ABŞ-ın Milli Demokratiya Institutunun əməkdaşı isə bir neçə saatlıq dindirmədən sonra azad olunub
Dünən mülki geyimli şəxslər tərəfindən saxlanılaraq Respublika Prokurorluğunun ağır cinayətlər üzrə istintaq idarəsində uzun müddət dindirilən “Nida” təşkilatının üzvü Rəşad Həsənov barədə 3 aylıq həbs qətiimkan tədbiri seçilib. Bu barədə onun vəkili Əsabəli Mustafayev xəbər verib.
Gənc fəal barədə həbs qərarı çox gec verilib və media qurumları bundan xəbər tutmayıblar.
R.Həsənovun ötən həftə saxlanılan “Nida”çı gənclərlə əlaqələndirmək “dövlət çevrilişi” şousunda iştirakçı etmək istəyirlər. Onu istintaq edən müstəntiq Ə.Mustafayevə R.Həsənovun şübhəli şəxs qismində saxlanıldığını bildirib.
Əsabəli Mustafayevin “Azadlıq” radiosuna verdiyi məlumata görə, «N!DA» Vətəndaş Hərəkatının idarə heyətinin üzvü barəsində Cinayət Məcəlləsinin 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma ve gəzdirmə) maddəsi ilə cinayət işi açılıb.
***
Dünən günorta saatlarında “NIDA” Vətəndaş Hərəkatının daha bir üzvü saxlanılıb. Mülki geyimli şəxslər günorta saatlarında Rəşad Həsənovu saxlayaraq, Baş Prokurorluğun Ağır Cinayətlər üzrə Istintaq Idarəsinə gətiriblər. Ondan təxminən bir saat sonra ABŞ-ın Milli Demokratiya Institutunun Bakı nümayəndəliyinin işçisi Ruslan Əsəd də saxlanılaraq, adıçəkilən idarəyə gətirilib.
Bu haqda məlumat yayılandan dərhal sonra hərəkat üzvləri, eləcə də siyasi partiyanın gənc fəalları idarənin qarşısına toplaşıblar. Lakin onlara adıçəkilən fəalların hansı səbəbdən idarəyə gətirildikləri haqda hər hansı məlumat verilməyib.
Baş Prokurorluğun mətbuat xidmətindən isə jurnalistlərin bu haqda sualına saxlanılan gənclərlə bağlı onlarda hər hansı məlumat olmadığı bildirilib.
Axşam saat 19.00 radələrində Ruslan Əsədÿ buraxılıb. Gənc fəal dindirmədən çıxandan sonra jurnalistlərə müsahibə verməyib. Vəkili Əlibaba Rzayev isə deyib ki, “elə bir ciddi şey yoxdur”.
Rəşad Həsənov
Qəzet çapa hazırlanarkən Rəşad Həsənovdan isə xəbər yox idi. Vəkil Əsabəli Mustafayev “Azadlıq”a açıqlamasında bildirib ki, Rəşadın aqibətilə maraqlanmaq üçün bir neçə gün əvvəl həbs olunmuş 3 “NIDA”çının işini aparan istintaq qrupundan müstəntiq Ibrahim Ləmbəranski ilə əlaqə saxlayıblar. Lakin Ləmbəranski deyib ki, Ağır Cinayətlərə dair Işlər üzrə Istintaq Idarəsində Rəşad Həsənov adlı şəxs saxlanmır. Bu baxımdan Rəşad Həsənovun yeri və hansı səbəbdən saxlanıldığını öyrənmək mümkün olmayıb.
Ruslan Əsəd
Dünən gecə saatlarına qədər buraxılmaması Rəşad Həsənovun da təqsirləndirilən şəxs qismində cəlb olunduğunu düşünməyə əsas verir. Xatırladaq ki, ötən həftə “NIDA”nın 3 üzvü – Bəxtiyar Quliyev, Şahin Novruzlu vəÿMəmməd Əzizov həbs olunub. Prokurorluq və MTN iddia edir ki, “NIDA”çıların evlərində axtarış zamanı “Molotov kokteyli”, narkotik tapılıb. “NIDA” Vətəndaş Hərəkatı isə üzvlərinin həbsini siyasi sifarişin nəticəsi hesab edərək, baş verənləri seçki ərəfəsində gənc fəalların gözünü qorxutmaq kimi qiymətləndirir.
Informasiya şöbəsi