. Əgər bu baş verməyəcəksə, fərqli nəticələrin şahidi olacağıq. Rusiya Azərbaycandan narazıdır. Türkiyə ilə də daimi problemlər ortaya çıxır. Iran da Azərbaycanda Israil ilə əməkdaşlığına görə narazıdır. ABŞ və Avropa dövlətləri fikirlər səsləndirirlər ki, Azərbaycanda mütləq şəffaf və demokratik seçkilər keçirilməlidir.
Türkiyə gələcəyə hesablanan siyasət yürüdür, Azərbaycan isə…
– Iki gün öncə Van-Yerevan reysinin açılmasından sonra Azərbaycan Türkiyə tərəfindən baş verənlərə görə izahat tələb etdilər. Amma məsələ burasındadır ki, Azərbaycan da Türkiyənin qıcığına səbəb olan kifayət qədər addımlar atır. Türkiyənin etirazlarına baxmayaraq Israil ilə olan münasibətləri misal olaraq göstərmək olar?
– Azərbaycan ilə Türkiyənin əlaqələri həmişə səmimi olmalıdır. Azərbaycan onu da nəzərə almalıdır ki, Türkiyənin öz siyasəti də var və rəsmi Bakı bu siyasətə hörmət etməlidir. Türkiyə əslində Ermənistanla hava koridorunu 1995-ci ildən açıb. Mən öz gözlərimlə görmüşəm necə Yerevandan uçan təyyarələr Istanbulda hava limanına eniş edirdilər. Amma Türkiyənin siyasəti gələcəyə hesablanıb. Gələcək də ondan ibarətdir ki, Ermənistan Rusiyanın nəzarətindən çıxır və regionun bir üzvünə çevrilir. Türkiyənin siyasəti buna yönəlib. Türkiyə Ermənistan sərhədlərinin hazırda açılması bir qədər tezdir. Sərhədlər yalnız sülh əldə edildikdən sonra mümkün ola bilər. Siyasət mürəkkəb məsələdir. Ona populist və emosioanal yanaşmaq olmaz. Dövlət siyasəti ondan ibarət olmalıdır ki, Türkiyə Azərbaycanın əbədi müttəfiqidir. Amma bu iki dövlət də bir-birinin siyasətinə hörmət etməlidir.
– Hakimiyyətdən belə bir bəyanat səsləndirilib ki, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirliklərinin nümayəndələri regionlara səfərə çıxanda XIN-ə bu barədə xəbərdarlıq edilməlidir. Əslində bu təhlükəsizliyin təmini baxımından normal təklif sayıla bilər. Amma bu addımın daha çox həmin diplomatik strukturların fəaliyyətini məhdudlaşdırmağa hesablandığı hiss olunur. Hakimiyyətin bu niyyətini necə dəyərləndirirsiniz?
– Səfirliklər bu addıma ya razı olmalıdırlar, ya da fərqli təklif irəli sürməlidirlər. Amma səfirliklərə qarşı bu addımlar atılacaqsa, onlar analoji siyasəti Azərbaycana qarşı tətbiq edəcəklər.
Xəyal