Yazıçının qulağını kəsənə mükafat vəd edən Hafiz Hacıyevə isə rəsmi xəbərdarlıq olundu
Yazıçı Əkrəm Əylislinin qalmaqallı “Daş yuxular” əsəri dünən Qafqaz Müsəlmanlar Idarəsində (QMI) də müzakirə olunub. QMI sədri Şeyxülislam Allahşükür Paşazadənin sədrliyilə keçirilən müzakirələrdə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr Işenin, Azərbaycan Yəhudiləri Icmasının sədri Gennadi Zelmanoviç, Roma Katolik Kilsəsinin Bakıdakı nümayəndəsi Vladimir Fekete, bir qrup deputatlar və ictimai xadimlər də iştirak ediblər.
APA-nın məlumatına görə, müzakirələr zamanı Allahşükür Paşazadə bildirib ki, əsər tamamilə Azərbaycan xalqının təhqir olunmasına həsr olunub və milli mənəvi dəyərlərimizə ziddir: “Burada Azərbaycan tarixi təhrif, Islam dini təhqir olunub. Əsasən dövlət başçımız haqqında obyektiv olmayan fikirlər səsləndirilir, 20 Yanvar və Xocalıda şəhid olanların ruhu təhqir olunur. Ona görə də bu əsər qəbuledilməzdir”.
Deputat Yaqub Mahmudov “Daş yuxular”ı “başabəla əsər” adlandırıb: “Mən əsərin 50 səhifəsini oxuyub başa çatana qədər bir neçə dəfə halım dəyişdi, səhhətimdə problemlər yarandı”.
Müzakirələrin sonunda QMI-nin Elmi-Dini Şurası və Qazılar Şurasının “Daş yuxular”la bağlı bəyanatı səsləndirilib.
Bəyanatda bildirilir ki, Azərbaycan dindarları Əkrəm Əylislinin üzdəniraq “Daş yuxular” əsərini birmənalı olaraq xalqımızın heysiyyətinə toxunan, ülvi dəyərlərinə təhqir kimi dəyərləndirir, bu mənəviyyatsızlığın qarşılığında onun “Xalq yazıçısı” adından məhrum edilməsini ədalətli addım sayırlar: “Dövlət tərəfindən hər zaman gördüyü qayğı və diqqət qarşılığında dövlətçiliyi sarsıtmaq istəyən, xalqına xəyanət edən bir şəxsin ”Şöhrət” və “Istiqlal” kimi ali dövlət təltifləri daşımağa da heç bir mənəvi haqqı qalmayıb”.
Dindarların bəyanatında deyilir ki, qəhrəmanının dili ilə Azərbaycan xalqının ünvanına olmazın iftiralar yağdıran müəllifin xalqlar arasında barışığa nail olmaq məramında olduğu fikrini səsləndirməsi isə riyakarlıqdan başqa bir şey deyil: “Nədənsə Irəvanda, Qarabağda – Şuşada, Ağdamda, Xankəndidə dağıdılmış, təhqir etmək məqsədilə heyvanların buraxıldığı məscidlərimizin, viran qoyulmuş ziyarətgah və qəbiristanlıqlarımızın taleyi üçün narahat belə olmayan müəllifi ermənilərin öz adlarına çıxdıqları, əslində isə albanlardan miras qalmış kilsə və monastırların aqibəti hədsiz qayğılandırır, yuxusunu ərşə çəkir. ”Məsum” adlandırdığı ermənilərin ruhları üçün üzüntü və təəssüf hissi keçirən Əkrəm Naibovun yuxusuna nədən Xocalı qətliamının günahsız qurbanlarının narahat ruhları girmir?! Müsəlman kəndi Əylisi ermənilərin Məkkəsi adlandıran, azərbaycanlıları, müsəlmanları erməni kilsəsinə ibadətə çağıran Əkrəm Naibovun ağır mənəvi durumda olması, islamafobiyaya mübtəla olması və ermənipərəstliyi şübhə doğurmur”.
Hafiz Hacıyev DIN-i təkzib edir
Əkrəm Əylislinin qulağını kəsib gətirənə 10 min manatlıq mükafat vəd edən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevə Daxili Işlər Nazirliyi tərəfindən rəsmi şəkildə xəbərdarlıq olunub. Bu barədə APA-ya nazirliyin mətbuat xidmətinin rəisi Sadiq Gözəlovÿ məlumat verib.
Onun sözlərinə görə, mətbuatda yazıçı Əkrəm Əylislinin sağlamlığına zərər yetirməsi barədə etdiyi çağırışla əlaqədar Hafiz Hacıyev Daxili Işlər Nazirliyinə dəvət olunub: “Ona cinayətin törədilməsinə sövq edən çağırışının hüquqi nəticələri izah olunub və baş verə biləcək hər hansı qanunazidd əmələ görə cinayətin təhrikçisi kimi məsuliyyət daşıyacağı haqda rəsmi xəbərdarlıq edilib”.
Amma Hafiz Hacıyev Daxili Işlər Nazirliyinə çağırılması və ona xəbərdarlıq olunması barədə deyilənləri təkzib edir. O, “Azadlıq” radiosuna açıqlamasında deyib ki, Əkrəm Əylisli ilə bağlı bir neçə gün əvvəl qəbul etdikləri qərarı ABŞ-ın Azərbaycandakı səfirliyinin bəyanatından və partiyanın Ağsaqqallar Şurasının müraciətindən sonra ləğv ediblər.