Amerika səfirliyi və Milli Demokratiya İnstitutu ittihamlara cavab verdi
Milli Demokratiya Institutunun (MDI) Azərbaycanda inqilab hazırladığı barədə ittihamlar əsassızdır. Bu barədə APA-ya ABŞ-ın Azərbaycandakı səfirliyindən bildirilib. Səfirlik bəzi kütləvi informasiya vasitələrində MDI Azərbaycandakı nümayəndəliyinin rəhbəri Aleks Qriqoryevsin Azərbaycanda “Facebook” sosial şəbəkəsi vasitəsilə inqilab planlaşdırılması layihəsinə 2 milyon dollar xərclədiyi barədə xəbərləri belə şərh edib: “Milli Demokratiya Institutu və onun direktoru Azərbaycanda vətəndaş cəmiyyətinə və demokratik inkişafına dəstək istiqamətində iş həyata keçirir. MDI 1995-ci ildən başlayaraq Azərbaycanda tam şəffaf fəaliyyət göstərir və onun fəaliyyəti Azərbaycan Ədliyyə Nazirliyi ilə imzalanmış qeydiyyat müqaviləsinə uyğun aparılır”.
MDİ ittihamlara cavab verdi
MDI-nin Azərbaycan bölməsinin rəhbəri Aleks Qriqoryevs də rəhbərlik etdiyi təşkilat barədə ittihamlara cavab verib. “Qafqazinfo”nun məlumatına görə, MDI rəhbəri “Facebook” statusunda yazıb ki, son günlər Azərbaycanın mətbuat və televiziya efirində Milli Demokratiya Institutu barədə təhrif olunmuş və yanlış informasiya yerləşdirilib: “Dəqiqləşdirmək üçün bildirmək istəyirəm ki, MDI Azərbaycanda hələ 1995-ci ildən, o zamankı prezident Heydər Əliyevin dəvəti ilə fəaliyyət göstərir. Son illər təşkilatın işi vətəndaş cəmiyyətləri, gənc liderlər və öz cəmiyyətlərinin inkişafı naminə yerli hökumət orqanları ilə sülh və konstruktiv şəkildə işləmək istəyən vətəndaşlara yardım etmək ətrafında cəmlənib. MDI-nin proqramları heç bir partiyanı dəstəkləmir və institut Azərbaycanda nə hökumət leyhinə, nə də əleyhinə olan qüvvələri dəstəkləyir. Onun proqramları yollar, işıq, kommunal xidmətlər, parklar kimi yerli infrastukturun yaxşılaşması üçün dialoq imkanları yaradıb və vətəndaşlar üçün siniflər, kitab klubları, sosial maarifləndirmə və ekoloji layihələr şəklində imkanlar yaradıb”.
Aleks Qriqoryevs bəyan edib ki, MDI, həmçinin müstəqil seçki müşahidəçiliyini dəstəkləməklə Azərbaycan vətəndaşlarının öz səslərini qorumaq cəhdlərinə kömək edir: “Institut xüsusən də seçkilərin nəticələrində maraqlı deyil. MDI Azərbaycan hökuməti qarşısında öz xərclərinin hesabatı ilə bağlı tamamilə şəffafdır və yerli qanunlara uyğun fəaliyyət göstərir. MDI-nin hər hansı digər fəaliyyətdə iştirakı ilə bağlı fərziyyələr tamamilə yalandır. MDI qeyri-kommersiya təşkilatıdır, heç bir siyasi partiyanı dəstəkləmir və əsas işi bütün dünyada vətəndaşların iştirakı ilə demokratik institutlara dəstək və onların güclənməsinə yardım etməkdən, hökumətə açıqlıq və hesabatlılıqdan ibarətdir”.
Xatırladaq ki, Haqqin.az saytı bir neçə gün əvvəl MDI-nin “Facebook” sosial şəbəkəsi vasitəsilə Azərbaycanda inqilab planlaşdırdığı, təşkilatın Azərbaycan nümayəndəliyinin rəhbəri Aleks Qriqoryevsin bu məqsədlə 2 milyon dollara yaxın vəsait çıxardığı barədə məlumat yayıb.
“Yeni Azərbaycan” təhqirə keçdi
Bu məlumat Azərbaycan hakimiyyətinin anti-ABŞ kampaniyasına başlamasına rəvac verib. Hökumətin nəzarətində olan media quruluşları ABŞ və MDI-nin ünvanına müxtəlif ittihamlar səsləndirməyə başlayıb.
Hakim Yeni Azərbaycan Partiyasının orqanı “Yeni Azərbaycan” qəzetinin dünəki sayında yazılıb: “ABŞ-ın Milli Demokratiya Institutu Gürcüstan, Moldova, Ukrayna kimi ölkələrdə baş vermiş siyasi katakilizmlərdə böyük rol oynayıb. MDI, Azərbaycanda da eyni ssenarini təkrarlamaq istəyir. Əslində bu qurumun Azərbaycandakı fəaliyyəti həmişə qeyri-qanuni olub.
MDI-nin yaradılmasında Amerika Mərkəzi Kəşfiyyat Idarəsinin rəhbərlərinin böyük rolu olub.
Aleks Qriqoryevs, “Facebook”da saxta profillərlə gənclər arasında, hakimiyyət əleyhinə təbliğat aparır.
Sübut olunub ki, Qriqoryevs 200 min “Facebook” istifadəçisinə mesaj yollayaraq, onları Fəvvarələr meydanına aksiyya çıxmağa dəvət edib. Son günlər “NIDA” gənclər təşkilatı ilə bağlı xəbər də təsadüfü deyil. Bu və bu kimi təşkilatların MDI ilə əməkdaşlığı ehtimal olunandı. Deyilənə görə Qriqoryevs cinsi azlıqların nümayəndəsidi və gənclərlə daha çox münasibət qurur. MDI demək olar ki, müxalifətçi gənclərin ofisinə çevrilib.
Aleks Qriqorevs kimilərin Azərbaycandakı fəaliyyətinə son qoymaq vaxtı çatıb. MDI Azrərbaycan hökuməti qarşısında üzərinə götüdüyü öhdəliyə əməl etməsə, təşkilatın ölkədən çıxarılması zərurətə çevriləcək.
“Səs” ABŞ-ı qlobal terrorda ittiham etdi
Başqa bir iqtidar qəzeti “Səs” isə birbaşa ABŞ-ı hədəf seçib: “Uqo Çavez kimi Cənub Amerikada ABŞ əleyhdarı olmuş bütün liderlərin xərçəngə yoluxması yenə o bilinən ”xəstəliyin qaynağı ABŞ-dır” sui-qəsd nəzəriyyəsini ağıllara gətirib.
Iki ildən çox xərçənglə mübarizə aparan Venesuela prezidenti Uqo Çavezin ölümü bir çox ölkədə dərin bir kədərlə qarşılanarkən, digər Cənub Amerika liderlərinin də xərçəngə tutulması ABŞ-ın sui-qəsdi olaraq qiymətləndirilmişdi və Çavesin ölümü təkrar bu sualları gündəmə gətirib.
ABŞ “demokratiyanı dəstəklədiyini” bəyan edir. O, ABŞ ki, Yaponiyaya 3 gün fərqlə 2 atom bombası ataraq tarixə Xirosima, Naqasaki kimi dəhşətli faciə yazdırıb. Birinci dəhşətdən “demokratiyanın” bərqərar olmadığını düşünən ABŞ iki gün sonra növbəti atom bombasını atıb.
ABŞ-ın son 10 ildə törətdiyi qlobal terrorda təkcə 2 milyon uşaq ölüb, 6 milyon isə şikəst olub. 1964-1973-cü illər ərzində Amerika ordusunun Vyetnamda mülkü vətəndaşlara qarşı törətdiyi kütləvi qətliamda yarım milyon vyetnamlı həyatını itirib. eləcə də, insan haqlarının müdafiəsi prinsiplərini dəstəkləyirik” deyəndə özünün, eyni zamanda, özgələrinin tarixində qanlı izlər buraxdığını xatırlayırmı?”