Hakimiyyət Moskvanı kontr-tədbirlərlə hədələdi
«Ria-Novosti»nin yazısı Bakı ilə Moskva arasında münasibətləri gərginləşdirdi
Rusiyanın “Ria-Novosti” dövlət agentliyinin saytında Vadim Dubnovun “Qarabağ ötən 25 ildə tanınmamış respublika olmağa öyrəşib” yazısı Azərbaycanda haqlı etiraza səbəb olub. Yazıda Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin 25 il əvvəl özünün “müstəqilliyini” elan etməsindən və bu il yubiley keçirəcəyindən danışılır. Müəllif 1988-ci ildə ermənilər üçün əlamətdar hesab edilən bir sıra hadisələrdən də söz açır.
Fevralın son həftəsində Sumqayıt “qırğınının” növbəti 25-ci ildönümü münasibətilə yürüş keçiriləcəyini yazan müəllif daha sonra ilk “hərbi parad”ın yubileyi qeyd olunacağını deyir. V.Dubnov torpağını erməni işğalçılarından qoruyan Azərbaycan əsgərlərini qaralamaqdan da çəkinmir və onların təkcə iki gündə 1500 dəfə atəşkəsi pozduğunu iddia edir. Azərbaycan hakimiyyətinin danışıqlar prosesindəki mövqeyini tənqid edən müəllif guya 1994-cü ildə məhz rəsmi Moskvanın təkidi ilə erməni ordusunun Bakıyadək, yaxud da ən azı Gəncəyədək irəliləməsinin qarşısının alındığını yada salır. O eyni zamanda ermənilərin sülhpərvərliyinə də xüsusi önəm verir. V.Dubnov qondarma “DQR”dəki iqtisadi inkişafdan da söz açır və orada artıq heç kimin müharibə haqda düşünmədiyini yazır.
Yazıda Xankəndi qondarma “DQR”in inzibati mərkəzi olan Stepanakert, Xocalı aeroportu isə “Stepanakert aeroportu” kimi təqdim edilib, eyni zamanda qondarma “parlament”dən söz açılır. Məqalənin sonunda agentlik “müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər” qeydi ilə özünü sığortalmağa çalışır. Lakin bu, Rusiya dövlət agentliyinin ermənipərəst mövqeyinə bəraət qazandırmır. Onu da qeyd edək ki, fevralın 25-də dərc olunan bu yazı bir gün sonra saytdan yığışdırılsa da, artıq erməni saytları məqaləni yerləşdirib.
Eyni zamanda Azərbaycanın rəsmi mətbuatı da yazıya sərt reaksiya verib. “Yeni Azərbaycan” və “Azərbaycan” qəzetləri “Ria-Novosti”də dərc olunan məqalənin Rusiyanın mövqeyini əks etdirdiyini yazır.
“Azərbaycan” qəzeti və “AzərTAc” agentliyi “Ria-Novosti”yə öz dilində cavab verə biləcəklərini qeyd edir: “Bəlkə biz də dövlət agentliyi kimi ”RIA-Novosti”dən olan həmkarlarımızdan nümunə götürərək Qroznı əvəzinə “Cövhər” və Çeçenistan əvəzinə “Içkeriya” adlarından istifadə edilən material hazırlayaq, materialın sonunda isə yazaq: “Bilirsinizmi, həmkarlar, bizə acıqlanmayın, axı müəllifin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər”.
Rəsmi mətbuat Rusiyanın bu vaxta qədər bir neçə dəfə bu tip hərəkətlərə yol verdiyini və Azərbaycan tərəfinin bunu da cavablandıra biləcəyini yazır. Belə ki, ötən ilin martın 21-də Rusiya Strateji Araşdırmalar Institutunda (RSAI) “Yaxın Şərqdə və postsovet məkanında Türkiyə amili” mövzusunda keçirilən dəyirmi masanı xatırladan “Azərbaycan” həmin tədbirə qatı separatçı Fəxrəddin Aboszoda ilə yanaşı, işğal edilmiş Dağlıq Qarabağ bölgəsindən olan adı məlum olmayan “DQR xarici işlər nazirinin məsləhətçisi”nin dəvət edilməsini təsadüfi hesab etmir. “AzərTAc” və “Azərbaycan” Rusiyanın bu hərəkətinə də analoji cavab verilə biləcəyini yazır: “Bəlkə biz də bu hoqqabazlığa cavab olaraq Doku Umarovun həmkarlarını Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinə dəvət edək və onları ”Içkeriya Çeçen Respublikası”nın rəsmi şəxsləri kimi təqdim edək? RF XIN tərəfindən göndərilə biləcək diplomatik notaya cavab olaraq biz də standart cavab hazırlaya bilərik: “Bu münaqişədə Azərbaycanın mövqeyi dəyişməmişdir: Bakı Çeçenistan münaqişəsinin sülh yolu ilə hər iki tərəfi qane edən həllinə tərəfdardır”. Bəlkə, biz Boris Berezovskini SAM-a dəvət edək? Yaxud Dağıstan Əmirini elə belə də, yəni dırnaq işarəsindən istifadə olunmadan təqdim edək? Bəlkə biz də guya “təsadüfən” Kuril adalarını RF xəritəsindən çıxaraq və ya onları, bəzən “RIA-Novosti”nin öz materiallarında Azərbaycan xəritəsinə münasibətdə etdiyi kimi həmin adaları mübahisəli ərazilər kimi göstərək? Sonda da formal surətdə qeyd edək ki, material müəllifinin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər”.
“Ria-Novosti”dəki məqaləyə görə rəsmi Bakı Rusiyaya nota da verib. Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev fevralın 26-da Rusiyanın səfiri Vladimir Doroxini qəbul edərək Azərbaycanın məqalə ilə bağlı etiraz notasını ona təqdim edib. Bu barədə XİN mətbuat xidməti məlumat yayıb. Məlumatda deyilir ki, nazir müavini səfirə Xocalı soyqırımının ildönümü ərəfəsində Rusiyanın dövlət informasiya agentliyində belə bir məqalə dərc edilməsini Azərbaycanın narazılıq və narahatlıqla qarşılandığını bildirib. Nazir müavini səfirin diqqətinə çatdırıb ki, Azərbaycana qarşı yönəlmiş məlumatların Rusiya KİV-də yayılması hallarının son zamanlar geniş vüsət aldığı müşahidə edilməkdədir. Azərbaycana qarşı belə məlumatın məhz, Rusiyanın dövlət informasiya agentliyinin internet səhifəsində yerləşdirilməsinin xüsusilə təəssüf hissi doğurduğu və ATƏT-in Minsk Qrupunun həmsədri olan Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətindəki fəaliyyətinə kölgə saldığı vurğulanıb.
Məqalədə reallığın əks olunmadığı, separatçılıq və ekstremizmə çağırışların səsləndiyi və ərazi bütövlüyü prinsipinə hörmətsizliyin ifadə olunduğu da Rusiya səfirinin diqqətinə çatdırılıb.
Fizzə