Həbs və zorakılığa məruz qalan AXCP fəallarından mübariz bəyantlar
14 saylı cəzaçəkmə müəssisəsində saxlanılan vicdan məhbusu Tural Həsənzadə ictimaiyyətə məktub ünvanlayıb. Məktub AXCP Gənclər Komitəsinin Facebook səhifəsində yayılıb. Məktubda deyilir:
“Saxlandığım müəssisədə həyatım təhlükədədir. Azadlıqda olduğum müddətdə məni rahat buraxmayan avtoritar rejim, həbsxanada da öz iyrənc oyunlarını oynamaqdadır. Müəssisəyə gəldiyim gündən tibb şöbəsinə müraciət etmişəm və ağır xəstə olduğum ortaya çıxıb. Bundan başqa mart ayının 8-i Vüqar Qarayev adlı məmur mənə qarşı fiziki zorakılıq tətbiq etmiş, yerə yıxaraq sürümüş və nalayiq sözlərlə təhqir etmişdir. Şikayət edəcəyimi bildirdikdə, heç kimdən qorxmadığını demişdir. Vüqar Qarayevin cəzaçəkmə müəssisəsi xaricindən öyrədilmiş şəxs olduğunu bilirəm, həyatım üçün təhlükə yarandığından, aidiyyatı orqanlara müracit etməyi düşünürəm. Həmin məmur müəssisə daxilində, cərimə təcridxanasında saxlanılan məhkumlara işgəncə verən idmançı kimi tanınır.
Bu kimi hallar məni məhkumlar arasında gözdən salmaq və məhkumların gözünü qorxutmaq məqsədi güdür. Çünki, bu hadisədən öncə mən bir neçə məhkumla 10 mart “Əsgər ölümlərinə son” aksiyası haqqında söhbət etdiyimi görmüşdü və məndən qisas almaq istəyir. Lakin mən bəyan edirəm ki, heç nə, heç kim məni əqidəmdən döndərməyə nail ola bilməz!”
Bundan əlavə, 10 mart “Əsgər ölümlərinə son” aksiyasında polislər tərəfindən vəhşicəsinə döyülən və xəstəxanalıq olan cəbhəçi gənc Renat Nəcəfov əməliyyat olunub. Almacıq sümüyü sınan gənc fəalın vəziyyəti heç də yaxşı deyil. Həkimlər deyir ki, əgər sümük yerinə oturmasa 3 həftə sonra yenidən əməliyyat olunacaq.
Xəstəxanda oluğu müddətdə AXCP üzvləri, gənc fəallar, digər partiyaların üvləri də onu yalnız buraxmayıblar.
Qeyd edək ki, Renat Nəcəfovu aksiyada polis əvvəlcə dəbilqə geyimlə vurub, sonra isə onun başını polis maşınına çırpıb. Nəticədə Renat Nəsəfov kəllə-beyin tramvası alıb, onun almacıq sümüyü sınıb, sifətində yumşaq toxumalar əzilib.
AXCP Gənclər Komitəsinin digər bir üzvü Elşən Kərimov da “Əsgər ölümlərinə son” aksiyasında xəsarət almışdı. O həm təzyiqli su zərbəsinə məruz qalmış, həm də polislər tərəfindən döyülmüşdü. “Ayın 11-i daxili orqanlarımı “Uzi” aparatında müayinə etdirdim. Daxili kapilyar qanaxması olduğu müəyyən edildi. Bədənimdəki ağrıların bununla bağlı ola biləcəyini zənn etdim. Lakin daha sonra döş qəfəsimin sağ tərəfində şiddətli ağrılar hiss etməyə başladım və xəstəxanaya gedib rentgen müayinəsindən keçdim . Məlum oldu ki, sağ tərəfdə qabırğamda sınıq var. Ev şəraitində müalicə alacam. Hakimiyyət bilsin ki, bu kimi şeylər məni və cəbhədaşlarımı mübarizədən kənarlaşdıra bilməz”.
Bəyim Həsənli