Dustaq gənclərdən ictimaiyyətə müraciət: “Hər bir azərbaycanlı bir qəhrəman olmalıdır”
26 yanvar “İsmayıllıya dəstək” aksiyasında həbs olunan və müvafiq olaraq 13 və 15 sutka həbs cəzası alan AXCP Gənclər Komitəsi sədri Əbülfəz Qurbanlı və yazıçı Emin Milli vəkilləri vasitəsilə ictimaiyyətə məktub göndərib.
Əbülfəz Qurbanlının məktubunda deyilir: “Azərbaycan xalqı haqqında yüksək düşünək. Hakimiyyətin bizdən oğurladığı 2 həftədə “Səfillər”i oxudum. 18-19-cu əsr fransız xalqının cəhalətinin, geridə qalmışlığının şahidi oldum. Onlar öz xalqlarını indiki azad xalq səviyyəsinə inqilablarla, köklü dəyişikliklərlə gətirib çıxardı. Biz də demokratik hərəkatda xalqımızla birlikdə, bu yolla xalqımızı ədalətə və azadlığa qovuşdurmalıyıq. Biz bunu bacaracağıq! Biz birlikdə qələbə çalacağıq!”
Emin Milli isə yazır: “İnanıram ki, həqiqət bir gün parlayacaq. İnqilab 2.0 gəlir. Hər kəs Wael Ghonimin “Revolution 2.0″ kitabını oxusun. Bizə bir lider, bir qəhrəman lazım deyil. Hər bir azərbaycanlı bir qəhrəman və lider olmalıdır. Azərbaycanı azad edən demokratik şəbəkələr, milyonlarla qəhrəmanlar və liderlər olacaq. Revolution 2.0! İnqilab 2.0!”