Antikorrupsiya əməkdaşları müəllimlərin evlərində də axtarış aparıb
Bakı Dövlət Sosial İqtisad Kollecinin direktoru və daha 3 əməkdaşının həbs edildiyini Baş Prokurorluq da təsdiqləyib. Prokurorluq saxlanan şəxslər barəsində 3 aylıq həbs-qətimkan tədbirinin seçildiyi xəbərini yayıb.
***
Bakı Dövlət Sosial Iqtisad Kollecində əməliyyat tədbiri keçirilməsi barədə ötən gün xəbər vermişdik. Qeyd edək ki, əyinlərində “Korrupsiyaya Qarşı Mübarizə Idarəsi” yazılmış formada bir neçə şəxs kollecin binasına daxil olaraq yoxlamalara başlamışdılar. Əməliyyat zamanı kollecin sənədləri və seyfləri götürülüb.
Kolleclə bağlı yeni məlumatlar daxil olub. Belə ki, kollecin direktoru Mübariz Əhmədov, bacısı oğlu, qiyabi şöbənin müdiri Ilqar Əzizov, şöbənin metodisti Şahin Mirzəhmətov və direktorun Rafiq adlı sürücüsü həbs olunublar. Direktorun maşınından maaş kartları və pullar müsadirə olunub.
Ötən gün Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Idarəsinin əməkdaşları yenidən kollecə baş çəkərək direktorun, şöbə müdirlərinin, bir sözlə, rəhbər heyətdə təmsil olunan müəllimlərin otaqlarını möhürləyiblər.
“Azadlıq”a daxil olan məlumata görə, həbs olunan şəxslərin mənzillərinə də baxış keçirilib. Məlumatı verən qaynaq deyir ki, yoxlama bir məcburi köçkünün müraciəti əsasında başlanılıb. Belə ki, övladı sözügedən məktəbdə oxuyan valideyn imtahanlar zamanı kollecə gələrək uşağına qiymət yazmağı xahiş edib. Bildirib ki, övladı yaxşı oxuyur və imtahandan ondan pul tələb edilməsin. Valideynin yalvarış dolu xahişlərinə diqqət etməyiblər. Sonda o məcbur qalaraq Korrupsiyaya Qarşı Mübarizə Idarəsinə şikayət məktubu ünvanlayıb.
“Direktor Mübariz Mahmudov 20 ildir burada işləyir. Dəfələrlə onunla bağlı yuxarı instansiyalara şikayət edilib. Ancaq heç bir nəticəsi olmayıb. Deyəsən, indi məmurlara çatıb ki, bu kollec rüşvət yuvasıdır. Hər il burada oxuyan tələbələrdən 1 milyon yaxın pul toplanılır”,- deyən qaynaq bildirir ki, olayla bağlı Təhsil Nazirliyində müşavirə keçirilib.