Rebekka Vinsent hakimiyyəti rüsvay etdi və beynəlxalq aləmi təcili tədbir görməyə çağırdı
Diplomat hakimiyyətdən Avropa Məhkəməsinə şikayət etmək niyyətindədir
ABŞ-ın ölkəmizdəki səfirliyinin keçmiş əməkdaşı, hazırda Londonda fəaliyyət göstərən Rebekka Vinsent “Əl-Cəzirə”də Azərbaycandakı vəziyyətdən bəhs edən geniş məqalə ilə çıxış edib. Azərbaycanda insan hüquqları və demokratiya ilə bağlı durumun acınacaqlı olduğunu bəyan edən xanım Vinsent beynəlxalq aləmi təcili tədbir görməyə çağırıb.
“Beynəlxalq nəzarət zəiflədikcə, Azərbaycan hakimiyyəti var gücü ilə tənqidçilərini susdurmağa çalışır” başlıqlı məqalədə diplomat yazır:
Hakimiyyət qisas alır…
Azərbaycanda vətəndaş cəmiyyəti görünməmiş həddə təzyiq altındadır. Hakimiyyət tənqidçilərini susdurmaq üçün güclü kampaniya aparır.
Beynəlxalq aləm isə neftlə zəngin Azərbaycanla biznesini davam etdirməklə məşğuldur. Ölkə demokratik adını daşımağa əsasları sürətlə itirir.
Hakimiyyət xüsusən, ötən ilin mayında və noyabrında Bakıda keçirilən “Eurovision” mahnı müsabiqəsi və Internet Idarəçiliyi Forumu ərəfəsində, beynəlxalq media ölkəyə diqqət ayırdığı bir vaxtda insan hüquqlarına dair problemləri qabartmış şəxsləri cəzalandırmağa çalışır. Hüquq müdafiəçiləri də əvvəlcədən xəbərdar etmişdilər ki, beynəlxalq diqqət azalan kimi, hakimiyyət qisas alacaq. Onlar haqlı çıxdılar…
Son bir neçə ayda Azərbaycan hakimiyyəti tənqidi səsləri boğmaq, o cümlədən məni susdurmaq üçün çox ciddi səylər göstərir. Dekabrda mən Azərbaycandan kənarda olarkən hökumət mənim yaşayış icazəmi ləğv etdi və mənə Bakıdakı evimə qayıtmağa icazə verilmədi. Beləliklə də, ailəm indiyə qədər iki yerə parçalanmış vəziyyətdədir.
Bununla bağlı hələ ki, heç bir rəsmi açıqlama verilməyib. Amma diplomatik söhbətlərdə təsdiqlənib ki, bu aksiya siyasi sifarişlə həyata keçirilib. Azərbaycan hakimiyyəti mənə sövdələşmə təklif etdi – əgər insan hüquqlarının müdafiəsilə bağlı fəaliyyətimdən əl çəksəm, ölkəyə qayıda bilərəm. Onların bu sövdələşməsi baş tutmadı…
Vəziyyətin pisləşməsində Avropa siyasətçilərinin birbaşa rolu var
Buna nə səbəb oldu? “Eurovision” və Internet Idarəçiliyi Forumu ərəfəsində mən yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları ilə geniş iş aparırdım. Biz onlarla birlikdə iki hesabat hazırladıq və bunlar kitab şəklində çap olundu. Həmin sənədlərin Internet Idarəçiliyi Forumunda yayılmasına imkan vermədilər. Amma görünür, ötən il dekabrın 11-də yaradılan “Demokratiya Naminə Incəsənət” kampaniyasıyla əməkdaşlığım mənə qarşı son addımın atılmasında həlledici rol oynadı.
Yeri gəlmişkən, hökumətyönlü mətbuat orqanları bu kampaniyaya dəstək verən ABŞ, Böyük Britaniya, Fransa, Almaniya səfirliklərinə qarşı hücuma keçərək, onları Azərbaycan əleyhinə iş aparmaqda ittiham etdilər.
Mənim yaşayış hüququmun ləğvilə yanaşı, kampaniyanın digər iştirakçıları da müxtəlif formalarda təzyiqlərə məruz qalıblar.
Mənimlə bağlı baş verənlər aysberqin görünən hissəsidir. Dekabrdan sonra da Azərbaycanda insan hüquqlarının vəziyyəti son dərəcə sürətlə pisləşməkdədir. Yanvar ayında hakimiyyət Bakıda və bölgələrdəki etirazlara zorakılıqla qarşılıq verib, onlarla etirazçı həbs olunub, bir çoxları böyük məbləğlərdə cərimələnib. Cəriməni ödəməyən fəalların özlərinin və yaxınlarının əmlakı əllərindən alınıb.
Hakimiyyətin atdığı addımlar oktyabrda keçiriləcək prezident seçkilərinin azad və ədalətli olmasını bəri başdan istisna edir. Prezidentliyə namizədlərdən REAL Hərəkatının sədri Ilqar Məmmədov siyasi motivlərlə həbsdədir. Digər namizəd – Müsavat başqanı İsa Qəmbərin Lənkərana səfəri zamanı onun olduğu avtomobil hücuma məruz qalıb, partiyanın 9 üzvü yaralanıb.
Ölkənin aparıcı müxalifət qəzeti olan “Azadlıq”a qarşı 62 min manatlıq (79 min dollar) məhkəmə cəriməsi çıxarılıb.
Bundan başqa, Azərbaycan parlamenti qanunlara mürtəce dəyişikliklər edib. Məqsəd QHT-lərin fəaliyyət imkanlarını məhdudlaşdırmaq və onların qapadılmasını daha da asanlaşdırmaqdır.
Azərbaycanda vəziyyətin pisləşməsində Avropa siyasətçilərinin birbaşa rolu var. Bu da AŞ PA-nın qış sessiyasında Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamənin qəbul olunmamasında özünü göstərdi. Azərbaycan hakimiyyəti də bu cür yanaşmadan istifadə edərək, repressiyaları gücləndirir.
Yaranmış vəziyyət beynəlxalq aləmin Azərbaycan hakimiyyətinə ciddi təzyiq göstərməsini tələb edir. Azərbaycan hakimiyyəti beynəlxalq öhdəliklərini yerinə yetirməyə məcbur edilməsə, sonra çox gec olacaq.
“Bir gün azad Azərbaycana qayıdacağam”
Qeyd edək ki, hakimiyyət Rebekka Vinsetin Azərbaycanda yaşamaq iznini ləğv edib və buna görə də o, Bakıdakı ailəsindən ayrı düşüb. ABŞ səfirliyi də Vinsentin Milad bayramından sonra Azərbaycanda yaşamaq icazəsinin ləğvindən xəbərdardır. Bu barədə “Azadlıq” radiosuna səfirliyin mətbuat xidmətindən məlumat veriblər: «Səfirlik problemin həlli üçün Azərbaycan hökuməti və xanım Vinsentlə çox gərgin işləyib. Bu cəhdlərin nəticəsiz qalmasından və xanım Vinsentin Azərbaycandakı ailəsinə qoşula bilməməsindən təəssüflənirik».
Rebekka Vinsent isə bununla bağlı “Facebook” vasitəsilə Azərbaycandakı dostlarına etdiyi müraciətdə bildirib ki, Azərbaycan hakimiyyətindən Avropa Məhkəməsinə şikayət etmək niyyətindədir.
“Məni hüquq-müdafiə fəaliyyətimə, əsasən dekabrda həyata keçirdiyimiz “Demokratiya naminə incəsənət” kampaniyasındakı işimə görə faktiki olaraq ölkədən qovublar. Əslində təqib olunmağımda təəccüblü bir şey yoxdur, lakin zaman və hakimiyyətin bunu etmək metodu məni qəflətən yaxaladı. Ölkəni tərk edərək Böyük Britaniyaya Milad Bayramına getdikdən sonra mənə bildirdilər ki, mənim immiqrasiya sənədlərim dondurulub. Nə oğlumun, nə həyat yoldaşımın, yalnız mənim sənədlərim dondurulub, həm də heç bir açıqlama verilmədən. Bu o deməkdir ki, mən və 20 aylıq oğlum evimizə qayıda bilmərik və ailəmiz iki yer bölünür, belə ki, həyat yoldaşım iki ay öncə Bakıya işə qayıtdı.
Azərbaycana tezliklə qayıtmaq ümidi ilə özümü təmkinli apardım. ABŞ səfirliyi Azərbaycan hakimiyyəti ilə danışıqlar aparmağa çalışırdı. Sonda mənə belə bir təklif etdilər – öz fəaliyyətimi dayandırsam ölkəyə qayıda bilərəm. Mən həvəssiz olaraq razılaşdım, düşündüm ki, bu, ailəmin birləşməsinə və ölkə daxilindəki dostlarıma yardım göstərilməsinin yollarını tapmağıma imkan yaradar. Lakin yüksək vəzifəli məmurlar arasında fikir müxtəlifliyi səbəbindən bu təklif baş tutmadı. Mənə belə gəlir, bəziləri inanmırdı ki, mən həqiqətən fəaliyyətimi dayandıraram və mənim əvvəlkitək dostlarımla görüşə biləcəyimdən narahat olurdular.
Mən öz şəxsi vəziyyətimə bağlı hadisənin üstündə çox dayanmaq istəmirəm. Avtoritar ölkədə insan hüquqları sahəsində fəaliyyət göstərmək müəyyən risk tələb edir. Mən Azərbaycanda çalışdığım yeddi il ərzində təzyiqlərə məruz qaldım. Bəxtim gətirdi ki, həbsə düşmədim, ya da ki mənə hücum olmadı. Mənim yerli dostlarımın və həmkarlarımın çoxları bu cür hallara məruz qalıblar. İndi mən onlarlayam ki, beynəlxalq diqqəti ölkədəki insan haqları ilə bağlı ağır duruma yönəldə bilək. Çünki bu, son üç ayda nəzərəçarpacaq dərəcədə pisləşib.
Mən ədalətə nail olmaq, Azərbaycanda ailə həyatının və şəxsi həyata hörmətlə yanaşılması hüququ ilə bağlı pozuntu hallarını aydınlaşdırmaq ümidi ilə Avropa İnsan Hüquqları Məhkəməsində məhkəmə iddialarına təşəbbüs göstərəcəyəm.
Mənim üçün ən ağır olan hiss hər şeyin natamam qalmasıdır – Bakıdakı həyatım, işim, ilk növbədə mənim dostluğum. Azərbaycanda demokratik inkişaf və insan haqlarının müdafiəsi uğrunda çox mübarizə aparmağımın səbəbi odur ki, adamların əksəriyyəti öz hüquqları uğrunda mübarizəni mənə nisbətən daha ağır şəraitdə aparırlar və onların səsləri mütləq eşidilməlidir.
Xoşbəxtəm ki, sizlərdən çoxunu öz dostlarım hesab edə bilərəm və bu ölkədə sizinlə birlikdə çalışdığım anların qiymətini biləcəyəm.
Siz mənim həyatıma güman etdiyinizdən də çox daxil oldunuz. Əminəm ki, bir gün azad Azərbaycana qayıdacağam. Hiss edirəm ki, nəsə dəyişməyə başlayır, adamlar təqiblərə və korrupsiyaya qarşı üsyana qalxırlar. Mən istənilən halda azadlıq uğrunda mübarizəyə yardım etməkdə davam edəcəyəm, bunu xaricdə də etmək mümkündür”, – deyə Rebekka Vinsent yazıb.
Aytən Məmmədova