İsmət Abbasov postundan uzaqlaşdırılır, onun yerinə elə adam gətirilir ki…
Azərbaycanda kənd təsərrüfatı sahəsinə ayrılan milyonlar uğrunda yeni mübarizə başlayıb. Dövlət başçısının “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda etdiyi çıxış kənd təsərrüfatına nəzarət uğrunda hakimiyyətdaxili qruplaşmalar arasında mübarizə və qarşıdurmanın yeni mərhələsinin başlanğıcı olub. Hakimiyyətdaxili qruplaşmaların daha güclüsü dövlət başçısının çıxışı ilə bu mübarizəni yeni mərhələyə keçirməyə nail olub.
Dövlət başçısı çıxışında iqtisadi göstəricilərə toxunub və bu nəticələrin əldə olunmasında Iqtisadi Inkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun adını xüsusi çəkib. Bu isə təsadüfü olmayıb. Dövlət başçısının çıxışının hazırlanmasında iqtisadi inkişaf naziri Şahin Mustafayev əsas rol oynayıb. Sahibkarlığa Kömək Milli Fondunun adının xüsusi hallanması da nazirin gərgin əməyinin nəticəsində mümkün olub. Əslində isə bu, Sahibkarlığa Kömək Milli Fondunun rəhbəri Şirzad Abdullayevin yeni vəzifəyə təqdimatı olub. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, vergilər naziri Fazil Məmmədov və iqtisadi inkişaf naziri Şahin Mustafayevin daxil olduğu qruplaşma xeyli müddətdir uğrunda mübarizə apardıqları kənd təsərrüfatı naziri vəzifəsinə öz adamlarını gətirmək üçün çalışırlar.
Hazırkı nazir Ismət Abasov hakimiyyətdaxili qruplaşmalardan heç birinə daxil olmadığına görə yuxarıda adını çəkdiyimiz qruplaşma onu vəzifəsindən uzaqlaşdırmaq üçün əlindən gələni edir. Yaxın günlərdə I.Abasovun vəzifəsindən azad olunacağı və nazir vəzifəsinə Şirzad Abdullayevin təyin olunacağı gözlənilir. Son zamanlar hakimiyyətyönlü mətbuatda Sahibkarlığa Kömək Milli Fondu və onun rəhbəri Şirzad Abdullayevin tez-tez görünməsi, haqqında tərif dolu yazıların, televiziya verilişlərinin hazırlanması da bu təyinatın reallaşdırılmasına hesablanıb.
Hazırda kənd təsərrüfatı sahəsində vəziyyət ürəkaçan deyil və dövlət başçısı son müşavirədə bu məsələyə xüsusi toxunub. Ona görə də yaxın vaxtlarda kənd təsərrüfatı sahəsinə böyük miqdarda vəsait ayrılacağı gözlənilir. Dövlət başçısı bununla bağlı qərarlar imzalayacaq. K.Heydərov, F.Məmmədov və Ş.Mustafayev qruplaşması bu vəsaitlərə sahib çıxmaq, iri fermer təsərrüfatları yaratmaqla dövlət pulunu özlərinin təsərrüfatlarına yönəltmək üçün I.Abasovu vəzifəsindən uzaqlaşdırmaqda qərarlıdırlar. Bununla da kənd təsərrüfatı üçün ayrılıan bütün pullar, o cümlədən subsidiyalar bir əldə cəmləşəcək. Yeri gəlmişkən qeyd edək ki, dövlət başçısı I.Əliyev subsidiyaların paylanmasından da ciddi narazılıq etmişdi. Iqtisadi inkişaf naziri Ş.Mustafayev bunun məsuliyyətini I.Abasovun ayağına yazmağa çalışıb və prezidentin tənqidi də bu fonda meydana çıxıb. K.Heydərov və Ş.Məmmədov bu məsələdə iqtisadi inkişaf nazirini qabağa veriblər və onun əli ilə hakimiyyət daxilində ciddi dayağı olmayan I.Abasovu tezliklə vəzifəsindən çıxarmağa nail olacaqlarına əmindirlər.
Azad