Almaniya nəşri Stalinin zəhərlənərək öldürüldüyü ehtimalını irəli sürüb
Martın 5-də sovet diktatoru Iosif Stalinin vəfatının 60 ili tamam oldu. Bu qədər vaxt keçməsinə baxmayaraq hələ də onun ölüm səbəbləri ilə bağlı şaiyələr dolaşmaqdadır. Almaniyanın “Die Welt” nəşri də Stalinin həyatının son günlərindən bəhs edən məqalə dərc edib. Yazını qısa ixtisarla təqdim edirik.
Çox az sayda adam XX əsrə Iosif Cuqaşvili, yəni Stalin qədər təsir edə bilərdi. 1953-cü ilin martın 1-də Moskvanın mərkəzindən 15 km aralıda, Kunsevodakı bağ evində Stalin infarkt keçirsə də, bu haqda heç kimin məlumatı yox idi. Yalnız martın 4-də dövlət informasiya agentliyi Kremlin sahibinin xəstəliyi barədə rəsmi məlumat yaydı. Məlumatda deyilirdi ki, martın 1-dən 2-ə keçən gecə Moskvadakı mənzilində Stalinin beyninə qan sızıb, həmçinin o ürək fəaliyyətinin pozulmasından əziyyət çəkir. Burada nə yer, nə də vaxt dəqiq göstərilmir. Məlumatda həmçinin deyilirdi: “Yoldaş Stalinin müalicəsi üçün ən yaxşı səhiyyə qüvvələri cəlb edilib”. Bir gün sonra Stalin öldü.
Bu gün, 60 ildən sonra hələ də bütün faktları aşkar etmək mümkün olmayıb. Hakimiyyətin diktatorun əlində çıxdığı həmin həlledici saatlarda baş verən hadisələri aşkara çıxarmaq olduqca mürəkkəb məsələdir. Çünki bu günə qədər saxlanılan sübutlar ziddiyyətli maraqların təsiri altındadır, həmçinin onun davamçılarının təşkil etdiyi təbliğat nəticəsində təhrif olunub. Ölümündən cəmi bir neçə həftə əvvəl Stalin bir neçə yüksək rütbəli məmuru istefa və aradan götürməklə hədələyib. Bəlkə onun ölümünə səbəb zəhərlənmə olub?
“Stalin: qırmızı monarxın sarayı” (Stalin. Am Nof des Roten Zaren) kitabında britaniyalı tarixçi Saymon Sebeq Montifiore Stalinin ölümünü təsvir edib. Digər mənbələrdən olan məlumatlarla SSRI ilə yanaşı bir çoxlarını heyrətləndirəcək hadisələrin xronikası ortaya çıxır.
1953-cü ilin fevralın 28-i, Moskva, Kreml, saat təxminən 19.00
Stalin xidməti avtomobili ilə Kunsevodan Kremlə gedir. Adəti üzrə Siyasi Büro üzvlərində Beriya, Xruşov, Malenkov və Bulqanini birgə kinoya baxmaq üçün yanına çağırır.
Moskva, Kreml, təxminən saat 22.45
Marşal Voroşilov və mühafizə xidmətinin rəisi Lozqaçev Kunsevoda şam yeməyi üçün menyu tərtib edirlər. Stalin artrit, ateroskleroz, yüksək təzyiq və baş gicəllənmədən əziyyət çəkirdi. Paranoidal tutmalarına görə isə həkimlər ona pəhriz tövsiyyə edirdi. Ancaq bununla belə diktatorun sevimli gürcü çaxırı hər zaman sürfədə bol olub.
1 mart, Kunsevo, gecə saat 4
Stalin qonaqları yola salır və onlara “bir qədər yata bilərsiniz” deyir. Bu sözlər bir qədər təəccüblü görünür. Çünki diktator istənilən an onları yanına çağıra bilərdi. Stalin hər gün tabeçiliyində olanlara təzyiq göstərirdi. Əgər süfrə başında kimsə dözməyib yuxuya getsəydi, buna ona həyatı bahasına başa gələ bilərdi. Eyni aqibət diktatorun xoşuna gəlməyən ifadə işlədənləri də gözləyirdi.
Kunsevo, saat 12
Mühafizəçilər Stalinin hələ yuxudan oyanmadığını anlayır. Onlar hesabatda diktatorun tərpənmədiyini qeyd edirlər.
Kunsevo, saat 18
Stalinin yatdığı kiçik qonaq otağında işıqlar yandırılır. Sonradan rəsmi hesabatda mühafizə xidmətinin rəisi Lozqaçov həmin an heç nə hiss etmədiklərini yazacaq.
Kunsevo, saat 21
Stalin adətən bu vaxtı mühafizəçisini yanına çağırıb tapşırıq verirdi. Ancaq həmin gün bu baş vermədi. Lozqaçov və polkovnik Starostin kimin Stalinin otağında yoxlama aparmalı olması ilə bağlı mübahisə edir. Hər iki şəxs bu addımı atmaqdan qorxduqlarını deyir.
Kunsevo, saat 22
Mərkəzi Komitədən məktub gəlir. Lozqaçov məktubu şəxsən Stalinə təqdim etməli olduğundan bağ evinə daxil olur. Otağa çatana qədər o mümkün qədər çox səs-küy yaratmağa çalışır. Çünki evin sahibi sürprizləri xoşlamır və bu bir çox hallarda ölüm cəzası ilə bitirdi. Qonaq otağında mühafizəçi “dəhşətli səhnə” ilə üzləşir: Stalin pijama və maykada yerdə uzanıb, ayıq olsa da, danışa bilmir. Yanında “Pravda” qəzeti və saat var. Onun saatı 06.30-u göstərir.
Kunsevo, 22.10
Mühafizəçiləri Stalini divana uzadır. Diktator soyuqdaan titrəyir. Mühafizə xidmətinin rəhbəri Iqnatyevi məlumatlandırır. Lakin məxfi xidmət rəhbəri məsuliyyəti üzərindən atır və polkovniki Malenkov, Beriya və böyük ehtimalla Xruşovun yanına göndərir.
Kunsevo, 22.40
Beriyanın tapmaq mümkün deyil. Onun qəsdən gizləndiyi ehtimalı var. Bir neçə ay əvvəl Stalinin onu öldürmək istədiyini öyrənib.
Moskva, Kreml, saat 22.10
Beriya Kunsevoya zəng edir və mühafizə xidmətinin rəhbərinə Stalinin vəziyyəti ilə bağlı heç kimə məlumat verməməyi tapşırır. Mühafizə xidmətinin rəisi hələ də soyuqdan titrəyən Stalinin yanında növbə çəkir. Sonralar Lozqaçev bir gecəyə başının ağardığını deyirdi.
Martın 2-i, Kunsevo, gecə yarısı
Xruşov, Bulqanin və Malenkov Kunsevoya gəlir. Onlar Stalinin sərxoş olduğunu ehtimal edir. Onu bu vəziyyətdə narahat etməmək üçün Kremlə qayıdırlar.
Kunsevo, saat 3.30
Artıq hakimiyyət uğrunda mübarizə başlayır. Beriya hərəkətə keçir. Artıq bir neçə aydır Stalin ona təzyiq göstərir və hətta özünə qarşı araşdırma aparmağı da tələb edir. Beriya diktatorun onunla bağlı plan hazırladığını bildirdi. Molotov və Mikoyanın da vəziyyəti fərqli deyil. Partiyanın XIX qurultayında Stalin bu üç şəxsi “ədəbsiz davranışda” ittiham edib. Böyük ehtimalla bu dəqiqələrdə Beriya, Xruşov və Malenkov məxfi xidmətin rəhbəri Iqnatyevi də müttəfiq kimi görür.
Moskva, səhər tezdən
Gecədən mətbuatda yahudi həkimlərə qarşı başlayan kampaniya dayandırılır. Indiyə qədər “Pravda” qəzetinə kimin belə göstəriş verdiyi məlum deyil. Bununla da Stalinin təmizləmə dalğasına son qoyulur. Buna qədər isə yahudi mütəxəssislər həbs edilib, işgəncələrə məruz qalırdı. Molotovun milliyyətcə yahudi olan xanımı da həbsdədir.
Moskva, Kreml, saat 5.15
Malenkov və Beriya həkimlərin Kunsevoya getməsi haqda razılığa gəlir. Ancaq kim getsin? Kremlin ən yaxşı həkimləri həbsxanada işgəncələrə məruz qalır. Stalinin yanına gedəcək həkimlər arasında yahudi olmamalıdır.
Kunsevo, saat 6.45
Molotov, Mikoyan xəstə Stalinin yatağının yanında dayanıb. Beriya da ordadır və göstərişlər verir. Bu zaman diktatorun ölümlə hədələdiyi Molotovun gözündən yaş axır. Stalin bir neçə saniyəlik gözlərini açır, bundan sonra o daha özünə gəlmir. Beriya öyünür: “Mən onun axırına çıxdım. Mən sizi ölümdən xilas etdim!” Bu versiyanın üzərində dayanmağa bir neçə səbəblər imkan verir: məxfi xidmətə rəhbərlik etdiyi vaxtlarda Beriya zəhərdən məharətlə istifadə etdiyini bir neçə dəfə sübut edib. Stalinin mədəsindəki qanaxma barədə məlumat sonradan rəsmi ölüm versiyasına salınmır.
Kunsevo, saat 7
Professor Lukomskinin rəhbərliyi altında həkim briqadası gəlir. Lakin Beriya qışqırmayana qədər onlar diktatorun nəbzini belə yoxlamağa cəsarət etmir. Sonralar Lozqaçev xatırlayır: “Bizə elə bilirdik ki, hamımızı maşina salıb aparacaqlar, bununla da axırımız gələcək”.
Moskva, Kreml, saat 10.00
Siyasi büronun iclasında həkimlər “beynə arterial qan sızması” diaqnozunu açıqlayır. Vəziyyət “olduqca ciddidir” və “proses dönməz xarakter alıb”. Beriya və Malenkov həkimlərdə “yoldaş Stalinin həyatını xilas etmək üçün mümkün olan hər şey” etməyi tələb edirlər. Bu isə hakimiyyət uğrunda mübarizədə vaxt udmaq demək idi.
Moskva, martın 4-ü
Beriya, Xruşov və Malenkov Stalinin “cari və arxiv sənədlərinin” qaydaya salınması ilə məşğuldurlar. Xüsusi fəallıq göstərən Beriya rəsmi sənədləri ələ keçirə bilsə də, bir neçə aydan sonra hakimiyyətini, daha sonra isə Xruşova qarşı mübarizədə həyatını itirir.
Kunsevo, martın 5-i
Istehzalı Beriya və ağlayan digər rəhbər şəxslərin əhatəsində 20 milyon adamın ölümünə səbəb olan, 28 milyon insanı deportasiya edən sovet lideri Stalin səhərə qədər yaşayır. Bir qədər sonra onun rəngi dəyişir, dodaqları qaralır və nəhayət o boğulmadan ölür. Sonralar onun öz tiraniyasının qurbanı olduğunu deyiləcək. Ətrafında dayanlar göz yaşlarını axıtdığı zaman yalnız Beriya avtomobilinə minib Kremlə gedir.