Mayor Nizami Əliyev deyir ki, ondan 12 min manat pul alan Telman Ağasiyev məsələni ört-basdır etmək üçün sui-qəsdə əl atıb
“Ağdaş rayonunun polis rəisi Telman Ağasiyev məndən aldığı 12 min manatı qaytarmaq istəmir”. Bu sözləri “Azadlıq”a 34 il polis orqanlarından çalışan, hazırda təqaüddə olan, mayor Nizami Əliyev deyib. Nizami Əliyevin sözlərinə görə, Telman Ağasiyev Ağdaşa polis rəisi təyin ediləndə həmin vaxt, o, həmin rayonda yol polisi bölməsinin rəisi vəzifəsində çalışıb: “Bu 2010-cu ildə baş verib. Telman Ağasiyev rəis təyin ediləndə, bütün bölmə rəisləri kimi məni də yanına çağırdı.
Onunla söhbətdən aydın oldu ki, yeni rəisi mənim fəaliyyətimin maddi tərəfi maraqlandırır. Mən onun diqqətinə çatdırdım ki, Ağdaş kiçik rayondur, onu görə də hər şey sizin düşündüyünüz kimi deyil. Rəisin cavabı belə oldu: Sənin vəzifənin qiyməti 60 min manatdır. Bu zaman mən növbəti dəfə onun diqqətinə çatdırdım ki, bu rayonda siz deyən qədər pul qazanmaq sadəcə mümkün deyil. Lakin mənim fikirlərimə, arqumentlərimə əhəmiyyət vermədi”.
Rəisə 12 min manatlıq “hörmət”
Telman Ağasiyevlə qohum olduğunu deyən Nizami Əliyevin sözlərinə görə, o konflikti dərinləşdirməmək üçün yeni rəisə “hörmət” etmək qərarına gəlib: “Telman Ağasiyevin qardaşı mənim bacanağımdır. Həm qohumluq faktorunu, həm də təqaüdə çıxmağıma 7 ay qaldığını nəzərə alaraq, düşündüm ki, vəziyyəti dramatikləşdirməyə ehtiyac yoxdur. Telman Ağasiyevin rəis təyin edilməsinin 4-cü günü Evimdən 5 min manat pul götürüb, rəisin yanına girdim və pulu qarşısına qoydum. O, soruşdu ki, nə qədərdir. Mən də məbləği dedim. Cavabı belə oldu ki, bu nə puldur, verirsənsə, yaxşı pul ver. Mən bir daha dedim ki, burada siz düşündüyünüz kimi deyil, özünüz də işləyib görərsiniz. Amma məni eşitmək istəmədi və pulu da götürmədi. Mən növbəti dəfə 8 min manat gətirdim. Bu dəfə də məbləği soruşdu və biləndən sonra ki, 8 min manatdır, götürdü, amma könülsüz götürdü. Mən dərhal bunu sezdim və bildirdim ki, xırda alacaqlarım var, onları da alıb yenə də sizə də ”dəyərəm”.
Nizami Əliyev Telman Ağasiyevə bundan sonra da 4 min manat verib. Sabiq polis əməkdaşı bildirir ki, rəisə pul verməsinin şahidləri də var: “Şahidlərdən biri mənim müavinim Mülhəm Məmmədovdur. Mülhəm Məmmədovun pulu rəisə verdiyimi təsdiq edən səs yazısı da var. Digər şahid Telman Ağasiyevin qardaşı, mənim bacanağımdır. Çünki 4 min manatın 2 min manatını mən ondan almışdım. Daha doğrusu, bacanağımın mənə borcu var idi. Övladımın doğum günündə bizə gəlmişdi və orada borcunu verdi. Mən də bildirdim ki, yaxşı oldu, üstünə 2 min manat qoyub Telmana verərəm. Bacanağım və baldızım bunu eşidəndə əsəbiləşdilər və dedilər ki, axı sən ona 8 min manat vermisən, niyə o belə edir?!”
Kompleks yoxlama, yoxsa axtarış?
Nizami Əliyev yeni rəisə 12 min manat versə də, nəticəsi olmayıb. Onun sözlərinə görə, Telman Ağasiyev şöbəyə yoxlama dəvət edib: “Kompleks yoxlama gətirmişdi şöbəyə. Mənim bölməmi Elxan Vəliyev yoxlayırdı. Lakin mən təcrübəli polis işçisi müşahidə etdim ki, bu yoxlama yox, axtarışdı. Sanki bir cinayəkarın evində axtarış aparılırdı. Elxan Vəliyev mənim stolumun siyirmələrini, otaqdakı divanın altını axtarır və orada nə varsa, çıxarıb masanın üzərinə qoyurdu. Mən 34 il polisdə işləmişəm belə yoxlama görməmişəm. Mən dözmədim və Elxan Əliyevə bildirdim ki, açıq desin nə istəyir. O da cavab verdi ki, sən getməlisən”.
Yoxlama zamanı heç bir ciddi nöqsan tapılmayıb. Lakin Nizami Əliyevə təzyiqlər də səngiməyib: “Təsəvvür edin, Elxan Vəliyev Bakıya qayıdandan sonra telefonla da yoxlama aparırdı. Çünki onun yazdıqları mənim işdən çıxarılmağım üçün əsas ola bilməzdi. Mən gördüm ki, artıq mənə işləməyə imkan vermirlər, raport yazaraq işdən çıxdım”.
Rəisin sui-qəsd planı
Nizami Əliyev işdən çıxdıqdan sonra Telman Ağasiyev onun təqaüdünə problem yaradıb: “Cənab Ramil Usubovun əmrinə əsasən 15 gün müddətində mənim əmək haqqımla bağlı hesabat DIN-in maliyyə-plan idarəsinə təqdim edilməli idi. Lakin Telman Ağasiyev bu hesabatı vermirdi. Təsəvvür edin, mən yay aylarında işdən çıxmışdım, həmin hesabat isə Maliyyə-Plan Idarəsinin rəisi tərəfindən şəxsən Telman Ağasiyevə müraciət edildikdən sonra oktyabr ayında müvafiq idarəyə təqdim edildi”.
Telman Ağasiyev daha sonra Nizami Əliyevi məhkəməyə verib: “Mən ona məktub yazdım ki, verdiyim 12 min manatı qaytar. O, isə DIN-ə müraciət edib ki, guya mən ona böhtan atıram. Məni bununla bağlı DIN-in daxili təhqiqatlar idarəsinə çağırdılar. Orada izahatımı aldılar və mən də hər şeyi olduğu kimi yazdım. Bir neçə aydan sonra mənə bildirdilər ki, fakt təsdiqini tapmadı. Lakin hələ də qərarı ala bilmirəm.
Sonra Telman Ağasiyev məni məhkəməyə verdi. Guya mən ona böhtan ataraq şərəfə ləyaqətini alçaltmışam. Ağdam rayon Məhkəməsi onun iddiasını təmin etdi və mənə 1000 manat təzminat kəsdi. Gəncə Apellyasiya Məhkəməsi bu təzminatı 500 manata endirdi. Hazırda iş Ali Məhkəmədədir. Eyni zamanda mən pulla bağlı Yasamal məhkəməsində iddia qaldırdım. Lakin Telman Ağasiyev məhkəməyə gəlmədi. Pul məsələsinin üstünə düşməyim onu bərk narahat edib. Bu işi qapatmaq üçün ən ağlagəlməz üsullara əl atır”.
Sabiq polis əməkdaşının sözlərinə görə, rəis “12 min manat qalmaqalı”nın ört-basdır etmək üçün hətta onu aradan götürmək istəyib: “Ağdaşdakı evimin darvazısına yüksək gərginlikli elektrik naqili qoşdurub. Məqsədi bu olub ki, qapını açanda məni tok vursun. Sırf təsadüf nəticəsində bu sui-qəsd planının üstü açılıb”.
Sona qədər haqqımı müdafiə edəcəm
Nizami Əliyev bildirib ki, o, haqqını qorumaq üçün sona qədər mübarizə aparacaq: “Mən geri çəkilmək niyyətində deyiləm. Çünki haqlıyam. Indiyə qədər heç kimə böhtan atmamışam. Məni tanıyanlar bunu təsdiq edə bilər. Azərbaycanın bütövlüyü uğrunda vuruşmuşam, dövlətimi, millətimi sevən adamam. Heç bir partiyanın üzvü deyiləm, olmamışam. Sizin qəzetinizə ona görə müraciət etmək qərarına gəldim ki, ”Azadlıq” populyar mətbuat orqanıdır, həmçinin haqqı yazan nəşrdir. Düşünürəm ki, DIN-in rəhbərliyi mənim fikirlərimi oxuyub, həqiqətdən agah olar. Telman Ağasiyev tərəfindən mənə qarşı çox böyük haqsızlıq edilib. Mən bunu ona bağışlamaq niyyətində deyiləm. Hətta ailə üzvlərim mənə dedi ki, bu məsələni ictimailəşdirmə. Lakin mən bildirdim ki, məni tanıyanlar bilir ki, heç kimə şər atan, şantajçı adam deyiləm. Mən haqqımı müdafiə edirəm və sona qədər müdafiə edəcəm”.
Sonda qeyd edək ki, Nizami Əliyev əlində olan bütün sənədləri və sübutları da redaksiyamıza təqdim edib. Bununla belə qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Namiq